Vüqar Qurbanovun vüqarı Zaqatala Xəstəxanasında necə qorunur?

20-05-2023, 09:48           
Vüqar Qurbanovun vüqarı Zaqatala Xəstəxanasında necə qorunur?
Tamara Nurəliyevanın TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən heç bir il keçməyib. O, bu vəzifəyə ötən ilin avqustunda təyin olunub. Sentyabr ayında isə TƏBİB Müşahidə Şurasının qərarı ilə Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.
Əvvəlki direktor Məcid Əliyevdən sonra elektron media resurslarında Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı yayılan məlumatlar onu göstərir ki, sözügedən səhiyyə ocağında heç bir yenilik baş verməyib, rüşvətxorluq elə əvvəlki qaydada da tüğyan edir. Yəni yeni direktor Tamara Nurəliyeva da əvvəlki direktor Məcid Əliyev kimi Vüqar Qurbanova arxalanıb istədiklərini edir.

Elə rayon sakinlərinin mətbuata etdikləri şikayətdə də bundan bəhs edilir. Sitat: Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş direktor Tamara Nurəliyeva və kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadın əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər.

Mənbə bildirir ki, Gülnarə hətta elə azğınlaşıb ki, qohumlarından belə 5-6 min manat civarında rüşvət alaraq güya onları xəstəxanada işlə təmin edəcəkdir. Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Kadrlar şöbəsinin müdiri Gülnarə bölgəyə virus kimi kök salaraq hər yerə yayılmışdır. Hətta qızını belə Balakən rayon Mərkəzi Xəstəxanasına min hoqqa çıxardaraq işə düzəltmişdir ki, o da orada rüşvət burulğanı yaratsın. Atalar məsəli var – “ana gəzən ağacı, qızı budaq-budaq gəzər”. Şikayətdə bildirilir ki, xəstəxananın “şillə vuran”ı var, Emin adlı şəxsin hətta ləqəbi də varmış (ləqəbi balkon).

Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara video kameraları quraşdırıb. Tamara Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxslə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında bir başa əsas rollardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir.

Bu şikayət Tamara Nurəliyevanın Zaqatala rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən qısa vaxt sonra yayılanlardan biridir. Eyni şikayətlər bir il bundan əvvəl də olunmuşdu. Rayon xəstəxananın direktoru dəyişsə də şikayətlərin motivi dəyişməyib. Dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətdə sözügedən səhiyyə ocağında əxlaqsızlığın baş alıb getdiyi, rüşvətxorluğun baş alıb getdiyi bildirilirdi. Bunun da başında elə onda da, indi də kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın dayandığını yazırlar. Bəs kimdi Gülnarə Ömərova?

Aktualinfo.org-un əldə etdiyi məlimatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovu ya yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanovun hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər verdiyini bildirirlər.

Bu isti münasibətlərin nəticəsi olaraq hazırda Gülnarə Ömərova Zaqatalada oturub ətraf rayonlarda da səhiyyə ocaqlarına rüşvət müqabilində tibbi işçiləri təyin etdirir. Hətta xəstəxananın yeni direktoru Tamara Nurəliyevanın da kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın əli ilə təyinat aldığı söylənilir. Bir sözlə, Gülnarə Ömərova TƏBİB-in icraçı direktoru tərəfindən ona verilmiş qeyri rəsmi səlahiyyətlərdən geninə-boluna istifadə edir. Hətta təkcə Zaqatala rayon Mərkəzi Xəstəxanasının kadrlar şöbəsinə müdirlik etmədiyini, onun həm də bəzi xanım kadrlara rəhbərlik etdiyi söylənilir.

Bəs görəsən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun Zaqatalanın Mərkəzi Xəstəxanasında baş verən rüşvət və korrupsiya halları qalsın bir yana, bir sıra xoşagəlməz hallardan, bölgədə yayılan video sujetlərdən xəbəri varmı? Qohum kimi, dost kimi etimad etdiyi Gülnarə Ömərovanın əməllərinin icraçı direktorun vüqarına xələl gətirmədiyindən də həmçinin.

Aktualinfo.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.