Aqil Məmmədov Cavid Qurbanovun dəstəyi ilə deputat olub? - “Bu, təyinatla deyil ki, kiməsə kömək olunsun...”

10-06-2022, 18:01           
Aqil Məmmədov Cavid Qurbanovun dəstəyi ilə deputat olub? -
“Kiminsə vəzifəyə təyin olunması, kənarlaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamında olan məsələdir. Prezident Cavid Qurbanovla bağlı da belə məsləhət bilib və olub. Cavid Qurbanova böyük etimad göstəriblər, O, indiyə qədər uzun müddət bu dövlətə, dövlətçiliyə xidmət edib, sadiqlik göstərib, əməyi dəyərləndirilib. Cənab Prezident bu gün onu böyük bir nazirliyə müavin göndəribsə, buna niyə başqa don geyindirilməlidir? Hər kəs cənab Prezidentin qərarını düzgün qiymətləndirməlidir. Allah Prezidentimizin canını sağ eləsin. Yeni Azərbaycan Partiyasını təmsil edən insan, bir YAP-çı kimi demək istəyirəm ki, bu dövlətin, YAP-ın əsgərləriyirik. Sabah hara məsləhət bilsələr, gedib orada xidmətimizi, vəzifəmizi yerinə yetirəcəyik. Əgər desələr ki, bu gün göstərdiyiniz fəaliyyətiniz bəsdir, gedin istirahət edin, yenə də məqbul qəbul edəcəyik. Əqidəmizdən də dönəsi deyilik. Yenə də öz amalımızı, məqsədimizi davam etdirəcəyik”.

Teref.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Aqil Məmmədov əmisi oğlu Cavid Qurbanovun köməyi ilə parlamentə gəlməsi, C.Qurbanovun səlahiyyətlərinin əlindən alınması və yaxın zamanda qohumlarının da vəzifədən azad ediləcəyi barədə yayılan fikirlərə belə münasibət dildirib: “Bu fikirlər düzgün deyil. Hərə bir söz deyir. Əlbəttə, hər kəsin öz fikri ola bilər. Amma ölkə Prezidentinin fikri, səlahiyyəti var. Nəyi nə zaman etməyi də çox gözəl bilir. Kimsə deyə bilər ki, filankəs vəzifədən gedəcək. Biz də Azərbaycan vətəndaşıyıq, sədaqətlə dövlətimizə xidmət edirik. Bundan sonra işləsək də, işləməsək də şəxsi fikrimizdən dönməyəcəyik. Parlamentə gəlmək seçki yolu ilədir. Bu sözlər nə qədər həqiqətə uyğundur, ya yox, onu hər kəs yaxşı bilir. Bu, təyinat deyil ki, kiməsə kömək olunsun, parlamentə gəlsin. Təbii ki, YAP tərəfdən namizədliyim irəli sürülüb, məmnuniyyətlə bunu qəbul etdim, namizədliyimi verdim. İnsanlar da münasibətini göstərdi. Hamımız insanıq. Hər birimizi narahat edən vicdan deyilən məsələ var. Hər şeyi olduğu kimi ictimaiyyətə çatdırmaq lazımdır. Həmişə demişəm, mətbuat işçilərimiz cəmiyyətin güzgüləridir. Kimlərinsə məqsədi, düşüncələri ilə deyil, hər şey olduğu kimi çatdırılmalıdır. Həqiqət nədirsə, onu ictimaiyyətə düzgün çatdırmaq lazımdır ki, insanlarda çaşqınlıq yaranmasın, aldanmasınlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.