Həkim, yoxsa "qəssab", xəstəxana, yoxsa "ölüm düşərgəsi" - Pulunla müəyyən et...

26-08-2023, 09:26           
Həkim, yoxsa "qəssab", xəstəxana, yoxsa "ölüm düşərgəsi" -
Girişdə səni diqqətlə süzən təhlükəsizlik işçisinin baxışlarından qurtulub, binaya daxil olursan. Bu dəfə də səni ağ xalat geyinmiş, ancaq bir-birlərinə "az", "ə" şəklində müraciət edən, soyuq baxışlı, laqeyd davranışlı işçilər müşayiət edir. Yanlarından ağır-ağır keçən və əziyyət çəkdiyi hiss olunan bir xəstənin yanında iki ağ xalatlı əməkdaş bir-birləri ilə nəsə barədə söhbət edir və qəfil bərkdən qəhqəhə ilə gülürlər. Həm bir-birləri ilə, həm də xəstə ilə olan münasibətlərini kənardan müşahidə edib, düşünürsən ki, ola bilsin, mən 1930-cu illərə qayıtmışam və bura da KQB-nin qorxunc laboratoriyalarından biridir. Daha sonra xatırlayırsan ki, daxil olduğun binanın üzərində "Mərkəzi xəstəxana" ifadəsi yazılmışdı. Bəli, bura dövlət xəstəxanasıdır. İnsanların fiziki xəstəliklərini sağaltmaq üçün gəlib, psixoloji xəstəliklərlə ayrıldığı və ya ayrılmadığı o "məşhur" dövlət xəstəxanaları.
Bu xəstəxanalar niyə insanların nəzərində öz etibarını itirib? Axı, orda çalışan həkimlər, digər tibb əməkdaşları da bu xalqın balalarıdır, onlara və fəaliyyətlərinə qarşı niyə belə kəskin mövqe var? Məsələn, özəl klinikalar, xəstəxanalar da var. Orda çalışanlar da həkimdir, eyni burdakılar kimi ağ xalat geyinirlər, xəstə müalicə edirlər. Bəs nə üçün insanların əksəriyyəti onlardan razılıq, bunlardan isə narazılıq edir? Cavabı bəsitdir - xəstələnəndə, özün biləcəksən.

Məsələn, xəstələnirsən, ya da ailə üzvlərindən birinin halı pisləşir. Zəng edirsən təcili yardım çağırmağa, operator sənə deyir ki, müraciətinizi qeydə aldım. O təcili yardımın çağırılan yerə gəlib çatması, bir saatdan daha tez olmur. Bu, mümkün deyil.

Məsələn, bu yaxınlarda qonşuluğumuzda bir kişinin ürəyi tutdu, 20 metr yuxarıda bir poliklinika var idi, qonşulardan biri tez gedib, həmin poliklinikadan həkim istəmişdi ki, adam infakt keçirir, gəlin, müdaxilə edin. Cavab vermişdilər ki, bizlik deyil, gedin, ambulans çağırın. 20 metr uzaqlıqdakı poliklinikadan bir həkim gəlib, o adama baxmadı. Əlacsız qalıb, ambulans çağırdılar. Kişi dünyasını dəyişdikdən yarım saat sonra ambulans gəlib çatdı. Həkimlər, qonşular və rəhmətə gedənin ailə üzvləri hamısı düzülüb, çarəsizcə kişinin nəşinə baxırdılar.

"Ambulans niyə gecikir?" sualına hər zaman standart bir cavab var: "Həkimlərimiz və ambulanslar ərazidədirlər, gəlsinlər, yönləndirəcəyik".

Dövlət xəstəxanalarının "yazılmamış qanunları" yazılmış qanunlarından bir neçə vərəq çoxdur. Məsələn, liftə minib, yuxarı mərtəbəyə çıxmaq istəyirsən, amma bunun üçün gərək liftlə səni qaldıran "həkim"ə bir manat pul verəsən. Azərbaycanda insanlar bir restorana, bir də xəstəxanaya gedəndə aylıq maaşlarını ciblərinə qoyub, elə gedirlər.

Özəl xəstəxanalarda yaradılan şərait isə həmişə daha fərqli olub. Adam istəyir ki, hər gün xəstələnsin. Evində görmədiyi nəvazişi, qayğını o özəllərdə görən nə qədər insan var. Bunun da səbəbi var - pul. Məsələn, dövlət xəstəxanasında müalicə alan bir deputat adı eşitməmişəm. Heç nazir, ya da başqa məmur adı da eşitməmişəm. Keçmiş səhiyyə nazirini nə vaxt soruşurdun, deyirdilər Almaniyada müalicədədir. Hansı biraz xəstələnir, o saat qaçır xaricə. Təzyiqlərini də gedib xaricdə yoxlatdırıb, gəlirlər. Deputat, nazir, məmur olmayan, amma yaxşı maaşı olan bir vətəndaş isə çox vaxt özəl klinikaları seçir. Yaxşı gəliri olan heç kim dövlət xəstəxanalarına bel bağlamır, heç kim orda özünün, yaxınlarının hörmətsizlik görməsini, laqeydliyə və ölümə tərk olunmasını istəmir.

Həkimlər hər zaman ağ xalat geyinir, amma xalatın içindəkinin həkim, yoxsa qəssab olduğunu, getdiyin binanın isə xəstəxana, ya "ölüm düşərgəsi" olduğunu cibindəki pul müəyyən edir. Kapitalist dünyanın acı və gerçək həqiqəti bu olsa gərək...
Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.