İnterpola “badalaq” gələn azərbaycanlı kimdir? - Bahar Gəncəlinin Dubay şəbəkəsi
30-03-2016, 11:28
Bir müddət əvvəl qafqaznews.az saytı olaraq, Dubayda məşkunlaşan Bahar Gəncəli adlı xanım barədə bir neçə silsilə yazılar dərc etmişik. Hətta məlumatlarda qeyd olunurdu ki, Bahar Gəncəli Dubayda hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından ibarət dəstə formalaşdıraraq öz şəxsi mənfəəti naminə Azərbaycan hökümətinin marağlarına zidd işlər görüb. Bahar Gəncəli kimdir? Gəncə şəhərində yaşayıb və sonra Dubaya gedərək orda Əhməd adlı polis işçisi ilə ailə qurub. Bahar sonra Dubaydan Bakıya mebel gətirərək, bu bizneslə məşğul olub. Onun Bakıda şəriki “Dəniz Mebel” şirkətinin sahibidir.
Ancaq görünür, mebel biznesindən kifayət qədər gəlir əldə edə bilmədiyi üçün başqa sahələrə də baş vurub. Baharın həyat yoldaşı Əhməd Dubayda rayon polis idarələrinin birində bir müddət şöbə rəisi işləyib və hazırda təqaüdçü ömrünü Dubayda davam etdirir. O, eyni zamanda Dubay polisi ilə “əməkdaşlıq” edir, ətrafında kriminogen mahiyyətli bir dəstə toplayaraq müxtəlif əməllərə baş vurur. Bu dəstə Bakı şəhər BPİ-nin keçmiş rəis muavini, polis polkovniki Cavadağa Sultanovun ətrafında sıx birləşərək, Dubayda cinayət əməlində təqsiriləndirilən şəxslərə havadarlıq edir və Azərbaycan höküməti tərəfindən axtarışa verilən cinayətkarların İnterpola verilməsinə mane olurlar. Məsələn, Dubayda elə azərbaycanlılar yaşayır ki, onlar “İnterpol” tərəfindən axtarılır (Bahar Gəncəli və Cavadağa Sultnaovun əməlləri barədə linklər: 1-ci yazı, 2-ci yazı) .
İnterpol onların yerini müəyyən edəndən sonra onları həbs edib . Azərbaycan hökumətinə təhvil vermək istəyir. Ancaq Bahar və həyat yoldaşı Əhməd Dubay qanunlarına uyğun olaraq müəyyən plan cızıb “İnterpol”un əlindən axtarışda olan şəxsləri ala bilirlər. Həmin planın necə baş verməsini Dubaydakı mənbəmiz bizə izah edib, hətta axtarışda olan və Baharla Əhməd tərəfindən İnterpolun əlindən alınan şəxslərin kim olduqlarını bizə açıqlayıb. Bir sözlə, həmin şəxslər Azərbaycan höküməti tərəfindən axtarışa verilsələr də, onlar Dubayda Baharla Əhmədin girovuna çevriliblər. Həmin şəxslərin bəziləri seçmə insanlar olur. Çünki həmin şəxslər Bakıda imkanlı insanların yaxınlarıdır (əlavə məlumat üçün linkə baxın). Bahara bu işdə yardımçı olan şəxslər onun oğlu Emin İsmayıllı, həyat yoldaşı Əhməd, Cavadağa Sultanov və İlqar Hüseynovdur. Məlumata görə, İlqar Hüseynov Dubayın Şarja şəhərində İŞİD-ə qoşulmağa meyilli olan dəstənin üzvüdür. Həmin dəstə barədə Dubay höküməti altı ay əvvəl məlumat alan kimi, dəstənin 30 nəfər üzvünü deport etmişdi (İlqar Hüseynov barədə əlavə məlumatı burada oxuyun).
Belə ki, Bahar Gəncəlinin özünün və Gəncə şəhərindəki mülklərindən birinin fotosu redaksiyamıza təqdim olunub. Gəncə şəhərində yerləşən Türkiyə səfirliyinin konsulluğunun binası Bahar Gəncəliyə məxsusdur. O, bu villanı boyük vəsaitə Türkiyə konsulluğuna icarəyə verib. Gəncə şəhəri, M.A Abbaszadə küç. 8.A ünvanında yerləşən bu mülkün (Başkonsulluq binasının) kriminal mahiyyətli insanlara məxsus olması sual doğura bilər. Bundan başqa, Bahar Gəncəlinin Hacıkənddə, “Mixaylovka” adlanan ərazidə də bir villası var.
Mənbəmiz qeyd edir: “Bakı ŞBPİ-nin keçmiş rəis muavini Cavadağa Sultanovla Bahar Gəncəlinin Dubaydakı “işbirliyi”nin incə detalları var. C.Sultanov vəzifədən azad olunandan sonra Bakı şəhər prokurorluğu tərəfindən ona qarşı cinayət işi qaldırılır və o rəsmi axtarışa verilir. O vaxtdan da Cavadağa Sultanov Dubayda “lövbər salıb” və Bakıya qayıda bilmir. Amma Dubayda da o öz keçmiş əməllərindən əl çəkmir. Cavadağa Sultanovun bacanağı, uzun illər Gəncə şəhərinin nəqliyyat prokuroru vəzifəsində işləmiş Fazil Hüseynovun oğlu, Bakı ŞBPİ-nin Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş əməliyyat müvəkkili, polis kapitanı İlqar Hüseynov da qohumu ilə Dubayda baş-başa verib qara əməllərə birgə imza atırlar”.
Məlumatda qeyd olunur ki, Bahar Gəncəlini C.Sultanov ilə məhz İlqar Hüseynov tanış edib. İki il əvvəl Dubayda Cavadağa Sultanov həbs olunanda onun azad olunmasında İlqar Hüseynovun vasitəçiliyi ilə Bahar Gəncəlinin böyük rolu olub.
Məlumat üçün bildirək ki, fəaliyyəti dayandırılmış “Royal Bank”ın keçmiş direktoru 29 yaşlı Fuad Cam külli miqdarda mənimsəmədə ittiham olunaraq axtarışa verilib. Bir neçə ölkənin vətəndaşlığını daşıyan F. Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlərarası axtarış elan edilib. Fuad Əli oğlu Camın beynəlxalq axtarışa verilməsi barədə məlumat İnterpolun saytında da yerləşdirilib. Onun atası Əli Cam isə bankın Müşahidə Şurasının sədri olub.
Daxil olan məlumata görə, Fuad Camı Dubayda interpol həbs edib Azərbaycan hökümətinə təhvil verə bilmir. Onlara bu tədbiri keçirib sona çatdırmağa Bahar Gəncəli, həyat yoldaşı Əhməd, oğlu Emin İsmayıllı, İlqar Hüseynov və Cavadağa Sultanov mane olurlar. Dubaydakı mənbədən aldığımız məlumata görə Bahar Gəncəli Fuad Camdan 600 min dollar pul alıb ki, onun İnterpola təhvil verilməsinə mane olsun.
Baharın qurduğu planın mexanizmi ondan ibarətdir ki, Baharın yaxın adamı Dubay polisinə şikayət edir ki, guya Fuad Cam ona 50 min dollar borclu olaraq pulu olmayan pul çeki verib. Həmin çek əsasında Baharın yaxın adamı Dubay polisində Fuad Cama qarşı iş qaldırır ki, interpol onu Dubayda tapıb Azərbaycan hökümətinə təhvil verə bilməsin.
Və interpolun əməkdaşlarına bildirilir ki, Fuad Cam barəsində Dubay polisində cinayət işi açıldığı üçün, o Azərbaycana təhvil verilə bilməz. Bu cür plan əsasında Bahar Gəncəli və onun dəstəsi bir çox şəxslərdən külli miqdarda pul alaraq onların Azərbaycan hökümətinə təhvil verilməsinə mane olurlar.
Başqa sözlə həmin şəxslər Bahar Gəncəlinin dəstəsi tərəfindən Dubayda girov saxlanılır. Dubaydakı mənbəmizin verdiyi məlumata görə bu yaxınlarda Fuad Camla Bahar Gəncəlinin arasında mubahisə düşdüyünə görə, birinci bir həftə Dubay həbsxanasında qalmalı olub. Bahar Gəncəli tərəfindən bu cür cəzalanan digər şəxs isə Xəyal Əliyevdir. Fuad Camdan fərqli olaraq o Bahar Gəncəliyə 100 min dollar pul verib ki, onun da İnterpola təhvil verilməsinə mane olsunlar. Ancaq Xəyal Əliyevin də bu yaxınlarda Bahar Gəncəli və onun həyat yoldaşı Əhmədlə mubahisələri düşüb və buna görə də Xəyal Əliyev də Baharın göstərişi ilə bir həftə həbsxanada qalmalı olub. Qeyd edək ki, Xəyal Əliyev sabiq prezident köməkçisi Tariyel Ağayevin kürəkənidir.
Araşdırmamız davam edir, bizi izləyin.
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az