Tender saxtalıqları belə ört-basdır edilir - İLGİNC FAKTLAR

8-05-2023, 10:50           
Tender saxtalıqları belə ört-basdır edilir - İLGİNC FAKTLAR
Son illər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən dövlət satınalmalarında yol verilən saxtakarlıqlar bitmək bilmir. Bu, sözügedən qurum tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilən bütün məlumatlarda özünü açıq şəkildə biruzə verir. Elə bir neçə gün əvvəl idarənin nəticələrini açıqladığı bir tenderdə olduğu kimi.

Sözügedən qurum yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu açıq tenderə yekun vurub və “FİRE ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 293.702 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə 05.05.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib. Məlumatlara görə müsabiqənin başlama tarixi 14.03.2023-cü ilə, zərflərin açılış tarixi isə 20.04.2023-cü ilə təyin olunub. “FİRE ENGİNEERİNG” MMC 30.06.2023-cü il tarixə qədər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsini müxtəlif dekorativ bitkilər, gül kolları və qazonla təmin etməlidir. MMC bu işləri göstərilən qısa vaxt ərzində həyata keçirə biləcəkmi?

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “FİRE ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FİRE ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.11.2010-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 68, m. 79, qanuni təmsilçisi kimi isə Hüseynov İqbal İlqar oğlu qeyd olunub.

“FİRE ENGİNEERİNG” MMC barəsində olan məlumatlar bu qədərdir. MMC-nin fəaliyyət sahəsi ilə bağlı açıq məlumatların olmaması müəyyən şübhələr yaratmaya bilmir. Hansı ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin daha əvvəllər də satınalmalarda saxtakarlıqlara yol verməsi barədə şübhələr var idi və belə məlumatlar konkret dəlillərə təsdiqini tapmışdı.

Qeyd edək ki, “Aktualinfo.org” 27.02.2023-cü il tarixdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında məqalə hazırlamışdı. Xatırladaq ki, sözügedən məqalədə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu açıq tenderə yekun vurması və “VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 289 218 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını 20.02.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqladıqlarını bildirmişdik.

Bununla bərabər Yaşıllaşdırma İdarəsinin eyni xidmətlərin göstərilməsi üçün sözügedən MMC ilə ötən il də bir neçə satınalma müqaviləsinin bağladığını açıqlamışdıq. Onları bir daha nəzərinizə çatdırırıq.

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu tenderə yekun vuraraq “VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 284 793 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 18.11.2022-ci il tarixdə elan edib.

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “VAHİD” MMC ilə yaşıllıqların salınması işlərinin satın alınması üzrə daha bir satınalma müqaviləsini isə 22 gün əvvəl, yəni 27.10.2022-ci il tarixdə bağladığını açıqlayıb. Bu müqavilənin qiyməti isə 296 475 manat təşkil edib.

Göründüyü kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2022-2023-cü ilin son 4-5 ayı ərzində “VAHİD” MMC ilə 870 486 manat məbləğində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlayıb. Lakin bu gün sözügedən portal üzərindən apardığımız araşdırmalarda “VAHİD” MMC ilə bağlanılan müqavilələr haqqında qeyd etdiyimiz məlumatların heç birinə rast gəlmədik. Amma Yaşıllaşdırma İdarəsi tərəfindən “SANDORA22”, “ASTROİT”, “ARSENAL-M”, “CRATOS-BOOKSTORE” kimi MMC-lərlə 2020-2022-ci illərdə bağlanmış satınalma müqavilələri barədə məlumatlar olduğu kimi qalır. Bəs qurumun “VAHİD” MMC ilə bağladığı müqavilələr barədə əvvəllər açıqlanmış məlumatlar necə olub? Maraqlıdır, deyilmi? Bir neçə ay bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi ciddi bir dövlət qurumunun rəsmi internet portalına yerləşdirilmiş məlumatlar indi niyə görsənməsin? Ola bilərmi ki, bu məlumatlar portaldan silinib? Necə və niyə silinib?

Niyəsini biz açıqlayaq. Çünki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən satınalmalarda saxtakarlıqlara yol verilməsi ilə bağlı bir neçə aidiyyatı quruma müraciət edərək “VAHİD” MMC-nin fəaliyyətinin araşdırılması məsələsini qaldırmışdıq. Niyə məhz “VAHİD” MMC-nin? Çünki bu MMC-nin saxta olduğunu müəyyən edə bilmişdik. Həmin məlumatlardan bəzi qaranlıq məqamları bir daha xatırlatmaq istərdik. Əvvəlcə MMC barədə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.01.2003-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏHMƏDBƏYLİ, ƏHMƏDBƏYLİ, qanuni təmsilçisi kimi isə Həsənova Həqiqət Həsən qızı qeyd olunub.

Həmin vaxt Saatlı rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kəndi üzrə İcra Nümayəndəliyindən aldığımız məlumatda orada Həsənova Həqiqət Həsən qızı adlı şəxs ümumiyyətlə olmadığını öyrənmişdik. Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısında da Saatlı rayonunun Əhmədbəyli kəndində Həsənova Həqiqət Həsən qızı adında seçicinin olmadığını müəyyən etmişdik. Bu məlumatların özü MMC-nin saxta sənədlərlə yaradıldığını sübut etmirmi? Saxta sənədlərlə yaradılmış bir MMC-nin satınalmalarda iştirakı da, elə tenderin də saxtalaşdırılması demək deyilmi?

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin saxta MMC-lərlə işbirliyi bunlarla bitmir və bunu təsdiq edən daha bir sübut. Belə ki, qurumun müqavilə bağladığı bütün MMC-lərin fəaliyyəti şübhə doğurur. Çünki, Yaşıllaşdırma İdarəsinin müqavilə bağladığı “VAHİD” MMC-nin hazırki günə dövlətə 1947.90, “ARSENAL-M” MMC-nin 64 885.95, “ASTROİT” MMC-nin 15 949.77, “CRATOS-BOOKSTORE” MMC-nin 29 060.07 manat vergi borcu var. Bu isə MMC-lərin fəaliyyətinin və gəlirlərinin olmaması deməkdir.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalından, Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısından və Dövlət Vergi Xidmətinin reyestrindən əldə etdiyimiz bu məlumatlar təkzibolunmaz faktlardır. Bəs onda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, elə həmin quruma tabeli Dövlət Vergi Xidməti, Respublika Hesablama Palatasına, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu saxta MMC-lərin fəaliyyətini niyə araşdırmır? Apardığımız son araşdırmalardan görsənən odur ki, göstərilən qurumların bəziləri tərəfindən yoxlamalar aparılıb. Məlumatlar təsdiqini tapıb. Çıxış yolunu isə qanun çərçivəsində tədbirlər görmək əvəzinə bəzi məlumatları dövlət satınalmalarının vahid internet portalından silməkdə görüblər.

Aktualinfo.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.