Milli valyutada kreditlərin faizi artdı - Səbəb nədir?
Bu gün, 12:14

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik məlumatlara əsasən, bu ilin iyun ayının 1-nə olan vəziyyətə görə, ölkədə milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18.90% təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3.79 faiz bəndi artım deməkdir.
Milli valyutada kreditlər üzrə faizlərin artmasının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Valyuta.az-a açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, orta illik faiz dərəcələrinin artmasının bir neçə əsas səbəbi mövcuddur:
“Faizlərin yüksəlməsi ilk növbədə pulun bahalaşması ilə əlaqəlidir. Mərkəzi Bank tərəfindən banklara, xüsusilə iri banklara qarşı məcburi ehtiyat normaları artırılıb. Yəni banklar Mərkəzi Bankda daha çox vəsait saxlamalıdır. Bu isə banklar üçün likvidliyin azalması və nəticədə kredit vəsaitlərinin bahalaşması deməkdir”.
Əkrəm Həsənov ikinci səbəb kimi ölkədə müşahidə olunan inflyasiyanı və qiymət artımını göstərib.
Ekspertin fikrincə, vətəndaşlar arasında milli valyutanın devalvasiyaya uğrayacağı ilə bağlı gözləntilər var:
“Devalvasiya məsələsi başqa bir müzakirə mövzusudur. Lakin insanların əksəriyyətində belə bir gözlənti var. Bu zaman bir çoxları milli valyutada kredit götürərək onu dollara çevirib saxlamaq barədə düşünür. Bu isə dolayısı ilə bazarda müəyyən ajiotajın yaranmasına səbəb olur”.