Ədalət bərqərar oldu- “Gəncəbank” məhkəməni uduzdu

19-05-2015, 16:21           
Ədalət bərqərar oldu- “Gəncəbank” məhkəməni uduzdu
Pərvanə Novruzova Natalya Kərimovanın əmlaklarını özünə qaytarmalıdır

Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsi “Gəncəbank” rəhbəri Pərvanə Novruzovanın əleyhinə qərar verib. Məhkəmə P.Novruzovanın istifadəsində olan əmlakların Natalya Kərimovaya qaytarılmasına yol açan qərar qəbul edib. N.Kərimovanın vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a bildirib ki, 2002-ci ildə“Gəncəbank” ASC-nin Natalya Kərimovaya qarşı iddia qaldırıb. Lakin həmin vaxt N.Kərimova P.Novruzova tərəfindən ölkədən çıxarıldığına görə o, həmin iddiaya baxılarkən məhkəmədə iştirak edə bilməyib. Buna görə də məhkəmə N.Kərimovaya məxsus əmlakların – “Nataşa” salonunun, Gəncə şəhərində 2 mənzilin bankın sərəncamına keçməsi haqda qiyabi qərar çıxarıb.

“2015-ci il mayın 19-da çıxarılan qərarla “Gəncəbank”ASC-nin Natalya Kərimovaya qarşı iddiasının təmin edilməsi haqda 2002-ci ildə çıxarılan qiyabi qərar ləğv olunub. Həmin qiyabi qərarda bizə məlum olmayan və bizdən xəbərsiz tərtib olunan müqaviləyə istinad olunurdu. Müqavilədə yazıblar ki, güya öhdəliyin təminatı kimi “Nataşa” salonu girov qoyulub və güya Natalya Kərimova ödəmə həyata keçirmədiyindən girov “öhdəliyin” təminatına yönəldilib. Bu faktiki olaraq Natalya Kərimovaya məxsus salonun məhkəmə aktı ilə qanunsuz olaraq ələ keçirilməsi idi. Bu gün çıxarılan qətnamə ilə Natalya Kərimovaya məxsus olan və “Gəncəbank” İdarə Heyətinin sədri Pərvanə Novruzovaya keçməsinə dair hüquqi əsas yaratmış Kəpəz Məhkəməsinin 2002-ci il tarixli qiyabi qətnaməsi şikayətimiz əsasında ləğv olunub. Bununla da həmin hüquqların pozulmasına əsas verən qətnamə hüquqi qüvvəsini itirib. Natalya Kərimovanın əmlaklarına Pərvanə Novruzovanın mülkiyyət və istifadə hüququ itirildi. Yəni Nataşa Kərimovanın daşınmaz əmlakının mülkiyyət hüququ əvvəlki vəziyyətinə gətirilib”.

Vəkil P.Novruzovanı məhkəmə aktına hörmətlə yanaşıb “Nataşa” salonunu mübahisəsiz şəkildə, süründürməçiliyə yol vermədən Natalya Kərimovaya təhvil verməyə çağırıb. Deyib ki, P.Novruzovanın bu istiqamətdə atacağı addım onun Azərbaycan qanunlarına necə əməl etməsinə bariz nümunə olacaq. Ceyhun Yusifiov N.Kərimovanın yaxınlarının mayın 22-də baş prokuror Zakir Qaralovun Goranboyda keçiriəcəyi qəbula yazıldıqlarını da açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.