Gömrük generalının ünvanına ağır ittihamlar
6-04-2016, 12:26
Aydın Əliyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevə niyə güzəştə gedir? Son illər ölkəmizdə gömrük sisteminin yenidən qurulması sahəsində görülən mühüm işlər, onun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, eləcə də gömrük işini nizamlayan qanunvericilik bazasının gücləndirilməsi dövlət başçısının həm Azərbaycan gömrüyünün daim təkmilləşdirilməsi, həm də ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu sahəyə dövlət dəstəyinin artırılmasına baxmayaraq, hələ də bəzi neqativ hallar mövcuddur. Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində cərəyan edən qanunsuzluqlar və idarənin rəisi, gömrük general-mayoru Sadiq Abduyevin fəaliyyətindəki çatışmazlıqlar barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Adının çəkilməməsini istəyən şəxsin verdiyi məlumatda bildirilir ki, Sadiq Abduyev və ona tabe olan şəxslər işlərinin öhdəsindən layiqincə gələ bilmirlər: «Hava Nəqliyyatında Baş Gömrük İdarəsində cərəyan edən hadisələr Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək niyyətini büruzə verir. Bu idarənin fəaliyyəti digər dövlət qurumları arasında mətbuat üçün daha qapalı olmağı ilə fərqlənir. Əlbəttə, bu məqama bəraət qazandırmaq məqsədilə idarənin rəhbərliyi tərəfindən təhlükəsizlik konsepsiyasının müddəaları bəhanə gətirilsə də, əslində məsələnin kökündə bu qurumun fəaliyyətində yer almış qanun pozuntuları və digər korrupsiya hallarının gizlədilməsi cəhdlərinin durduğu hamıya aydındır. Sadiq Abduyevin işçiləri ölkəyə gətirilən müəyyən malların müqabilində astronomik məbləğdə «rüsum» tələb etməklə bir tərəfdən monopolistlərin sifarişlərinə əməl edərək onların fəaliyyətlərini dəstəkləyir, digər tərəfdən isə daxili bazarda süni qiymət artımını stimullaşdırırlar. Xüsusilə Çin və Dubay kimi ölkələrdən idxal olunan məhsulların bazarında isə bir çox hallarda bu idarənin əməkdaşları özləri monopolist kimi çıxış edirlər. İdarə rəhbəri səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə etməklə böyük sərvətə sahib çıxmağı bacarıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tətbiq olunan «qaydalar» vətəndaşlara, xarici ölkələrlə ticarət əlaqəsi saxlayan biznesmenlərə əlavə problemlər yaradır. Vətəndaşların bir neçəsi burda üzləşdikləri haqsızlığa etiraz olaraq müvafiq instansiyalara müraciət etsələr də, müsbət nəticəsi olmayıb». Mətbuat üzərindən apardığımız araşdırma nəticəsində öyrəndik ki, idarə rəisinin ünvanına bir müddət əvvəl sərt ittihamlar səsləndirilib. Belə ki, mətbuata müraciət edən vətəndaş T.Quliyev deyib ki, Bakıdan Dubaya uçmaq istəyib: «Həmişə gedəndə deklarasiya yazdırıb gömrük işçilərinə təqdim edirdik. 10 min dollardan artıq vəsaitim olanda 1 faizi gömrüyə köçürürdüm. Bu dəfə də deklarasiya yazdırmaq üçün məntəqəyə yaxınlaşdım. Gördüm həmin deklarasiya yazdırdığım yer yoxdur. Sonradan məlum oldu ki deklarasiya yazılan yer dəyişdirilib. Ona görə kassaya yaxınlaşdım və bağlı olduğunu gördüm. Dövlət Sərhəd Xidmətinin əməkdaşına yaxınlaşdım və üzərimdə 16 min 927 dollar pul olduğunu dedim və rüsumu hara ödəyəcəyimi soruşdum. Sərhədçi Əli adında gömrük işçisini çağırdı və üzərimdə valyuta olduğunu ona dedi. Əli ”darıxma" deyərək Şahin adlı gömrük işçisini çağırdı. Şahin mənə dedi ki, birdən üstündə dediyindən artıq pul olar. Cavab verdim ki, yoxdur. Şahin məni sərhəd məntəqəsindəki pərdəli yerə dəvət elədi və üstümdə olan pulu alıb sayaraq götürdü. Üstümü və şəxsi əşyalarımı yoxladı, gördü ki, üstümdə başqa pul yoxdur. Bundan sonra məni gömrük işçilərinin gözləmə otağına apardı. Gözləmə otağında 2 saat saxlayandan sonra məni Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinə apardılar. Məndən apardığım pula görə 2 min dollar istədilər. ”Kontrabanda"nın işçisi Müşviqdən bu pulun qanuni alınıb-alınmadığını, həmçinin qəbz verilib-verilməyəcəyini soruşanda əsəbiləşdi. "Darıxma, sənə yaxşı qəbz verəcəyəm” deyib getdi. Təxminən 2 saatdan sonra "Kontrabanda”nın işçiləri yanıma gələrək "2 min dolları verirsən, yoxsa vermirsən” deyə sual etdilər. "Yox!” cavabımdan sonra üstümə 15 nəfərə yaxın gömrük işçisi hücum çəkdi. Məni döymək istəyəndə cənab prezidentin sərəncamına əsasən ölkədə rüşvətxorluğun yığışdırıldığını onlara xatırlatdım. Bunu deyəndən sonra dayandılar. Gecə saat birin yarısına qədər məni ac-susuz saxlayıb apardılar Gömrük İdarəsinin İstintaq Şöbəsinə. Ordan da gecə yarısı buraxdılar, dedilər ki, "get, işin hansı müstəntiqə verilsə, özümüz çağıracağıq». Araşdırmalar göstərir ki, Sadiq Abduyevin rəhbərlik etdiyi idarədə buna bənzər özbaşınalıq halları tez-tez yaşanır. Maraqlıdır ki, bu faktlara görə general-mayora «gözün üstə qaşın var» deyən yoxdur. Görəsən, DGK sədri Aydın Əliyev cənabları niyə bu idarədə hökm sürən problemlərə biganə yanaşır? Bu sualın cavabına növbəti yazımızda aydınlıq gətirməyə çalışacağıq.
Bizi izləyin.xalqxəbər/
Mövzu ilə bağlı qarşı tərəfə də cavab haqqı tanıyırıq.