Məhərrəm Qasımlının “züy tutan”ları iş başında
6-04-2016, 12:35
Məhz bu ədəb və mərifətdən məhrum insanlar, yeni sədrin aşıqlar üzərində ağsaqqallıq edə bilməyəcəyi barədə fikirləri öz davranışları ilə isbat edirlər
Deyəsən, "Məhərrəm Qasımlı Azərbaycan aşıqlarına ağsaqqallıq edə bilməz” – deyə bu şəxsin Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsinə təyin olunmasına öz qəti etirazlarını bildirənlərin bu fikri artıq öz təsdiqini konkret təzahürlərdə tapmağa başlayır. Məlumdur ki, ağsaqqal olan yerdə böyük-kiçik olar, ədəb-ərkan olar, xətir-izzət olar. Həm də əgər söhbət möhtərəm el sənətinin təmsilçilərinin, söz xiridarlarının birliyindən gedirsə, bu zaman əxlaqi dəyərlərin də ən yüksək səviyyədə nümayiş olunması gözləniləndir. teref.az xalqxeber.az-a istinadən yazır ki, amma bu gün təəssüflər olsun ki, Məhərrəm Qasımlının ətrafına toplaşanlar bu kimi keyfiyyətlərini nəinki təqdim edə bilmirlər, əksinə, bu arzuolunmaz sədrin saxta təyinatından öz çıxarlarını təmin etmək naminə yaralanmaq istəyənlər aşkar deqradasiya olunmuş mənəviyyatlarını bütün ictimaiyyətə nümayiş etdirirlər.
Məlum olduğu kimi, Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin mart ayının 3-də keçirilmiş yığıncağı bir çox məqamlarla bağlı əsil qalmaqala səbəb oldu və sonradan Birlik daxilində müxtəlif ziddiyyətlərə yol açdı. Bu barədə daxil olmuş məktublarda qeyd olunmuşdu ki, Aşıqlar Birliyinin yeni sədrinin seçilməsi məsələsi qurumun üzvləri arasında kəskin fikir ayrılıqlarının, hətta aşkar qarşıdurmaların yaranmasına səbəb olmuşdur. Həm də bir müddət əvvəl aldığımız açıqlamalara görə, mübahisələr və ehtiraslar daha çox Birliyin yeni sədrinin kimliyi ətrafında deyil, bu şəxsin məhz kim tərəfindən seçiləcəyi sualı ətrafında qızışmaqdadır. Belə ki, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin şöbə müdiri Fikrət Babayev bu "məsuliyyəti” öz üzərilərinə götürməkdə israrlı idilər və nəticə etibarı ilə buna qismən nail olublar. Buna etiraz edənlər isə, proseslərə münasibətlərini belə ifadə edirdilər: "Martın 3-də Mədəniyyət və Turizm Nazrilyi aşıqlarla bağlı daha bir tədbir də keçirib ki, bu da həm aşıqlar, həm də ictimaiyət tərəfindən narazılıqla qarşılanıb. Tələm-tələsik Birliyin idarə heyətini toplayaraq Zəlimxan Yaqubun yerinə professor Məhərrəm Qasımlını təyin ediblər. Bəli, məhz təyin ediblər. Ona görə təyin ediblər deyirik ki, toplantı idarə heyətinin iclasından çox vəzifəyə yeni təyin olunmuş birinin kollektivə təqdim olunmasına bənəzyib. Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri Fikrət Babayev iclasa gələrək, M.Qasımlını bir növ kollektivə təqdim edib. İdarə heyətinin iclası adına keçirilən yığıncağı isə, bir gün əvvəl Mədəniyyət və Turizm Nazirliyinə dəvət olunaraq nazir müavini Sevda Məmmədəliyeva tərəfindən təlimatlandırılan professor Qəzənfər Paşayev yönləndirib. Toplantıda alternativ fikirlərin səslənməsinə imkan verilməyib. Q.Paşayev bütün çıxışçıları yönləndirib ki, M.Qasımlını dəstəkləsinlər...”
Bundan sonra da müxtəlif KİV-lərdə, o cümlədən Azərbaycan aşıqlarının baş verənlərə etirazlarını əks etdirən bir neçə yazı dərc olundu. Bu gün isə, Məhərrəm Qasımlını dəstəkləyənlər sosial şəbəkələrdə eynilə öz səviyyələrinə uyğun bir şəkildə, elementar etik qaydalara belə riayət olunmayan, müəllifin nə vaxtsa aldığı təlim-tərbiyədə ciddi boşluqların olduğunu və ədəbsizliyini əks etdirən bir tərzdə yazılanlara öz münasibətlərini bildirməyə çalışırlar. Məsələn, fikir mübadiləsində ən güclü əks-arqument kimi "it hürər, karvan keçər” ifadəsindən başqa bir dəlil gətirə bilməyən aşıqdan (hesab edirəm ki, bu insana "gədə” sözü daha çox yaraşır) hansı el məclisində, hansı müdrik kəlamları eşitmək olar ki? Olsa-olsa, hansısa içki məclisində beş-on sərxoş "sənət vurğununun” zövqünü oxşayan bayağı sözlərlə məclis "yola verib”, papağına bir-iki iyirmilik taxılacağını güdən belələrindən ümumiyyətlə nə gözləmək olar?
Bu kimi hallar, dediyimiz kimi, Məhərrəm Qasımlının aşıqlar üzərində ağsaqqallıq edə bilməyəcəyini iddia edənlərin artıq nə qədər haqlı olduqlarını isbat edir. Digər tərəfdən isə, aşıqlar ehtiyat edirlər ki, Məhərrəm Qasımlı tutduğu vəzifədə nə qədər çox qalarsa, onun bu kimi ədəb və mərifətdən məhrum "züy tutan”larının da sayı bir o qədər artar.
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az