Yol Yaşıllaşdırma İdarəsində işə qəbul maxinasiyaları - İTTİHAM VAR

12-04-2016, 17:11           
Yol Yaşıllaşdırma İdarəsində işə qəbul maxinasiyaları - İTTİHAM VAR
Məlum olduğu kimi, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş “Azəryolservis” ASC) funksiyalarına avtomobil yollarının çəkilişi, onların təmir və bərpası ilə bərabər, həm də yolların mühafizə zolaqlarının yaşıllaşdırılması işi də aiddir. Etiraf etmək lazımdır ki, ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən ümumilikdə bu vəzifələr kifayət qədər effektiv şəkildə həyata keçirilir. “Azəravtoyol” ASC-dən mətbuata verilən açıqlamalar görə, cari ilin əvvəlindən indiyə qədər ölkənin avtomobil yollarının mühafizə zolaqlarına 50 minə yaxın müxtəlif növ ağac və kol bitkisi əkilib və bu proses indi də davam etdirilir. Həmçinin ASC-dən verilən məlumata görə, hazırda Bakı Dairəvi-1 avtomobil yolunun kənarına ağacların əkilməsinə başlanılıb və nəticədə 1000 ədəd eldar şamı əkilib. Bundan sonra da Bakı Dairəvi-1 avtomobil yolunun kənarına daha 1000 ədəd eldar şamının əkilməsi nəzərdə tutulub. Ümumilikdə, ətraf mühitin qorunması istiqamətində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaşıllaşdırma kampaniyası ölkə boyu uğurla davam etdirilir. Kampaniya çərçivəsində avtomobil yollarının kənarlarına müxtəlif növ ağaclar və kol bitkiləri əkilir.

Lakin təəssüflər olsun ki, bu uğur və nailiyyətləri ASC-nin heç də bütün Yol Yaşıllaşdırma MMC-lərinə şamil etmək olmur. Xüsusilə, bizimdovr.az-a daxil olan məlumatlarda Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsinə xidmət göstərən 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin fəaliyyəti son dərəcə qeyri-qənatbəxş qiymətləndirilir. Məlumatlarda bildirilir ki, idarənin funksiyalarına ağacların əkilməsilə yanaşı budama, xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik tədbirlərin görülməsi və sairə vəzifələr aiddir. Bununla belə qeyd olunur ki, rəis Vasif Məmmədovun tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları ucbatından, idarə hazırda bu vəzifələrinin öhdəsindən gələ bilmir. Bu barədə aldığımız açıqlamalarda deyilir: “Hal-hazırda 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin resurs və potensialından məqsədyönlü şəkildə, qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün səmərəli istifadə olunmur. Yerinə yetirilmiş kimi göstərilən işlərin həcmini ifadə edən rəqəmlər əslində xeyli “şişirdilir”. Bütün bu maxinasiyaların həyata keçirilməsində rəis Vasif Məmmədovla yanaşı idarənin mühasibi Şirməmməd də həlledici rol oynayır. Ştatda olan 100 nəfərdən artıq işçinin yarısından çoxu işə çıxmır. Soruşana deyirlər ki, sahələrə ezam olunublar. Əslində isə bu ştatlarda “ölü canlar” saxlanılır. Onlara məxsus maaş kartları ilə məvaciblərini yerli bankomatlardan kimin çıxardığını öyrənmək də mümkündür. Hərçənd bu, daha çox hüquq-mühafizə orqanlarının işidir. Dövlət vəsaitlərinin yüksək qənaətcilliklə xərclənilməsinin vacib olduğu indiki məqamda 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin rəhbərliyinin ölkədə yürüdülən iqtisadi və sosial siyasətə zidd fəaliyyəti müvafiq qurumlar tərəfindən araşdırılmalıdır...”

Daha sonra aldığımız məlumatlarda idarə rəisi Vasif Məmmədovun işə qəbul məsələlərində də ciddi qanun pozuntularına yol verdiyi vurğulanır. Mənbələrdən biri bu xüsusda bizimdovr.az-a verdiyi açıqlamasında deyir: “Vasif Məmmədov idarədəki iş yerlərini də satışa çıxarıb. Belə ki, o, mütəmadi olaraq idarənin işçilərini heç bir ciddi səbəb olmadan, əsassız bəhanələrlə işdən çıxarır və onların yerinə 300-500 manat rüşvət alaraq, yenilərini təyin edir. Onun işçiləri alçaltdığını, onları təhqir etdiyini də hamı bilir. Rəis həm də idarənin su maşınlarını fərdi sifarişlər əsasında əlavə işə göndərir. İşçiləri onlara aid olmayan işlərdə çalışdıraraq, bunun müqabilində sifariş verən sahubkarlardan külli-miqdarda pul alır və həmin pulu da öz cibinə qoyur. İşlərini itirmək istəməyən fəhlələr isə, etiraz edə bilmir və Vasif Məmmədovun dediyini yerinə yetirmək məcburiyyətində qalırlar...”

Ümid edirik ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi bu deyilənləri nəzərə alacaq və 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin fəaliyyəti tam ciddiliyi ilə araşdırılacaq.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.