Masallıdan şikayət var: ”Yol polisi oğluma həm cərimə yazıb, həm dəxəsarət yetirib”
22-05-2023, 09:04
Sumqayıt sakini Günay Abbasova Masallının Sərçuvar kəndi ərazisində yerləşən Yol Patrul Xidmətinin əməkdaşlarından şikayətçidir.
Dunyaninsesi.Az xəbər verir ki, bu barədə “Meydan TV” məlumat yayıb. Şikayətçi bildirib ki, 2023-cü il mayın 4-də polis əməkdaşı onların avtomobilini yolda saxlayıb və xoşagəlməz insident yaşanıb:
“Lerikdən Sumqayıta evimizə gəlirdik. Masallı polisi bizi saxladı. Yoldaşımdan sənədlərini istədilər, o da verdi. Polis əməkdaşlarından biri dedi ki, siz 2020-ci ildə sürücülük vəsiqəsindən məhrum edilmisiniz. Yoldaşım da çıxarıb, ödədiyi cərimlərin qəbzlərini göstərdi. Təxminən 600 manat civarında idi. Polis razılaşmadı. Dedi ki, siz ödəniş etsəniz də, sürücülük vəsiqəsindən məhrum edilmisiniz. Yoldaşım dedi ki, ödəniş edilib və üzərindən üç il keçib. Polis də yoldaşımı məhkəmə ilə hədələməyə başladı. Yoldaşım da dedi ki, mənə məhkəmədən heç bir məktub və yaxud da telefonuma mesaj-xəbərdarlıq gəlməyib. Bundan sonra onlar yoldaşımı və 16 yaşlı oğlumu idarənin binasına apardılar”, – deyə Abbasova qeyd edib.
O iddia edir ki, dörd polis əməkdaşı tərəfindən oğlu Əli Abbasova və həyat yoldaşı Tale Abbasova fiziki xəsarət yetirilib:
“Dörd nəfər həyat yoldaşıma və oğluma psixoloji təzyiq göstəriblər. Söyüş söyüblər. On altı yaşlı oğluma fiziki təzyiqlər olub. Uşağın qolu, boynu göyərib, qolunda cızıq izləri var. Yoldaşımın qulağının dibindən necə vurublarsa, kar olub, eşitmir”.
Şikayətçinin sözlərinə görə, oğlu baş verənlərdən sarsıntı keçirib. Onu incidən polislərin əlindən qurtulub qaçmaq istəyəndə, qolu, stolun üzərində kompüterə toxunub:
“Kompüter aşıb. Bunlar da deyirlər ki, oğlum polislərə müqavimət göstərib, stolun üstündəki kompüteri sındırıb. Uşağın qolları, boynu cızıq-cızıqddır. Soruşuram, uşağı niyə belə döymüsünüz? Deyirlər ki, sıxmışıq. Uşaq deyir ki, ana, məni yerə uzadıb, vurdular. Uşağı döy, təhqir et, sonra da gəl, de ki, oğlun psixoloji problemlidir, dəlidir, həkimə göstər”.
“Yoldaşıma deyiblər ki, səni ya 8 sutkalıq həbs edirik, ya da 1500-2000 min manat pul ver, söhbət bağlansın. Yoldaşım da deyib ki, mən heç kimə rüşvət verməyəcəyəm. Dövlətin qanunları nə tələb edirsə, ona əməl edəcəyəm”, – deyə o bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Meydan TV-yə bildirib ki, Tale Abbasovun idarə etdiyi nəqliyyat vasitəsi Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb:
“Məlum olub ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük hüququ yoxdur. Bundan sonra həmin şəxs və avtomobildə olan oğlu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərlərinə tabe olmadıqları üçün Masallı Rayon Polis Şöbəsinə gətiriliblər. Barələrində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsilə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Həmin şəxslərə qarşı hər hansı qanunsuz tələblərin irəli sürülməsi halı olmayıb, səsləndirilən iddialar şəxsi mülahizələrdir və həqiqəti əks etdirmir”.