Ağstafa təhsilində oğluna görə atanı işdən çıxardılar
8-04-2016, 10:18
teref.az - Bu günlərdə Ağstafa Rayon Təhsil Şöbəsində qadın məmura yarşmayan hadisə baş verib. Cəmi 5 aya yaxındır ki, mərhum Fərhad Əliyev zorla işindən kənarlaşdırıldıqdan sonra, onun yerinə Ağstafa şəhər Ə. Hüeynov adına 1 saylı tam orta məktəbinin direktoru Leyla İsayeva təyin edildi. Verilən məlumata görə yeni müdirənin arxası ən çəkili adamlara bağlıdır.
Leyla İsayeva digər rəhbərlikdə işləyənlər kimi, o da təhsil şöbəsində özünəmüvafiq qaydada bir sıra kadr dəyişilikləri etməklə gündəmə gəldi. O, 2-3 gün olar ki, rayon təhsil işçilərinə heç də xoş gəlməyən başqa bir addım da atmışdır. Belə ki, təhsi nazirliyinin yeni qaydasına əsasən məktəb direktorları da test imtahanından keçməlidir. Buna görə də, Ağstafadakı məktəb direktorlarından 6-sı müvəqqəti olaraq iş başındadır. Əksəriyyətini də Leyla İsayeva özü təyin edib. Həm də nazirliyin göstərişinə əsasən hər bir savadlı və bacarıqlı pedaqoq məktəb direktorluğuna sərbəst imtahan verə bilər. Bu minvalla Ağstafa Rayon Təhsil Şöbəsinin sürücüsü Rəfael Nəsirovun oğlu, Ağstafa Humanitar Litseyinin ən bacarıqlı və savadlı müəllimi Ramiz Nəsirov da direktorluqdan ötrü testdən keçmək üçün nazirliyə sənəd göndərib. Ertəsi gün Leyla İsayevanı evlərinə aparan Nəsirov Rəfaeldən müdirə, onun da oğlunun direktorluq üçün nazirliyə sənəd göndərməsi ilə maraqlanır. Oğlunun işindən xəbər olan ata, ürəknən sevincək “Bəli!” kəlməsini deyir. O, elə bilir ki, bu ifadə Leyla İsayevaya xoş gələcək. Sən demə “torbada pişik var imiş”.
Müdirəni evə düşürüb qayıdandan sonra, sürücünün mobil telefonuna zəng vuran təhsil şöbəsinin məsul işçisi İmran müəllim bu kəlməni deyir: “ Leyla İsayeva bildirdi ki, sabah idarə etdiyi xidməti “Mersedes” markalı maşnın açarını şöbəyə təhvil versin!”
Bəli, burada yalnız bir versiya hökm sürür. Belə çıxır ki, məktəblərə müvəqqəti təyin olunmuş məktəb direktorları Leyla xanımın adamlarıdır. Yəni onlar heç də quruca “sağ ol”a görə təyin olunmayıblar. Sabiq sürücünün oğlu Ramiz Nəsirov da savadlı olduğundan xanım təşvişə düşüb ki, o testdən yaxşı bal toplayaraq direktor vəzifəsinə təyin olunacaq. Onda da xanım hansısa məktəb direktorundan aldığı şirinliyi geri qaytarmalıdır. Buna görə də, sabiq sürücünün övladının Leyla İsayevadan xəbərsiz hərəkəti atasının başında çatlamalı olub...
Leyla İsayevanın bu cür qanunsuz hərəkəti təhsil işçiləri arasında sensassiyaya səbəb olub.
Onu da qeyd edək ki, bizə verilən məlumata görə, sabiq sürücü Nəsirov Rəfael istər davranışında, mədəniyyətində, istərsə də sürücülük baxımından olduqca nizam-intizamlı insandır.
Bu nöqteyi-nəzərdən, yəqin ki, Nəsirov Rəfaelin haqq işi öz yerini tapacaqdır
Qarşı tərəfin də fikrini dinləməyə hazırıq.
teref.az - İlham Hacalı