Vergilər Nazirliyi əməkdaşı Altes Group-dan 1 milyon tələb edir
2-04-2016, 14:47
Vergilər Nazirliyinin əməkdaşı Vüqar Namazov Nur İnsaat (Altes Group) şirkətinin rəsmilərindən 1 milyon 200 min manat pul tələb edir.
V.Namazov 2014-cü ildə şirkətə daxil olan Yasamal rayonu, B.Bağırov küçəsində yerləşən Emerald Palace yaşayış kompleksində tikilini icarələyib. Həmin tikilidə VITR Fitnes adlı klub açıb. Vergilər Nazirliyinin İstintaq Şöbəsinin mühafizə xidmətində çalışan V.Namazov tələbinin təmin olunması üçün əlindən gələni edir.
Qanunsuz tələbinin təmin olunması üçün V.Namazov tikinti şirkətinin sahibi olan prezident İlham Əliyevin əmisi oğlu Fərid Əliyevin bir müddət əvvəl ifşa olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovla “əlaqələri” haqda mətbuata yalan, heç bir əsası olmayan xəbərlər ötürməkdən də çəkinmir. V.Namazovun banklara 600 min manat borcu var. Bütün bu oyunlar 2014-cü ildə başlayıb. Nur İnşaat şirkətinin direktoru, Böyük Britaniya vətəndaşı Rüstəm Abdullayev Vüqar Namazovun adamı olan Ceyhun Vəliyevlə müqavilə bağlayıb. Həmin müqaviləyə görə Namazov 2014-cü ilin sentyabrından 2019-cu ilin sentyabrına qədər hər ay kirayələdiyi tikiliyə görə 9 min manat icarə haqqı vermə öhdəliyini üzərinə götürüb. İcarəyə verənlə müqavilə bağlanarkən bütün danışıqları Vüqar Namazov şəxsən aparıb. Şərtləri razılaşdırılandan sonra isə müqaviləni formal olaraq Namazovun adamı Ceyhun Vəliyev imzalayıb.Sonradan isə Namzov müqaviləni həyat yoldaşının adına rəsmiləşdirib. Bütün bunlar tikilidə fəaliyyətə başlamış fitness klubun sahibinin şəxsən Vüqar Namazovun olduğunu deməyə əsas verir. Həmin tikilini V.Namazova icarəyə verəndə Fərid Əliyev, Rüstəm Abdullayev onun Vergilər Nazirliyinin əməkdaşı olmasını bilməyiblər. V.Namazovun özü də bu haqda danışmayıb, hər yerdə özünü idmançı kimi təqdim edib. Bunu ona görə edib ki, qanuna görə onun dövlət qrumunun əməkdaşı olaraq bizneslə məşğul olması yasaqdır. Rüstəm Abdullayevin deyir ki, tikilini V.Namazova icarəyə verdikdən az sonra onun icarə haqqı vermək fikrində olmadığını yəqinləşdiriblər: “2014-cü ilin mayında bizə müraciət edərək ona tikilini icarəyə verməyimizi xahiş etdi. O vaxt özünü idmançı kimi təqdim edirdi. Deyirdi ki, özünün biznesini yaratmaq istəyir, icarə haqqını da vaxtında ödəyəcəyini vəd edirdi. Müqavilənin şərtlərinə görə o, 2015-ci ilin oktyabrına qədər tikilinin təmirini yekunlaşdırmalı idi. Lakin o, təmiri yekunlaşdıra bilmədi. Biz ona təmiri yekunlaşdırmaq üçün əlavə 3 ay verdik. Ondan 3 ay icarə haqqı istəmədik”.
Bu müddət ötəndən sonra da V.Namazov icarı haqqını ödəməyib. Bunu təmir xərcləi ilə əlaqələndirib. Bu isə müqavilə şərtlərinə zidd olub. Nəhayət 2015-ci ilin iyun ayından icarə verən tərəf V.Namazovdan icarə haqqını qəpik-qəpik də olsa almağa başlayıblar. Sonrakı 6 ay ərzində V.Namazovun icarə verənlərə 54 min manat borcu yaranıb. Halbuki həmin müddət ərzində V.Namazovun fitness klubunda 1200 nəfər müştərisi olub. Həmin müştərilən hər ay üçün ona 80 manat pul ödəyiblər. Yəni V.Namazovun 96 min manat gəliri olduğu halda o, icarə haqqını yarımçıq ödəyib. R.Abdullayevin sözlərinə görə V.Namazovun ayrı-ayrı banklara 600 min manat borcu var: “bütün baş verənlərdən belə nəticəyə gəlirəm ki, Vüqar Namazov bütün yalanları və doğruları ilə məhz banklara olan borclarını ödəmək üçün 1 milyon 200 min manat tələb edir. Bizə də deyir ki, guya tikilidə təmirə məhz 1 milyon 200 min manat ödəyib. O, yalan danışır. Mən həmin tikilidəki təmirə nə qədər pul xərclənməsini müəyyən etmək üçün audit təyin etməyə hazıram. Ora maksimum 200 min manat pul xərclənib. Həmin pulu da ödəməyə hazırıq. Təki icarə müqaviləsinin şərtlərinə əməl etməyən bu şəxs tikilini boşaltsın. Üstəlik müqavilənin şərtlərinə görə bizim birtərəfli qaydada müqaviləni ləğv etmək səlahiyyətimiz var.
R.Abdullayevin sözlərindən aydın olur ki, biznesmen – Vergilər Nazirliyinin işçisi təkcə icarə haqqını deyil, fitness klubda istifadə edilən elektrik enerjisinin haqqını da ödəməyib: “Şirkətin həmin ərazdə 3 binası yerləşir. Hər bir bina 123 kilovatt –saat enerji istifadə edir. Vüqar Namazovun təkcə fitness-klubu 120 kilovatt-saat enerji istifadə edib. Biz ona bir müddət həmin enerjini istifadə etməyə icazə vermişdik. Çünki həmin vaxt oradakı binalarda sakinlər az yaşayırdı. Binada quruşdırılan 6 liftdən 3-ü işləyirdi. Fitness klubda sauna, çoxlu sayda trenajorlar, qızdırıcı sistem var. Ona görə də fitness klubun elektrik enerjisinə görə 17 min manat borcu yaranmışdı. Bu səbəbdən də “Bakıelektrikşəbəkə” binaya enerji verilməsini dayandırmaqla bizi fakt qarşısında qoydu. Vüqar Namazovun günahı üzündən bütün bina sahibləri işiqsız qalmışdılar. Biz isə binanın sahibləri məsələni belə qoya bilməzdik. Ona görə də özü cibimizdən Vüqar Namazovun “Bakıelektrikşəbəkə”yə olan borcunu ödəyib sakinləri fasiləsiz elektrik enerjisi ilə təmin etdik”.
Lakin bu da Namazovu dayandırmayıb. O, elektrik enerjisi kəsiləndən sonra fitness klubun fəaliyyətini davam etdirmək üçün əraziyə generator gətirdərək quraşdırıb. Klubun qızdırılmasını, trenajorların işləməsini təmin edən Namazov bina sakinlərinin onun borcuna görə işıqsız qalmalarını “unudub”.
Şirkətin direktoru deyir ki, V.Namazov 6 ay fitness klubdan gəlir əldə etsə də, VÖEN-siz faəliyyət göstərib, bununla da Vergilər Nazirliyinin işçisi vergi ödəməkdən yayınıb. Şirkət onu müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə məhkəməyə verdikdən sonra isə fitness klubu həyat yoldaşının adına rəsmiləşdirib. Başqa sözlə desək, Vergilər Nazirliyinin işçisi qanunsuz sahibkarlıqla məşğul olub. Bu isə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə barəsində cinayət işi başlamasına əsas yaradır. Şirkət V.Namazovu məhkəməyə verənən sonra o, daha artıq inadkarlıq göstərməyə başlayıb. Şirkət rəhbərliyinə bildirib ki, mətbuat üzərindən onları biabır edəcək. Hətta Altes Azerbaycan-in facebook sosial şəbəkəsində saxta səhifəsini yaradaraq orada V.Namazovun barəsində hər cür yalan, böhtan məlumatlar yerləşdirməkdən çəkinmir. R.Abdullayevin Eldar Mahmudovla “əlaqələri” haqda yalan məlumatlar yazaraq yaymaqla Altes Group-un işgüzar nüfuzuna zərbə vurmaqda davam edir.
Bu ilin martında isə Rüstəm Abdullayev və Fərid Əliyev Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət ediblər. Həmin ərizədə qeyd ediblər ki, V.Namazov onlara bildirib ki, əgər onun fitness klubunu tikilidən çıxarmağa cəhd etsə, tikilinin binasını sökəcək. Polis rəisi İsfəndiyar Mehbalıyevdən xahiş ediblər ki, V.Namazovla yanaşı ona qanunsuz əməllərində dəstək verən Saleh Nəsirovu da cəzalandırsınlar. Bundan başqa Nur İnşaat məhkəməyə müraciət edərək Vüqar Namazovun müqavilə şərtlərinə əməl etmədiyinə görə tikilini boşaltması iddiası ilə çıxış edib. Məhkəmə borca görə tikiliyə həbs qoyub. Buna baxmayaraq məhkəmə qərarı Namazova tikilini tərk etməsi üçün kifayət etmir.
“Namazov heç bir qanuni addımı saymır. O, sadəcə normal məntiqdən uzaq qərarlar verir” deyə Abdullayev bildirir. Baş verənlər haqda Vergilər Nazirliyinin İstintaq İdarəsinin rəisi Vüqar Məmmədzadə də məlumatlandırılıb. Bütün bunlarla yanaşı Nur İnşaatın baş ağrısına çevrilən təkcə bu məsələ deyil. Vüqar Namazov hazırda axtarışda olan Altes Group-un sabiq vitse-prezidenti Polad Qabulovla birgə fəaliyyətə başlayıblar. Polad Qabulov hazırda Dubayda gizlənir. Onun barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 2013-cü ilin dekabrın 16-da dələduzluq faktına görə cinayət işi başlanıb. Həmin gün Dubaya gedən P.Qabulovun şirkətə 300 min manat ziyan vurması haqda 1 gün sonra yaalam Məhkəməsi qərar verib. Məhkəmənin digər qərarına görə P.qabulov Altes Group-a 700 min manat ödəməlidir. Həmin məbləği o, şirkətdə çalışdığı dövrdə mənimsəyib. Bu gün Qabulov Namazova vaxtilə çalışdığı şirkəti qaralayan məlumatlar ötürür. Məsələn Qabulov bilir ki, Eldar Mahmudov 6 il əvvəl Emerald Palace yaşayış kompleksində mənzil alıb və bunu şirkət rəhbərliyinin “iş birliyi” kimi təqdim edir. “Burada hər hansı bir kriminal varmı? Bizim binada nazirlərin evi var. Qabulov bundan əvvəl bizi MTN-in Anti-Terror Mərkəzinin rəis müavini, sonradan həbs olunaraq özünü asan İlqar Əliyevlə hədələyirdi. Qabulov tələb edirdi ki, 10 mənzili onun adına rəsmiləşdirək. Deyirdi ki, həmin mənzillər sonradan İlqar Əliyevin adına rəsmiləşdiriləcək. O, mənə tez-tez zəng edib bu tələblə çıxış edirdi. Təbii ki, biz də qanunsuz tələbi yerinə yetirməkdən imtina edirdik. Həmin vaxt bizim iki işçimiz Mais və Abdulsalam gəlib Qabulovun ultimatumu çatdırdılar. Qabulov deyirdi ki, əgər tələbi yerinə yetirilməsə başımıza çuval keçirib aparacaqlar və tələb etdi ki, 10 mənzili adına rəsmiləşdirək. O vaxt mən risk etmək istəməyib ölkəni tərk edərək Qazaxstana getdim, oradan Fərid Əliyevə zəng edərək baş verənlər haqda onu məlumatlandırdım” – deyə R.Abdullayev hələnməsinin ilginc detallarını da açıqlayıb.
Məsələ ilə bağlı V.Namazovla əlaqə saxlamaq istəsək də, telefonu qapalı olduğundan buna nail olmadıq. Bununla belə qeyd edək ki, bizə Altes Group şirkəti ətrafında yaşanan xoşagəlməz olayların detalları haqda məlumatlar məlumdur. Həm də bu məsələlərlə bağlı hazırda faəliyətdə olan məmurların qanunsuz əməllərinə və belə qanunsuz əməllərə görə həbsdə olan vəzifə sahiblərin əməllərinə işıq salacaq detallar var...istiqlal.az/