Bolqarıstan ölkəmizin Avropaya açılan qapısıdır

10-05-2024, 00:00           
Bolqarıstan ölkəmizin Avropaya açılan qapısıdır
Son illər Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri, həmin səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda qlobal əhəmiyyət kəsb edən bir sıra məsələlərdə iki ölkənin maraqlarının və mövqelərinin üst-üstə düşməsi münasibətlərin daha da genişlənməsinə imkan yaradır. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də Azərbaycana növbəti səfəri isə iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə açacaq.
Xatırladaq ki, Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin əsası 1992-ci il iyun ayının 5-də qoyulub. 1999-cu il mayın 28-də Azərbaycan Prezidenti tərəfindən iki ölkə arasında iqtisadi-ictimai və elmi texniki komissiyanın yaradılması haqqında sərəncam imzalanıb. 2004-cü ilin oktyabr ayında Bolqarıstan Prezidenti Georji Pırvanov və onun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində ticari-iqtisadi və elmi-texniki komissiyalarının fəaliyyəti və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, bir sıra vacib sənədlər, o cümlədən iki ölkə arasında investisiyanın təşviqi və qarşılıqlı qorunması haqqında saziş, ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan–Bolqarıstan Hökumətlərarası Komissiyanın ikinci iclasının protokolu, eləcə də ticarət gəmiçiliyi haqqında saziş imzalanıb. Bütün bu sənədlər iki ölkənin iqtisadi münasibətlərinə yeni bir dinamizm gətirib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə bu ölkəyə səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Həmin sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Ötən müddətdə ölkələrimiz arasında 65 sənəd imzalanıb.
Hazırda Bolqarıstanın 15 şirkəti ölkəmizdə fəaliyyət göstərir. Yaxın vaxtlarda isə bu ölkənin “Caspian Lubricants Recycling” şirkəti də Azərbaycan iqtisadiyyatına investisiya yatıracaq. Şirkət Sumqayıt Kimya Sənaye Parkının 2 hektar ərazisində istifadə olunmuş mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının istehsalı layihəsini həyata keçirəcək. Layihənin investisiya dəyəri 13,1 milyon manat təşkil edir. Müəssisədə 54 nəfərlik daimi iş yeri yaradılacaq. Burada istehsal olunacaq məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixracı da nəzərdə tutulur. Xatırladaq ki, artıq İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Bolqarıstan şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olması ilə əlaqar şəhadətnamə də təqdim edilib.
Yeri gəlmişkən, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun bildirdiyinə görə, iki ölkə arasında olan əməkdaşlıq ənənəvi ticarət və investisiya fəaliyyətlərindən kənara çıxır. Belə ki, Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvinninq layihəsində birgə iştirak ediblər. Bu da ölkələrimizin müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyini nümayiş etdirir.
Bütövlükdə isə, ötən illər ərzində Azərbaycanla Bolqarıstan arasında iqtisadi əlaqələr dinamik şəkildə artıb. Elə ötən müddətdə Bolqarıstanın Avropa məkanında ölkəmizin əsas ticarət tərəfdaşına çevrilməsi də bunu təsdiqləyir. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi vur-tut 15, 9 milyon ABŞ dolları təşkil etdiyi halda, 2023-cü ildə bu göstərici dəfələrələ artaraq 510 milyon dolları ötüb. Eyni zamanda ötən il aparılmış idxal-ixrac əməliyyatlarında ölkəmiz 453 milyon dollara yaxın müsbət saldo əldə edib. Bir maraqlı məqam da ondan ibarətdir ki, 2022-ci ildə Azərbaycanın dünya ölkələri arasında 28-ci xarici ticarət tərəfdaşı olan Bolqarıstan bir il sonra bu göstərici üzrə 18-ci olub.
2024-cü ilin birinci rübündə isə qarşılıqlı ticarət təxminən dörd dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb. Hesabat dövründə Azərbaycan Bolqarıstana 146 milyon dollarlıq ixrac həyata keçirib. Beləliklə, bu ölkə Azərbaycanın “TOP10” ixrac bazarı sırasına daxil olub.
Məlum olduğu kimi, Azərbaycan hazırda “köhnə qitə” nin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Bu səbəbdən də ölkəmiz Avropa məkanında etibarlı enerji müttəfiqi kimi tanınır. Bu da Azərbaycanın bir sıra Avropa ölkələri ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Hazırda Bolqarıstan da özünün xarici siyasətində Cənubi Qafqaz regionunda lider olan Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. 2020-ci il dekabrın sonlarında Trans-Adriatik Boru Kəmərinin istifadəyə verilməsindən sonra Şərqi Avropanın bir sıra ölkələri kimi, Bolqarıstan da Azərbaycan qazının əsas alıcılarından birinə çevrilib. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri Balkan regionundan–Yunanıstan və Albaniyadan keçir. 2022-ci ildə Yunanıstan–Bolqarıstan birləşdirici qaz kəmərinin (interkonnektor) istifadəyə verilməsi “mavi yanacağ”ın bu ölkəyə nəqlinə imkan yaradıb. Avropa İttifaqı Statistika İdarəsinin (Avrostat) məlumatına görə, 2023-cü ildə Bolqarıstan Azərbaycandan rekord həcmdə – 311,5 milyon avro dəyərində 37,7 min teracoul təbii qaz idxal edib. Bu da 2022-ci illə müqayisədə 58 faiz çoxdur.
Göründüyü kimi, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində əhəmiyyətli rol oynayır. Bununla yanaşı, energetika sahəsində strateji tərəfdaşımız olan Bolqarıstan Cənub Qaz Dəhlizinin də fəal üzvüdür. Dost ölkə Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında, bir qayda olaraq, yüksək səviyyədə təmsil olunur.
Bütün bunlarla yanaşı, Azərbaycan Bolqarıstanla bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsini və möhkəmlənməsini daim diqqətdə saxlayır. Bunun nəticəsidir ki, hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və əczaçılığın inkişafı istiqamətində müxtəlif layihələr gerçəkləşdirilir.
Bolqarıstan Prezidentinin ölkəmizə növbəti səfəri çərçivəsində dövlət başçıları tərəfindən təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə müzakirə olunan məsələlər, eləcə də imzalanmış bir sıra vacib sənədlər, xüsusən də “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” dost və müttəfiq ölkələr arasında bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq.

Metin Hüseynov - siyasi sərhçi, politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.