Hesablama Palatası “Azərpoçt” MMC və TQDK-də nələr aşkar etdi?

9-04-2016, 01:19           
Hesablama Palatası “Azərpoçt” MMC və TQDK-də nələr aşkar etdi?
“Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinə gəlirlərin hesablanması və ödənilməsi, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun Hesablama Palatası və Vergilər Nazirliyi ilə birgə auditi aparılıb. Audit nəticəsində cəmiyyət tərəfindən qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və icra müqavilələri bağlanmadan balansında olan və Bakı şəhərində yerləşən 4 061,4 kv. metr qeyri-yaşayış sahəsi ofis kimi kommersiya hüquqi şəxslərə icarəyə verilib, bu əməliyyat üzrə qanunvericiliyə uyğun olaraq icarə haqqının 50%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilməyib.
Sənəddə deyilir ki, mənfəət vergisinin bəyannamələrində müəssisənin zərəri düzgün göstərilməyib, universal poçt rabitəsi xidmətlərinin təqdim edilməsindən yaranan zərərin kompensasiyası üçün dövlət büdcəsindən alınmış subsidiyanın ƏDV-yə cəlb edilməməsi, eləcə də MMC-nin nizamnamə kapitalına aid edilən və eyni zamanda qanunvericiliklə ƏDV-yə cəlb edilməsi nəzərdə tutulmayan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən, vergi hesab faktuaları üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəticəsində kommersiya fəaliyyəti üzrə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği 1 169, 9 min manat azaldılıb, 29,7 min manat məbləğində ƏDV vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturaları üzrə alınmış malların (işlər, xidmətlər) dəyəri ödənilən gündən gec ödənilib, vergitutma bazasının düzgün müəyyən edilməməsi səbəbindən əmlak vergisi 3,8 min manat artıq hesablanıb.

***

Keçən il dövlət büdcəsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Nəzarət tədbirləri zamanı komissiya tərəfindən xərclər smetasının tərtibi və icrası prosesində bir sıra qanunvericilik aktlarının tələblərinə riayət edilmədiyi, o cümlədən proqnozlaşdırma prosesinə əsaslı yanaşılmadığı, büdcə vəsaitlərinin icrası prosesində bəzi nöqsanlara yol verildiyi müəyyən olunub.

Sənədə əsasən, komissiya tərəfindən tərtib olunan büdcə təkliflərində müvafiq hesablamalar aparılmadan, bəzi xərclər üzrə real tələbat və keçən illərin icra faizi nəzərə alınmadan artıq vəsait nəzərdə tutulub, bir sıra hallarda vəsait, eləcə də dövlət büdcəsinin Ehtiyat Fondu üzrə ayrılan vəsaitin bir hissəsi təyinatı üzrə icra edilməyib.

Komissiya tərəfindən əməyin ödənilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə bəzi hallarda riayət edilməyib. Xərclər smetasında dövlət qulluqçusu olmayan işçilərin mükafatlandırılması və məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinətin nəzərdə tutulmadığı halda müavinət ödənilməsi, həmçinin məzuniyyət haqqı hesablanarkən orta aylıq əmək haqqının düzgün hesablanmaması səbəbindən artıq büdcə vəsaiti icra edilib.

“Audit sübutları ilə komissiyada satınalmalarla bağlı qanunvericilik aktlarının bəzi tələblərinə riayət olunmaması halları müəyyən edilib. Ümumilikdə nəzarət tədbirinin əhatə etdiyi dövr ərzində malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş vəsaitin 98,3 faizi qanunvericiliklə nəzərdə tutulmuş satınalma metodları tətbiq edilməklə, 1,7 faizi isə satınalma prosedurları keçirilmədən icra olunub.

Audit tədbirləri nəticəsində komissiya üzrə bir sıra digər nöqsanlar da aşkar edilib. Bəzi aktivlər uçota düzgün alınmamış, quraşdırılmış avadanlıqlar birbaşa xərcə silinib, beynəlxalq konfransın keçirilməsi üzrə verilən ziyafət zamanı artıq xərcə yol verilib, büdcədənkənar vəsait üzrə bağlanmış müqaviləyə əsasən ƏDV-nin dövlət büdcəsinə köçürülməsi təmin edilməyib, köhnə inzibati binanın söküntüsü zamanı podratçı təşkilata artıq vəsait ödənilib. Həmçinin “Abituriyent” jurnalı redaksiyasının komissiyaya olan borcunun tam ödənilmədiyi müəyyən olunub”, – sənəddə bildirilib.

Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülən işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul eidlib, həmin qərar icra üçün TQDK-ya göndərilib. Eyni zamanda, nəticələrlə bağlı Hesablama Palatası Milli Məclisə məlumat verib.

Təqdim edilən məlumatlara görə, həyata keçirilən tədbirlər nəticəsində 264,4 min manat məbləğində vəsait dövlət büdcəsinə və 6,5 min manat məbləğində mallar müvafiq qaydada uçota alınmış 24,8 min manat dəyərində avadanlıqların quraşdırılması təmin olunub.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.