Sumqayıt İcra başçısı depressiyaya düşüb: daha bir idarədə yeyinti faktı üzrə cinayət işi açılıb

23-08-2023, 17:09           
Sumqayıt İcra başçısı depressiyaya düşüb:
Sumqayıtda Maliyyə Nazirliyi və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi yoxlamalardan sonra daha bir qurumda yeyinti halları aşkarlanıb. JAMAZ.İNFO xəbər verir ki, həmin yoxlamalar zamanı Sumqayıt Təhsil İdarəsi və 1 saylı orta məktəbdə ciddi maliyyə yeyintiləri olduğu üzə çıxıb.

Verilən məlumatda qeyd edilir ki, Təhsil İdarəsində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, habelə rəqmələrin şişirdilməsi nəticəsində dövlətə bir neçə milyon manat zərər dəyib. Maliyyə Nazirliyinin yoxlamaları zamanı həmçinin Təhsil İdarəsinin nəzdində olan məktəb və digər təhsil ocaqlarında təmir-tikinti işləri zamanı da ciddi yeyinti üzə çıxıb. Bunun ardından nazirlik yoxlamaların nəticələrini KQMBİ-yə göndərərək, ona hüquqi qiymət verilməsini istəyib.

Həmin məlumatlara görə, KQMBİ sənədləri araşdırdıqdan sonra Sumqayıt Təhsil İdarəsinə qarşı cinayət işi qaldırıb. Bu cinayət işi nəticədsində həbs edilənlərin olub olmadığı barədə hələlik bilgi yoxdur. Lakin yaxın zamanlarda idarə rəhbərinin və daha bir neçə şəxsin cinayət məsuliyyətinə cəlb ediləcəyi istisna edilmir.

Xatırladaq ki, bu, Sumqayıtda ilk hadisə deyil. Maliyyə Nazirliyi Sumqayıt Səhiyyə İdarəsində də yoxlama apararaq, 4.25 milyon manat yeyinti aşkarlamışdı. Həmin hadisə ilə əlaqədar prokurorluğun cinayət işi açdığı da məlumdur. Bu cinayət işinə görə, iki nəfər ittiham olunur ki, onlardan biri də Sumqayıt İcra Hakimiyyətinin yerli özünüidarəetmə qurumları ilə iş üzrə şöbənin müdiri Gündüz Əliyevin bacısıdır.

Həmin yoxlamalardan sonra Gündüz Əliyev və icra başçısı Zakir Fərəcov təcili olaraq, pul toplamaqla yeyinti məbləğiniun böyük hissəsini geri ödəməyə nail olmuşdular. Nəticədə, 177 min manatlıq ödənilməyən hissə qalıb ki, onun da əsasında cinayət işi açılıb.

Qeyd edək ki, Sumqayıtda aparılan total yoxlamalar icra başçısı Zakir Fərəcovu depressiyaya salıb. JAMAZ.İNFO-ya verilən məlumata görə, bir tərəfdən sahibkarlara 50 milyon manat borcun olması, digər tərəfdən də həyata keçirilən yoxlamalar Fərəcovu çətinə salıb. Onun hətta işə az-az gəldiyi, gəldikdə isə bir-iki saat oturaraq, getdiyi bildirilir. Məlumatlarda deyilir ki, icra başçısı nəinki vətəndaşları, hətta öz işçilərini belə qəbul etməkdən imtina edib.

Fərəcova yaxın olan şəxslərin dediklərindən isə belə məlum olub ki, icra başçısı düşdüyü depressiyadan dolayı, həm də aqressivləşib. Belə ki, o, öz yaxınları ilə belə sərt tonda danışır.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.