Son ümidin sönməsi: Azadlıq, haqlar və bərabərlik vədləri… indi hardadır?
Bu gün, 15:18

Liberalizm çökür, xaos artır: insanlar güclü lider və sabitlik axtarır
Bir zamanlar liberalizm ümid işığı idi. O, azadlıq, ədalət və bərabər imkanlar vəd edirdi. İnsanlar inanırdılar ki, zəhmət çəkib dürüst yaşamaqla həm öz həyatlarını, həm də cəmiyyəti dəyişə bilərlər.
Liberalizm islahatçıları və adi vətəndaşları ilhamlandırırdı. O, Qərb arzusunun nüvəsinə çevrilmişdi.
Amma bu gün liberalizm getdikcə aktuallığını itirir. Hüquqlardan danışmağın yerini qayda və nizam müzakirələri tutur. Azadlığın əvəzinə isə müdafiə vəd edilir. Bəs, onilliklər ərzində liberal institutlar quran dünya indi niyə onlardan üz çevirir?
Söhbət müasir liberalizmdən gedir – həm iqtisadi, həm də siyasi model kimi son onilliklərin ideologiyasından.
1. Liberalizm “elita ideologiyasına” çevrilib
Bir zamanlar o, əksəriyyətin maraqlarını ifadə edirdi. İndi isə liberalizm getdikcə reallıqdan uzaq düşmüş elitaların ideologiyası kimi qəbul edilir. Siyasətçilər, ekspertlər, media və universitetlər bir-biri ilə danışır, sadə insanlarla yox.
Azadlıq hamıya vəd olunmuşdu – amma nəticədə nüfuzu olanlar toxunulmaz şəxsə çevrildilər. Ədalətdən danışırdılar – amma varlılarla kasıblar arasındakı fərq daha da böyüdü. Ədalətli məhkəmə vəd edirdilər – amma onların korrupsiyalaşmasına ya yol verdilər. Bərabərlik deyirdilər – amma oliqarx strukturları möhkəmləndirdilər.
İnsanlar hiss edir ki, onları eşidən yoxdur. Dəstəkləmək əvəzinə, onlara dərs keçirlər.
Məsələn, ABŞ-da elitaya qarşı narazılıq 2016-cı ildə Donald Trampın qələbəsinə aparan səbəblərdən biri oldu.
2️.Qloballaşma vəd etdiyi nəticələri vermədi
Liberallar inanırdı ki, sərbəst bazar və açıq sərhədlər ümumi rifah gətirəcək. Amma reallıq fərqli oldu.
1990-cı illərdə Bakıda bir fəhlə ümid edirdi ki, övladları daha yaxşı yaşayacaq. Bu gün isə onların çoxunun sabit işi yoxdur, zavodlar bağlanıb, yerlərində ticarət mərkəzləri açılıb.
Gəlirlər yerində sayır, iş yerləri müvəqqəti xarakter alıb, ev sahibi olmaq isə çətinləşib.
Milyonlarla insan gələcəyə inamını itirdiyi bir zamanda transmilli korporasiyalar qazancını artırmaqda davam edir.
“Bizi aldatdılar, – insanlar deyir. – Demək, sistem saxtadır. Bizə alternativ lazımdır”.
Oxşar məyusluq Böyük Britaniyada Brexit-i doğuran amillərdən oldu.
Qərb dünyasından kənarda da bu tendensiya hiss olunur. Latın Amerikasında 1990-cı illərin liberal islahatları özəlləşdirmə və neoliberal siyasətlə müşayiət olunurdu. İndi isə Braziliya və Çilidə olduğu kimi, orada da populistlər və solçular geri qayıdır.
Hindistanda isə bazar iqtisadiyyatı saxlanılsa da, mühafizəkar və millətçi meyllər güclənir.
Hətta Cənubi Koreya və Yaponiyada da gənclər “rəqabət yorğunluğu”ndan və liberal “əməklə uğur qazanmaq modeli”nə inamsızlıqdan danışır.
3️.Mədəni qarşıdurma və özünü itirmə qorxusu
Liberalizm təkcə iqtisadiyyat deyil, həm də dəyərlər sistemidir: dözümlülük, azlıqların hüquqları, fərdi azadlıq.
Amma ənənəvi və dini cəmiyyətlərdə bu dəyərlər bəzən yad norma kimi qəbul olunur. İnsanlar onlara necə yaşamaq, kimi sevmək, nədən utanmaq lazım olduğunun diktə edilməsini istəmirlər. Onlar öz dinlərini, dillərini, adət-ənənələrini və ailələrini qorumağa çalışırlar.
Nəticədə mədəni etiraz artır – millətçilik, mühafizəkarlıq və “proqressiv” elitalara qarşı etimadsızlıq güclənir.
Fransada, Almaniyada və hətta Skandinaviya ölkələrində “ənənəvi dəyərləri” müdafiə edən partiyalara dəstək artır – və bu artıq çoxdan marginallaşmış qüvvə deyil.
4️.Xaos şəraitində insanlar qayda axtarır
Pandemiya, miqrasiya böhranları, inflyasiya, müharibələr, terror aktları – bütün bunlar dünyada vəziyyətin nəzarətdən çıxması hissini artırır.
Belə bir şəraitdə liberalizm abstrakt prinsiplər təklif edir, insanlar isə konkret həll yolları istəyir.
Bu fonda səhnəyə sadə və qəti vədlər verən “güclü liderlər” çıxır:
“Biz sizə nəzarəti qaytaracağıq. Biz xaosu dayandıracağıq. Biz sizin ölkənizi və ailənizi qoruyacağıq”.
Bu isə cəmiyyət üçün başa düşüləndir. İnsanlar artıq qorxmaq istəmir. Onlar üçün abstrakt azadlıq yox, sabaha inam vacibdir.
Yaxın nümunə: Macarıstanda Viktor Orban “liberal xaos”u özünün “idarəolunan nizamı” ilə əvəz etməyi təklif edir.
5️.Demokratiya real həyatdan qopur
Parlamentlər tamaşaya, məhkəmələr siyasi vasitəyə, media isə ideoloji tribuna çevrildikdə, demokratiya gündəlik həyata təsirini itirir.
İnsanlar görür ki, məmurlar siyasətlə məşğuldur, amma real problemləri həll etmir. Sosial şəbəkələrdən, küçələrdən, forumlardan narazılıq səsi getdikcə ucalır.
Burada söhbət diktaturaya can atmadan getmir. Sadəcə, insanlar demokratiyanın onların maraqlarına xidmət etdiyinə getdikcə daha az inanır.
Onlar sabitlik, nizam, “güclü lider” axtarır – hətta bunun üçün azadlığın bir hissəsindən imtina etmək lazım olsa belə.
Nə etməli?
Liberalizmdən imtina – yerinə yetməyən vədlərə inamsızlığın nəticəsidir. Bu, keçmişə qayıdış yox, dəyişiklik axtarışıdır.
Bir vaxtlar liberalizm azadlıq, ədalət, mədəni müxtəliflik ideyaları ilə ruhlandırırdı. Ona güc verən də bu inam idi.
Amma bu gün sağ qalmaq üçün liberalizm öz kökünə qayıtmalıdır:
insanlara yaxınlaşmaq, mədəni xüsusiyyətləri nəzərə almaq, yuxarıdan diktə etmədən, bərabər səviyyədə danışmaq, təkcə paytaxtların deyil, kəndlərin, işçi məhəllələrinin, məktəblərin səsini də eşitmək.
Əgər bunu etməsə, onun yerini yeni ideologiya tutacaq. Hələ ki, bu ideologiya formalaşmayıb, amma axtarış artıq başlayıb.
Bəziləri bunu “rəqəmsal praqmatizm” adlandırır – ideologiyadan çox səmərəlilik və texnoloji suverenliyə üstünlük.
Digərləri “dövlət humanizmi” haqqında danışır – güclü dövlət və sosial ədalət vəhdəti cəhdi.
Başqaları isə gələcəyi “dəyər suverenliyi”ndə görür – hər bir ölkənin universal şablonlara deyil, öz mədəniyyətinə əsaslanan inkişaf modeli qurması.
Bu modellərdən heç biri hələ üstünlük qazanmayıb. Amma oyanış artıq başlayıb.
Bəlkə də, daha yetkin, daha mürəkkəb və daha insani, suverenlik ideyasına əsaslanan yeni sistem yenilənmiş liberalizmin dağılmış fundamenti üzərində formalaşacaq.
Axı, əgər hər bir dövləti şəxsiyyət kimi təsəvvür etsək, suverenlik də ölkə miqyasında onun iradə azadlığıdır.
İdeologiyalar gəlir və gedir. Azad və ədalətli həyat arzusu isə əbədidir...
Fuad Rəsulov
pressklub