Kamran Əliyevdən Kamran Əliyevə şikayət - Baş DYP İdarəsi Qarabağ qazisini tənqidə görə təqib edir

20-06-2022, 08:14           
Kamran Əliyevdən Kamran Əliyevə şikayət  -
Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil nömrələrini rüşvətlə ayrı-seçkilik edərək verməsinə hələ də hüquqi qiymət verilmir. Bu isə sözügedən idarənin inhisarçı hökmranlığından yararlanaraq qanunsuzluğunu daha kobud şəkildə sürdürməsinə nədən olur. Təsəvvür edin, 1-ci dərəcəli Qarabağ qazisinə, DİN-in zabit pensiyaçısına öz pulu ilə aldığı nömrəni belə yenidən verməkdən imtina edilir. “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsində isə yazılıb ki, dövlət nömrə nişanı əvvəlki SAHİBİNƏ verildikdə, “Dövlət rüsumu haqqında” qanunun 18.65.6.2 maddəsinə uyğun olaraq 30 manat rüsum tutulur. Qanunverici açıq şəkildə nömrənin minlərlə manata alan şəxsin ona sərəncam vermək hüququnu doğrulasa da, Baş Dövlət Yol Polisi İdarəsi Qarabağ qazisini tənqidə görə təqib edir. Özbaşınalığa baxın, Qarabağ qazisinə nə istədiyi nömrə verilir, nə də minlərlə manata aldığı BDYPİ-də saxlanılan nömrələri. Bu diskriminasiya deyil, bəs nədir?
“Dövlət rüsumu haqqında” qanunun 18.65.6.1 maddəsinə əsasən, 001-009, 111-999 və 100-900 nömrələrinin verilməsinə görə min manatdan üç min manatadək miqdarda rüsum ödənilməsi doğrulanıb. “Yol hərəkəti haqqında” qanunun 29 -cu maddəsinin tələbinə görə, yol polisi xidməti görünən yerlərdə, saytda nömrələr barədə məlumatların yerləşdirilməsini təmin etmək əvəzinə, ümumiyyətlə nömrələrin sərfiyyatda olmadığını bildirir. Bu sətirlərin yazarı 15 ildir 10-001 nömrəsinin verilməsini istəsə də və BDYPİ rəisi söz versə də, hələ də nə qanuna əməl olunur, nə də sözə. Belə çıxır nömrələr sərfiyyatdan gizlədilməklə satılır. Özü də şişirdilmiş qiymətlərə. Özbaşınalığa baxın, hansı nömrəni rüsum qarşılığında istəyirsən, sərfiyyatda olmadığı bildirilir. Bu , istehlakçı hüquqlarının da kobud şəkildə pozulması deməkdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbinə görə, istehlakçının -alıcının malı -nömrəni seçmək hüququ vardır. Satıcı BDYPİ-nin avtomobil nömrələrini sərfiyyatdan gizlətməsi ciddi qanun pozuntusudur və korrupsiya faktı kimi araşdırılmalıdır. Di gəl. . .
Korrupsiya faktı ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Korrupsiyaya qarşı mübarizə komissiyasına, baş prokurora və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinə BDYPİ-nin avtomobil nömrələrini rüşvətlə ayrı-seçkilik edərək verməsindən şikayətlər qanunsuz olaraq barəsində şikayət edilən BDYPİ-nin özünə göndərilir və oradan da korrupsiyanın ən yüksək hüquqi qüvvəyə malik olduğu bildirilir. Bu günlərdə BDYPİ-nin rəis müavini Kamran Əliyev baş prokuror Kamran Əliyevə ünvanlanan şikayətə “baxıb”! Belədə deyiblər, səndən sənə şikayətim var. .
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını, deyəsən, həm baş prokurorluq, həm Daxili İşlər Nazirliyi yerinə yetirməkdən yayınır. Görəsən, dövlət hakimiyyəti orqanları, insan hüquqları üzrə müvəkkil, istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan İqtisadiyyat Nazirliyi avtomobil nömrələrini BDYPİ-nin rüşvət hökmranlığından qurtarmaqda niyə gücsüzdürlər?
Məğrur Bədəlsoy
P. S. BDYPİ-nin rəis müavini Kamran Əliyev 18.06.2022 tarixli elektron cavabla nömrənin bron edilməsinin qanunda nəzərdə tutulmadığını bildirib. Nömrənin sərfiyyatdan gizlədilməsi necə, qanunda nəzərdə tutulub? “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsi də qanunda nəzərdə tutulmayıb?
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.