Azərbaycan Qafqazda aparıcı dövlət və əsas söz sahibidir - Israfil Kərimovun yazısı

13-05-2024, 00:10           
Azərbaycan Qafqazda aparıcı dövlət və əsas söz sahibidir
May ayının 10-da Qarabağın taçı Şuşa şəhərində keçirilən növbəti tarixi hadisəyə şahidlik etdik. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
Əlamətdar hadisədir ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Dövlətimizin başçısı və birinci xanım Şuşaya ilk köç edən ailələrlə görüşərək onlara mənzillərin açarlarını təqdim ediblər. Görüş zamanı ölkə başçısı çıxış edərək bir sıra məqamlara toxunub və mühüm mesaclar verib.
Vurğulanıb ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. “Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik”, - deyən dövlətimizin başçısı xatırladıb ki, bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.
Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad ediblər.
Ötən il həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan tarixi, torpaqları işğalçılardan azad edildi. bu da dövlətimizin gücünü və siyasi iradəsini göstərdi. Ərazi bütövlüyümüz bərpa edilərək Xankəndi, Xocalı, Xocəvənd, Ağdərə, Əsgəranda Azərbaycanın Dövlət Bayrağı dalğalandırıldı.
Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib ki, “bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük”. Şuşada çox genişmiqyaslı quruculuq işlərinin getdiyini, yaşayış komplekslərinin inşa olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”.
Hazırda Şuşada genişmiqyaslı quruculuq işləri gedir, böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Hazırda yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir.
Qeyd edilməlidir ki, Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılıb. Vaqifin məqbərəsi yenidən qurulub və onun əzəli görkəmi qaytarılıb. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı olub. İndi Çöl Qala məscidində bərpa işləri başlanılıb. Eyni zamanda Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Bu gün Şuşa şəhərində artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyulub. Həmçinin dahi Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Dörülən quruculuq işlərinin sürəti və həcmi artırılır.
Ölkə başçısı öz çıxışında bir sıra məqamlara da toxunub. Qeyd edib ki, bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir. Dövlətimizin başçısı deyib ki, “həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar”.
Dövlətimizin başçısı deyib ki, “Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.
“Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşündə xüsusi olaraq vurğulayıb ki, “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.