Nikaraqua 10 il sonra iki okeanı birləşdirəcək kanal planını ləğv etdi

12-05-2024, 10:54           
Nikaraqua 10 il sonra iki okeanı birləşdirəcək kanal planını ləğv etdi
Atlantik və Sakit okeanı birləşdirən kanalın tikintisinə dair mübahisəli planın təməlini qoyduqdan təxminən on il sonra, Nikaraqua hökuməti tənqidçilərin ətraf mühitə təhlükə yaradacağını və kənd icmalarını sıxışdıracağını söylədiyi layihəni başa çatdırmaq üçün çinli bir iş adamına verilən konsessiyası müqaviləsini ləğv edib.

“The Guardian” xəbər verir ki, 2014-cü ildə simvolik təməl atılmasına baxmayaraq, Nikaraquanın Atlantik və Sakit okean sahillərini birləşdirəcək kanalda heç bir iş görülməyib.

Minlərlə nikaraqualı fermer hökumətin dəstəklədiyi layihə üçün marşrut yaratmaq məqsədilə torpaqların zəbt edilməsinə etiraz etmişdi.

2019-cu ildə Nikaraqua məhkəməsi etirazlarda iştirak edən üç fermer liderini 216 il, 210 il və 159 il həbs cəzasına məhkum edib. Onlar hökumətə qarşı “uğursuz çevrilişə” kömək etməkdə ittiham olunub. Nikaraqua qanunlarına görə, bu Mərkəzi Amerika ölkəsində faktiki olaraq çəkilən həbs müddəti 30 il ilə məhdudlaşır.

Mərkəzi Amerika ölkəsi boyunca 278 km (172 mil) uzanan 50 milyard ABŞ dolları dəyərində olan bu kanal layihəsi ilk olaraq zarafat kimi qəbul olunsa da, sonradan tam ciddi qəbul edildi. Kanal və onun ətraf mühitə potensial təsiri Prezident Daniel Orteqanın getdikcə artan repressiv rejiminin qəribə və özbaşına təbiətinin simvolu olub.

Orteqa hökuməti kanalın on minlərlə iş yeri yaradacağını və iqtisadiyyatı stimullaşdıracağını deyirdi. Tənqidçilər bunun ciddi ekoloji risklər yaratdığını, minlərlə ailəni kənd yerlərindən didərgin salacağını və maliyyə cəhətdən mümkünsüz olduğunu iddia edirdi.

Bu plandan narazılıq, Orteqa hökuməti tərəfindən ictimai narazılığın artmasının ilk amillərindən biri oldu və 2018-ci ildə hakimiyyət tərəfindən ciddi repressiyalarla nəticələnən kütləvi etirazlara çevrildi.

Kanal Mərkəzi Amerikanın ən böyük gölü olan Nikaraqua gölünü iki hissəyə böləcək və Rama və Kreol icmaları da daxil olmaqla, təxminən 120.000 insanı Karib dənizi sahillərində qorunan yerli ərazilərdən məcburi şəkildə köçürəcəkdi.

Bu, dünyanın ən böyük inşaat mühəndisliyi və tikinti layihələrindən biri olmaqla, Panama kanalını kölgədə qoyacaq, ölkənin ən mühüm şirin su ehtiyatını idarə edəcək və nəsli kəsilməkdə olan 22 növün yaşadığı qorunan təbii ərazilərin məhvinə səbəb olacaqdı.

Kanaldan istifadə üçün 50 illik konsessiya müqaviləsi Honq-Konqda yerləşən çinli iş adamı Van Jinə məxsus “HK Nicaragua Canal Development Investment Compnay” şirkətinə verilmişdi.

Tənqidçilər layihənin həyata keçirilməsini təmin edən qanunvericiliyin qanuni məsləhətləşmələr, ətraf mühitlə bağlı araşdırmalar və ya siyasi müzakirələr olmadan sürətləndirildiyini söyləyib.

Müqaviləni əldə etməmişdən əvvəl Van Jinin inşaat mühəndisliyi sahəsində təcrübəsi yox idi və telekommunikasiya sahəsində sərvət qurmuşdu. Bu sərvətin böyük hissəsi - 85%-i 2015-ci ildə Çin fond bazarı böhranında yoxa çıxıb.

SƏMLA

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.