Aydın Əliyev satirik şeirə görə baş redaktoru və şairi tutdurur - Məhkəmə iddiası

31-03-2016, 11:58           
Aydın Əliyev satirik şeirə görə baş redaktoru və şairi tutdurur - Məhkəmə iddiası
Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev «Təzadlar» qəzetinin 1 mart 2016-cı il tarixli sayında tanınmış satira ustası və jurnalist Məmməd Əfşanın «Gömrükdədir» başlıqlı satirik şeirinə görə həm şairi, həm də qəzetin baş redaktoru Asif Mərzilinin barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal rayon Məhkəməsinə müraciət edib. Şikayət hakim Azər Tağıyevin icraatındadır. Məhkəmənin hazırlıq iclası bu gün (dünən) saat 15:30-a təyin edilmişdi.
Hakim Azər Tağıyev məhkəmə iclasını açıq elan etdikdən sonra şikayətin icraata qəbul edilib-edilməməsinin müzakirə olunduğunu tərəflərə izah etdi. Sonra Gömrük Komitəsinin nümayəndəsi hakimdən şikayətin icraata qəbul edilməsini xahiş etdi.
Barəsində şikayət verilmiş «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili çıxışında dedi:
-Möhtərəm hakim! Təbii ki, qanunvericiliyin tələblərinə daban-dabana zidd olan belə bir şikayət ərizəsi icraata qəbul edilə bilməz. Əvvəla, Azərbaycan Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarını sizə təqdim edirəm. Burada da konkret yazılır ki, Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir…». Dövlət Gömrük Komitəsinin sədri hörmətli Aydın Əliyevin imzaladığı şikayət ərizəsində isə qəzetin 1 mart 2016-cı il tarixli sayında çap olunmuş «Gömrükdədir» satirik şeiri sübut kimi götürülüb. Birincisi, Dövlət Gömrük Komitəsi hüquqi şəxsdir və Komitənin adından xüsusi ittiham qaydasında şikayətin verilməsi qanunvericiliyə qəti surətdə ziddir. Qanunvericilikdə xüsusi ittihamçının konkret şəxs olması göstərilib və o, hansı ifadənin onun barəsində böhtan və təhqir kimi qəbul edildiyini göstərməlidir. Adı çəkilən şeirdə isə nə «Azərbaycan Gömrük Komitəsi», nə də «Aydın Əliyev» ifadəsi vardır. İkincisi, Az. CPM-nin 293.3.1-293.3.7-ci maddələrində konkret göstərilir ki, xüsusi ittihamçı təhqir və böhtan hesab edilən yazının kim tərəfindən yazıldığını göstərməli, bunu sübut etməlidir. Adı çəkilən şeirdə isə imza Məmməd Əfşana məxsusdur, mən Asif Mərziliyə yox… Mən hələ onu demirəm ki, xüsusi ittihamçı heç mənim adımı da ərizəsində düzgün yazmayıb, «Asif Mərzili» əvəzinə, «Akif Mərzili» yazıb, bu isə yenə də qanunvericiliyin tələblərinə ziddir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, qanunvericiliyin tələblərinə zidd olan bir şikayət ərizəsi icraata qəbul edilə bilməz.
Sonra satirik şeirin müəllifi, tannımış şair Məmməd Əfşan çıxış edərək məhkəmədən qanunvericiliyin tələblərinə zidd olan şikayətin icraata qəbul edilməməsinə dair qərar qəbul olunmasını xahiş etdi.
Məhkəmənin hazırlıq iclası aprelin 6-sı, saat 16:00-a təxirə salındı.
***
«Təzadlar»ın baş redaktoru Asif Mərzili Pravdainfo.org-un əməkdaşına Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyevin adından imzalanmış şikayəti absurd hesab etməkdən başqa, həm də şikayətin komitə sədri tərəfindən imzalanmasına şübhə ilə yanaşdığını bildirib:
-Məsələ ondadır ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə bizim hər ikimiz Az. CM-nin 147 və 148-ci maddələrinə tövsif olunan cinayət əməlində ittiham olunuruq və bu maddə ilə cəzalandırılmağımız tələb olunur. Məsələ ondadır ki, qanunvericiliyin tələblərinə görə, xüsusi ittihamçı kokret şəxs olur. Adı çəkilən şeirdə isə Aydın Əliyev adlı ifadə yoxdur. İkincisi, həmin satirik şeirdə (hazırda saytımızda var) Azərbaycan Gömrük Komitəsindən söhbət getmir və mücərrəd gömrük məntəqəsi təsvir olunur. Bu isə qanunvericiliyin tələblərinə uyğun gəlməyən şikayət deməkdir. Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev təcrübəli şəxsdir və inanmıram ki, ən azından qanunvericiliyin həmin tələblərindən xəbərsiz olsun… İkincisi, mənim barəmdə şikayət verilməsi isə lap gülməlidir. Az. CPM-nin 293.3.1-293.3.7-ci maddələrində kokret göstərilir ki, təhqir və böhtan hesab edilən yazını kim yazıb, bu göstərilməlidir. Qeyd etdim, həmin yazının, yəni şeirin müəllifi Məmməd Əfşandır… Bununla belə, həmin şeirdə nə Aydın Əliyevin adı çəkilib, nə də Azərbaycan Gömrük Komitəsinin…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.