Əvvəl "ölü"-ləri dirildirdilər, indi "dirilər"-i öldürürlər: Zaqatalada həyatda olan insana “ölüm kağızı”nı kim və necə verib?
4-05-2023, 09:48
Zaqatala rayonu, Göyəm kənd sakini Məmmədov Qurban Laçın oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Şərifov Ramin Məmməd oğlu və onun həyat yoldaşı Məmmədova Lalə Emrullah qızı onun atasını aldadaraq, torpaq sahəsini mənimsəyiblər:
“Mən, Məmmədov Qurban Laçın oğlu, Zaqatala rayonu, Göyəm kəndində, qeydiyyatda olduğum ünvanda yaşayıram. Şikayətim Zaqatala rayon sakini Şərifov Ramin Məmməd oğlu və onun həyat yoldaşı Məmmədova Lalə Emrullah qızındandır. Bu insanlar atamın yaşından, səhhətindən istifadə edərək, onu aldadıblar. O qədər saxtakarlıq ediblər ki, hətta yaşayan insana “ölüm kağızı” alıblar.
Belə ki, onlar 82 yaşlı atamı aldadaraq və hədələyərək 23 sot pay torpağını saxta sənədlərlə əlimizdən alıblar. Bu pay torpağı atam Məmmədov Laçın Rəcəb oğlu, qardaşım Məmmədov Əli Laçın oğlu, anam Xaşalova Fatma İlyas qızına dövlət tərəfindən verilmişdir. Atamla anamın nikah kağızları olmadığı üçün, anamın soyadı fərqlidir. Şərifov Ramin rəhmətlik anamın torpağına atamı varisi etmək üçün, anamın ölümündən 3 il sonra, yəni 2017-ci ildə anamla atamı rəsmi nikah etmişdir. Qardaşım Məmmədov Əli Laçın oğlunu isə 2018-ci ildə ölüm şəhadətnaməsi çıxartmaqla, onunda torpağını atamın adına keçirdiblər. Məni, ailəmi, övladlarımı və 2 bacımı isə heç olmamış kimi arayış alaraq, atamın varisi kimi və yaxud da atamdan almış kimi sənəd hazırlayıblar. Atam və atamın yeni həyat yoldaşı isə bunlardan xəbərsiz olublar.
Bütün bunlara atamın həyat yoldaşı Gülgəz xanım və qonşular şahiddir. Amma müraciət etdiyim orqanların heç biri bütün bu saxta sənədləşməni araşdırmır. 2019-cu ildən məhkəmələrdə sənədlərin saxta olduğunu sübüt etməklə məşğulam. 2020-ci ildə Zaqatala rayon məhkəməsinin hakimi Elbrus müəllim alqı-satqını ləğv etdi. Qarşı tərəfin vəkili etiraz edərək, hakimdən az da olsa torpaq istədi. Lakin “hakim saxtakarlıqla məşğul olduğunuz üçün bu mümkün olmayacaq”, - deyə bildirdi. Necə oldusa, həmin il hakim ortadan yoxa çıxdı və bir daha görünmədi.
Bütün bu saxtakarlıqlara yol açan prokuror Əli müəllim və məhkəmənin işçisi Arif müəllim olub. Arif müəllim hal-hazırda həbsdədir. 9 il həbs olunub. Kənd soveti, notarius da bunlarla əlbir olublar.
Mənim şikayətimi oxuyan bütün lazımi qurumlardan xahiş edirəm, mənə kömək edin.
Hurriyyet.az saytı vasitəsilə cənab Prezidentə müraciət edirəm, xahiç edirəm ki, bu işin araşdırılması üçün göstəriş versin”.
Qeyd edək ki, məsələ ilə bağlı Bələdiyyə və kənd soveti ilə əlaqə saxladıq. Məsələnin araşıdırılıb, redaksiyamıza məlumat veriləcəyi bildirildi.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.