Əbülfəs Qarayevin adı qalmaqalda hallanır - İTTİHAM VAR
31-03-2016, 21:38
Bu gün paytaxtın xüsusilə mərkəzə yaxın ərazilərində yerləşən bina və torpaq sahələrinin hər bir kvadrat metrinin necə qiymətli olduğunu hamımız bilirik. Amma bəzən bu kvadrat metrlərə sahib olmaq və yaxud da ən azından onlara sahib duracaq şəxslərin çıxarlarına şərik ola bilmək üstündə insanlar və hətta dövlət qurumları elə haqsızlıqlara yol verir, elə qanun pozuntularına gedirlər ki, istər-istəməz düşünürsən, dəyərmi? Dəyərmi ölkəmizin qanunlarını, vətəndaşlarımızın hüquqlarını pozmağa? Amma hər halda pozanlar var. Həm də kifayət qədər. Bu günlərdə “Bizim Dövr”ə ərizə ilə müraciət etmiş vətəndaş Məsimov Əzim Məmmədcan oğlu da məhz növbəti belə bir haqsızlıqdan bəhs edir. Bəri başdan bir məqamı qeyd edək ki, “Savalan” kiçik müəssisəsinin direktoru olan Əzim Məsimov öz ərizəsində irəli sürdüyü ittiham və iddiaları konkret dəlil və faktlarla əsaslandırmaq üçün redaksiyamıza kifayət qədər rəsmi sənədlər, o cümlədən müəssisə balans sənədləri, sahənin baş plan çertyoju, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamlarını, müxtəlif instansiya məhkəmə qətnamə və qərarlarını, hətta nazir tərəfindən imzalanmış məktubun surətini də təqdim etmişdir. Lakin biz (hələlik) bütün təfərrüatların dərinliyinə varmadan, məsələnin əsas mahiyyətini təqdim etməyə çalışacağıq. Ümid edirik ki, bu süni şəkildə yaradılmış problemi ictimailəşdirməklə müvafiq instansiyaların diqqətini ona cəlb etməyə və bu yolla da həmin problemin öz həllini tapmasına nail ola biləcəyik.[left][/left]
Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, Bakı şəhəri, Vidadi küçəsində yerləşən 183№-li, ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1992-cı il 15 dekabr tarixli, 2148 №-li sərəncamı ilə “Savalan” kiçik müəssisəsinin balansına (mülkiyyətinə) verilmişdir. Bu sərəncama əsasən Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi binanın texniki pasportunu, eləcə də ev sahibliyinin kartoçkasını, onun istismarı vəsiqələrinin sxemini təsdiq edərək adı keçən müəssisəyə təqdim etmişdir. Həmin sənədlərə əsasən bu binanın ümumi tikinti sahəsi 423,9 kv.m həcmi isə, 2613 kub.m olmuşdur. Sonradan, müəssisənin binada əlavə təmir işləri aparması ilə əlaqədar onun yeni çertyojuna görə sahəsi 592 kv.m olmuşdur. Bina “Savalan” KM-nin mülkiyyətinə verildikdən sonra, müəssisə orada yenidənqurma işləri aparmış, binadan istifadə etməklə ona sahiblik etmişdir. Binaya mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq “Savalan” KM-in müvafiq qeydiyyat vəsiqəsinin verilməsinə dair müəssisə Azərbaycan Respublikasə İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişdir. Lakin, həmin dövrdə Fərhad Əliyevin rəhbərlik etdiyi bu nazirlik müvafiq qanuni əsas göstərmədən binanın dövlət reystrində qeydə alınıb, mülkiyyət vəsiqəsinin verilməsindən yayınmışdır. Bununla əlaqədar, “Savalan” KM tərəfindən 2004-cü ildə Nəsimi rayon Məhkəməsində iddia qaldırılmış və nəticədə məhkəmə tərəfindən belə bir qətnamə qəbul olunmuşdur ki, “Savalan” KM-nin Vidadi küçəsində yerləşən 183№-li, ikimərtəbəli bina üzərində mülkiyyət hüquqları tanınmalı və Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən müvafiq sənədlər hazırlanıb təqdim olunsun. Amma bu məhkəmə araşdırması heç də sonuncu olmadı. Bir qədər sonra İqtisadi İnkişaf Nazirliyinin qanunsuz hərəkətindən məhkəməyə verilmiş növbəti şikayət əsasında işə baxılarkən məlum olur ki, Nazirliyin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti S.Vurğun küçəsində yerləşən 25 №-li binanı “Elgənc” MMC-yə sataraq 01.03.2005-ci il tarixli 004711 №-li şəhadətnamə ilə onun mülkiyyətinə vermişdir. Mülkiyyət haqqında şəhadətnamədə “Elgənc” MMC-yə verilmiş qeyri-yaşayış sahəsinin ölçüsü 2941,6 kv.m, ünvanı S.Vurğun küçəsi, 25 göstərilmişdir. Elə “Savalan” KM-nin bu günə qədər davam edən problemlərinin də kökündə məhz “Elgənc” MMC şirkəti ilə maraqlarında yaranmış ziddiyyət durur. Məsələ bundadır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 04.03.2005-ci il tarixli sərəncamı ilə S.Vurğun küçəsindəki 25 №-li bina, həmin ünvandakı qeyri-yaşayış sahəsinə bitişik, Vidadi küçəsi, 183 ünvanında yerləşmiş və “Savalan” KM-ə məxsus olan bina, eləcə də D.Əliyeva küçəsində yerləşmiş tikililər də daxil olmaqla 1945 kv.m torpaq sahəsi də əlavə edilməklə ümumilikdə 3145,4 kv.m torpaq sahəsində təzə binanın tikilməsinə “Elgənc” MMC-yə razılıq verilmişdir. Amma hansı şərtlərlə?
Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin rəisinin 13.03.2008-ci il tarixli 18/03-8/1236 №-li məktubunda konkret olaraq göstərilir ki, Vidadi küçəsi 183 №-li ünvanda olmuş bina məhz həmin tikinti üçün “Elgənc” MMC-yə verilmiş 3145,4 kv.m torpaq sahəsinin daxili hududlarında yerləşirdi. Həmin məktubda, eləcə də sərəncamın 27,2-ci bəndində bilavasitə qeyd edilir: “Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən “Elgənc” MMC tərəfindən həll edilsin”. Lakin “Elgənc” MMC həm qanunun və həm də sərəncamın bütün tələblərini pozaraq, sözü gedən binanı tamamilə sökməklə “Savalan” KM-nə külli miqdarda ziyan vurmuşdur. Həmin bina “Savalan” KM tərəfindən 850 min ABŞ dolları dəyərində qiymətləndirilərək, bu ziyanın əvəzinin Azərbaycan Respublikası MM-in 21 və 157-ci maddələrinə müvafiq olaraq “Elgənc” MMC-dən tutulması tələbi irəli sürülmüşdür. “Savalan” KM-nin müvafiq iddia ərizəsi ilə müraciət etdiyi Səbail rayon Məhkəməsində isə, 03 iyul 2008-ci il tarixində iddianın qismən təmin olunmasına dair qətnamə qəbul olunmuşdur. Həmin qətnaməyə əsasən “Elgənc” MMC-dən 423 900 (dörd yüz iyirmi üç min doqquz yüz) manat məbləğində pulun tutularaq “Savalan” KM-nə ödənilməsi barədə qərar verilmişdir. Lakin bu qərar icra olunmamışdır. Əksinə, qarşı tərəf apellyasiya məhkəməsinə müraciət edərək, birinci
instansiya məhkəmə qərarının ləğvinə də nail ola bilmişdir. Təbii ki, məhkəmə çəkişmələri indinin özündə də bitməyib.
Amma bu arada “Elgənc” MMC-nin rəhbərliyinin insanların haqqını belə rahatlıqla “yeməyə” necə nail ola bilməsi məsələsi də müəyyən qədər maraq doğurur. Ümumiyyətlə, bütün bu hadisələrin gedişində “Elgənc” MMC-nin hərəkətlərində bir özünə arxayınlıq, işlərində isə bir rəvanlıq, problemsizlik diqqəti cəlb edir. Məsələn, götürək elə İqtisadi İnkişaf Nazirliyi ilə bağlı məqamları. Bütün qanuni sənədlərinin tam qaydasında olmasına baxmayaraq, “Savalan” KM faktiki olaraq mülkiyyətinə verilmiş binanın bu nazirlik tərəfindən sənədləşdirilməsinə nail ola bilmədi. Amma “Elgənc” MMC həmin nazirliklə heç bir problem yaşamadı. Səbəb?
Bir qədər yuxarıda biz Əzim Məsimov tərəfindən redaksiyamıza təqdim olunmuş sənədlər arasında nazir tərəfindən imzalanmış iki məktubun surətlərinin də olduğunu qeyd etmişdik. Məsələ bundadır ki, biri 2004-cü ilin 26 noyabr tarixində, digəri isə elə həmin ilin 08 dekabr tarixində tərtib olunmuş hər iki məktub İqtisadi İnkişaf Naziri Fərhad Əliyevə ünvanlanmış və hər ikisi də o zaman Gənclər, İdman və Turizm Naziri olmuş cənab Əbülfəs Qarayev tərəfindən imzalanmışdır. Həmin məktublarda Əbülfəs Qarayev bildirir ki, S.Vurğun küçəsi, 25 ünvanında yerləşən Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin binası istismara yararsız haldadır. Eyni zamanda da qeyd olunur ki, “Gənclik” MTK şirkəti kollec üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ərazisində yeni bina tikib təhvil vermək şərtilə, S.Vurğun küçəsi, 25 ünvanında yerləşən binanın ona verilməsi təklifi ilə nazirliyə müraciət etmişdir. Beləliklə, birinci məktubda Gənclər, İdman və Turizm Naziri İqtisadi İnkişaf Nazirindən bu məsələnin müsbət həlli barədə xahiş edir, ikinci məktubda isə, artıq həmin binanın özəlləşdirilməsinə etiraz etmədiyini bildirir. Yeri gəlmişkən, İdman Akademiyasının ərazisində indiyədək hələ də kollec üçün heç bir yeni bina inşa olunmayıb. Vəssəlam. Yəqin ki, “Gənclik” MTK ilə “Elgənc” MMC arasında hansısa ilişiklərin aşkarlanmasına vaxt sərf etməyə belə ehtiyacın olmadığı hamıya aydındır. Bu da aydındır ki, məhz bu iki məktub “Elgənc” MMC-nin İqtisadi İnkişaf Nazirliyi ilə bütün məsələlərinin tez və problemsiz həll edə bilməsində əsas rol oynamışdır. “Savalan” KM isə, məhz belə bir himayədən məhrum olduğuna görə, bu gün də öz halal pulunu geri ala bilmir.
Qeyd etmək vacibdir ki, Bakı şəhər İcra Hakimiyyətinin məlum sərəncamı ilə Vidadi küçəsi, 183 ünvanındakı bina “Savalan” KM-in balansına (sahibliyinə) verildikdən sonra, iddiaçı həmin dövrdə bu binanın yaxşılaşdırması üçün 120.000 ABŞ dollarından çox vəsait sərf etmişdir. Bu məbləğ isə, hazırkı devalvasiya əmsalı ilə artıq bir neçə dəfədən artmalıdır. Buna baxmayaraq, sökülmüş binanın sahəsi 592 kv.m olduğuna görə “Savalan” KM hazırki bazar qiymətindən də az olmaqla, dəymiş ziyanın əvəzini hər kv.m üçün 1000 manat müəyyən edilərək cavabdeh “Elgənc” MMC-dən tutulmasını tələb edir. Amma hələ ki, onun bu tələbi də təmin olunmur.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.