Üç qəhrəman azərbaycanlı qadın haqqında FOTO
Bu gün, 00:01

İkinci dünya müharibəsində Azərbaycan faşizmə qarşı mübarizədə böyük tövhə verən ölkələrdən biridir. Azərbaycan cəbhədə SSRİ-nin neftə olan ehtiyacının 75-80 faizini qarşılayırdı. Həmçinin görkəmli Azərbaycan alimi Yusif Məmmədəliyevin elmi kəşfləri sayəsində SSRİ hərbi sənayesi partlayıcı maddələrə , yüksək oktanlı aviobenzinə olan tələbatı ödəmişdir. Yusif Məmmədəliyevin elmi kəşfləri o qədər əhatəlidir ki, onun haqqında ayrıca yazı paylaşacam.
Sizə üç azərbaycanlı qadın qəhrəmanı tanıtdırmaq istəyirəm.

Leyla Məmmədbəyova Azərbaycanın və Cənubi Qafqazın ilk qadın təyyarəçisi (pilot-paraşütçüsü) olmuşdur. O, həm də bütün Şərqdə ilk qadın paraşütçü kimi tarixə düşüb. Sovet dövrünün çətin şəraitində qadınların aviasiyaya cəlb olunması nadir hal idi və Leyla xanım bu sahədə öncül rol oynamışdır.
Qısa Bioqrafiya
Doğum: 1909-cu il, Bakı
Təhsil: Bakı Aviasiya Klubu, sonra Moskva Mülki Aviasiya Məktəbi
İxtisas: Pilot və paraşütçü
Ölüm: 1989-cu il.
1931-ci ildə aviasiya sahəsində fəaliyyətə başladı. Elə həmin il ilk dəfə paraşütlə tullanaraq bu sahədə tarix yazdı.
Qadınlara aviasiya sahəsində yol açan ilk nümunə oldu.
Uçuş təlimatçısı kimi yüzlərlə pilotun yetişməsində iştirak edib.
İkinci Dünya Müharibəsi dövründə qadınların hərbi aviasiyaya hazırlanması işinə cəlb olunmuşdu.Leyla Məmmədbəyova yalnız Azərbaycanın deyil, bütün müsəlman Şərqinin aviasiya tarixində mühüm yer tutur. O, cəmiyyətin kişi sahəsi hesab edilən bir peşəyə qadınların daxil ola biləcəyini sübut edərək ilklərdən biri olmuşdur.
Şövkət Şahbaz qızı Səlimova — Azərbaycanın ilk qadın gəmi kapitanı və İkinci Dünya müharibəsi dövründə dünyada bu vəzifəni icra edən iki qadından biri olmuşdur .

1920-ci il dekabrın 25-də İsmayıllı rayonunun Lahıc kəndində neftçi ailəsində anadan olmuşdur . Uşaq yaşlarında aviamodelçiliklə maraqlanmış, 1935-ci ildə Moskvada keçirilən aviamodel yarışında birincilik qazanmışdır .
Şövkət Səlimova, SSRİ-nin ilk qadın uzaq səfər kapitanı Anna Şetinanın fotosunu jurnalda gördükdən sonra dənizçi olmağa qərar vermişdir . 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirmiş və Odessa Dəniz Gəmiçiliyinin “Serqo” gəmisində kapitanın üçüncü köməkçisi kimi işə başlamışdır
İkinci Dünya müharibəsi zamanı “Dnepr” gəmisinin kapitanı olaraq, Xəzər dənizi vasitəsilə cəbhəyə neft, silah və digər hərbi ləvazimatlar daşımışdır . Göstərdiyi şücaətə görə “Qırmızı Ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə” və “1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilmişdir .
Müharibədən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda dosent, prorektor və kafedra müdiri vəzifələrində çalışmış, 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır .
Mükafatları və Təsiri.
Şövkət Səlimova, Azərbaycanın ilk qadın gəmi kapitanı olaraq, dənizçilik sahəsində qadınların rolunu artırmış və gələcək nəsillərə ilham vermişdir.
Ziba Paşa qızı Qəniyeva (20 avqust 1923 – 2010) İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı snayper, kəşfiyyatçı və rabitəçi olmuşdur. O, həmçinin Sovet İttifaqında qadınların hərbi xidmətinə dair simvolik fiqurlardan biri hesab olunur.

Ziba Qəniyeva 1923-cü il avqustun 20-də anadan olmuşdur. Doğum yeri ilə bağlı müxtəlif mənbələrdə fərqli məlumatlar mövcuddur: bəzi mənbələr Şamaxı, digərləri isə Özbəkistanın Gülistan şəhəri və ya Qazaxıstanın Çimkənd şəhərini qeyd edir. Atası azərbaycanlı Paşa Qəniyev müəllim və tərcüməçi, anası isə özbək idi. 1937-ci ildə anası repressiyaya məruz qaldıqdan sonra, atası Zibanın təhlükəsizliyi üçün ondan imtina etmişdir. Bu hadisədən sonra Ziba Daşkəndə köçərək Özbəkistan Dövlət Filarmoniyasının xoreoqrafiya şöbəsində təhsil almışdır. 1940-cı ildə isə Moskvaya gedərək Teatr Sənəti Dövlət İnstitutunun aktyorluq fakültəsinə daxil olmuşdur.
Hərbi xidməti.
1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan sonra Ziba Qəniyeva könüllü olaraq Qırmızı Orduya qoşulmuşdur. O, 3-cü Moskva Kommunist Atıcı Diviziyasında xidmətə başlamış, daha sonra 130-cu Atıcı Diviziyanın 151-ci Ayrı Motorlaşdırılmış Kəşfiyyat Taborunda snayper və kəşfiyyatçı kimi fəaliyyət göstərmişdir. Qısa müddətli təlimlərdən sonra o, düşmən arxasına 16 dəfə uğurla keçid etmiş və 20-dən çox düşmən əsgərini zərərsizləşdirmişdir. 1941-ci ilin noyabrında Qırmızı Meydanda keçirilən məşhur paradda iştirak etmişdir.
1942-ci ildə ağır yaralanaraq qan zəhərlənməsi keçirmiş və 11 ay xəstəxanada müalicə almışdır. Bu müddət ərzində SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Şvernikin həyat yoldaşı Mariya Şvernik onunla şəxsən maraqlanmış və sonradan Qəniyeva ailə tərəfindən övladlığa götürülmüşdür.
Mükafatlar və Sonrakı Həyatı
Ziba Qəniyeva göstərdiyi qəhrəmanlığa görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni, "Moskvanın müdafiəsinə görə" medalı və 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir.
Müharibədən sonra o, təhsilini davam etdirərək 1965-ci ildə filologiya üzrə elmlər namizədi alimlik dərəcəsi almışdır. Eyni zamanda, 1946-cı ildə "Tahir və Zöhrə" filmində baş rol ifa edərək aktyorluq sahəsində də fəaliyyət göstərmişdir.
Джавид Дамирли
TEREF