Cəlil Nəzərovla Eşqin Əliyevi kim(lər) və niyə tutdurub?
23-08-2023, 13:00
O gün saytların birində "Azərbaycanda yüksək vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi" başlıqlı yazı qarşıma çıxdı. Əvvəl elə fikirləşdim ki, hansısa nazir və ya komitə sədri həbs edilib. Xəbəri açıb nə görsəm yaxşıdır? Gördüm ki, söhbət hansısa rayon mərkəzi xəstəxanasının şöbə müdirindən gedir. Mən özüm bilirəm ki, şöbə müdiri yüksək vəzifəli şəxs hesab olunmur. Səhv etmirəm ki?
Ataların yaxş deyib: Balıq hardan iylənər? Əlbəttə ki, təpəsindən. Yəqin ki, nə demək istədiyimi başa düşməkdə çətinlik çəkmirsiz?! Demək istəyirəm ki, əgər şöbə müdiri rüşvət alırsa buna görə səhiyyə nazirliyinin, TƏBİB-in və ən əsası həmin o mərkəzi xəstəxananın rəhbərliyi də məsuliyyət daşıyır. Bəlkə səhv düşünürəm? Belədəki özümüz-özümüzü aldatmayaq. Onsuz da demək olar ki, bütün xəstəxanalarda vəziyyət eynidir. Sadəcə hər şey lazımi yerlərin pulunun vaxtında çatdırılmasından asılıdır.
Xatırlayırsınızsa bir müddət əvvəl Masallı rayon Mərkəzi Xəstəxananın direktoru Cəlil Nəzərov da həbs edilmişdi. Səhv etmirəmsə ona cinayət məcəlləsinin müvafiq maddələri ilə (rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə) ittiham irəli sürülmüşdü. Direktor Cəlil Nəzərovdan bir neçə ay sonra baş həkim Eşqin Əliyev də demək olar ki, eyni maddələr üzrə həbs edildi. İlqar Ramizoğlunu vəzifəyə gətirmək üçün onun qardaşı Cəlil Nəzərovun və Eşqin Əliyevin torbasını tikdi.
Düşünürsüz ki, direktor və baş həkimin həbsindən sonra rayon mərkəzi xəstəxanasında hər şey düzəldi? Elə bilirsiz indi Masallı rayon Mərkəzi Xəstəxanasında yuxarıda qeyd etdiyim hallar yoxdur? Var! Əvvəlkindən daha betər. İndi rayon sakinləri Cəlil Nəzərovun və Eşqin Əliyevim ölənlərinə gecə-gündüz rəhmət oxuyurlar.
Cəlil Nəzərovdan sonra Masallı rayon Mərkəzi Xəstəxanasına Rasim Əzizov direktor təyin edildi. Çox keçmədi hazırki direktor İlqar Ramizoğlu yüksək vəzifədə işləyən adamlarının vasitəsilə Rasim Əzizovun "torbasını tikdi". Bundan sonra İlqar Ramizoğlu sükanı öz əlinə aldı. Beləliklə, indiki direktor Masallı rayon Mərkəzi Xəstəxanasını açıq bazar qaydaları ilə idarə edir. Heç nədən və heç kimdən qorxmadan. O, deyir ki, burda mənəm orda da fılankəs... Bilirsiz, fılsnkəs deyəndə söhbət kimdən gedir? İlqar Ramizoğlunun havadarlarından. Bəs görəsən onun havadarları kimlərdir? Belə bir məlumat var ki, onu qoruyan mələklərdən biri, bəlkə də birincisi hüquq mühafizə orqanlarında yüksək vəzifədə işləyir. O adama arxayın olan direktor sözün əsl mənasında qaz vurub, qazan doldurur.
İlqar Ramizoğlunun "idarəçiliyi" sayəsində Səhiyyə Nazirliyinin və TƏBİB-in rəhbərliyi hər gün ən azı 350 posyentlər tərəfindən təhqir edilir. Çox acınacaqlı mənzərə deyilmi?!
Aidiyyatı üzrə hüquq mühafizə orqanlarının əməkdaşları sözügedən xəstəxanada obyektiv araşdırma apararlarsa, bu zaman kimin kim olduğu ortaya çıxar. Belə bir şey mümkündür? Əslində mümkün ola bilər. Ancaq İlqar Ramizoğlunun hüquq mühafizə orqanlarındakı arxa-dayağı buna imkan verməz.
Deyilənə görə onun havadarı həftədə iki-üç dəfə rayona gəlir. İçərisi görünməyən və sayrışan işıqlarla xəstəxananın ətrafında biraz fırlanıb gedir. Beləliklə rayonda söz-söhbət yayılır ki, İlqar Ramizoğlundan heç kim şikayət etməsin. Yoxsa qara maskalılar gəlib onu aparar.
İlqar Ramizoğlunun rəhbərlik etdiyi tibb müəssisəsində rüşvət və dövlət vəsaitlərinin mənimsənilməsi halları ilə yanaşı, burada əxlaqsızlıq da hökm sürməkdədir.
Maraqlıdır, İlqar Ramizoğlunun arxa-dayağı kimdir və o hansı orqanın işçisidir? Bu və digər məsələlər barədə növbəti dəfə məlumat verməyə çalışacağıq.
7GÜN TV