Hakim oğlunun idman-fitnes biznesi
28-08-2023, 10:04
“Push30”: Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib olan bir şirkət
Azərbaycanın idman və fitnes sektorunda böyük payçılardan biri olan “Push30” şirkəti 2019-cu ildən qeydiyyatdan keçməsinə baxmayaraq, pandemiya səbəbindən 2021-ci ildən fəaliyyətə başlayıb.
Qısa bir müddətdə isə paytaxt və xaricində 200-dən çox fitnes və idman mərkəzindən istifadəyə məhdudiyyətsiz giriş imkanı verən bir korporativə çevrilməyi bacarıb.
Tez bir zamanda səsi bütün ölkəyə yayılan, hətta şirkətlə bağlı “bu qədər tez uğur qazanmağa nəyin imkan verməsi” sualı doğuran, eləcə də hakim ailəyə və onların yaxınlarına məxsus şirkətlərin də müqavilə imzaladığı “Push30”-un maraqlı təsisçiləri var.
Məsələn, kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən yarandığı tarixdən “Push30” MMC şirkətinin qanuni təmsilçisi Adil Faiq oğlu Qasımovdur. Açıq mənbələrə görə, bu ilin fevral ayında Özbəkistanda da yaradılan şirkətin səhmdarı Azərbaycanda qeydiyyatdan keçən “Push30” MMC-ə məxsus olsa da, əlaqədar şəxs kimi Adilin email ünvanı qeyd edilib.
Şirkət haqqında kommersiya qurumlarının dövlət reyestri məlumatı – Mənbə: e-taxes.gov.az
30 yaşlı uğurlu karyeraya sahib olan Adil Qasımov bu məlumatı təkzib etmir.
O, 2016-cı ildə Londonda magistr təhsilini başa vurduqdan sonra Azərbaycana geri dönüb və həmin ildən ölkənin hakim ailəsinə məxsus “Kapital Bank”da 2019-cu ilə qədər “Layihə İdarəetmə Ofis mütəxəssisi” və “Aparıcı mütəxəssis” kimi vəzifələr tutub. Onun “Linkedin” hesabında yazılan məlumata görə, aparıcı mütəxəssis kimi o, “Pasha Holding”in strateji aktivlərini “Kapital Bank”da, “Syngery Squad”-ı idarə edən komandanın rəhbəri olub.
Bankdan ayrılandan bir ay sonra isə “Push30” şirkətini Rahul D’Mello adlı şəxslə yaradıb. Rahulun bioqrafiyasına görə, o, həm də Bakıdakı tanınmış Landau məktəbinin həmtəsisçisidir.
Sahibkar Rahul D’Mello və Adil Qasımov – Mənbə: Qafqazinfo
“Kommersiya sirri haqqında” qanuna əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab edilir. Bu səbəbdən şirkətdə kimin nə qədər faiz səhmi olduğunu və yaxud Rahul və Adildən başqa kimlərin səhmdar olması barədə məlumatı öyrənmək mümkün olmayıb.
Lakin Adil təkcə uğurlu biznesmen deyil.
O, eyni zamanda Azərbaycanın 20 ildən çox müxtəlif məhkəmələrində hakimlik edən Faiq Qasımovun oğludur.
59 yaşlı Faiq Qasımov hazırda Pirallahı Rayon Məhkəməsinin hakimi və sədridir.
O, 2000-2008-ci illərdə Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2008-2018-ci illərdə Bakı Apelyasiya Məhkəməsinin hakimi, 2018-ci ildən 2022-ci ilə qədər isə Bakı Apelyasiya Məhkəməsi Hərbi Kollegiyasının sədri olub.
Hakim Faiq Qasımov – Mənbə: courts.gov.az
Faiq Qasımov bloger Mehman Hüseynov, jurnalist Əziz Orucov, siyasi fəal Fuad Əhmədli kimi siyasi məhbus hesab edilən şəxslərin məhkəmələrində hakimlik edib və verdiyi siyasi sifarişli qərarlarla yadda qalıb.
“5 milyonluq illik dövriyyə” və Özbəkistan
“Əvvəla, onu qeyd edim ki, layihə mən və dostlarım tərəfindən yaradılıb. Mən İngiltərədə təhsil almışam, orada olarkən idmanın onların həyat tərzi olduğunu gördüm. Düşündüm ki, bu, bizdə də belə olmalıdır. Ölkəmizdə idmanla məşğul olmaq üçün xeyli idman mərkəzi olsa da, insanların iş və ailə şəraiti həmişə yaxında olan idman zalına getməyə uyğun olmur”, – Adil Qasımov ötən il yerli media qurumlarından birinə verdiyi müsahibəsində “Push30” layihəsi haqqında danışarkən bildirib.
Ötən ilin mayında “Facebook” hesabında “Əla iş, komanda! 2500 aktiv istifadəçi, 90+ fitness studiyaları və 500+ çox imzalanan korporativ müştərilər” – yazaraq şirkətinin komandasını əldə etdikləri uğurlara görə təbrik edib.
Ölkədə 18 mindən çox istifadəçinin daxil olduğu bu platformanın əhatə dairəsi bu il Özbəkistana da çatıb.
Şirkətin qeydiyyat tarixi elə İlham Əliyevin həmin ölkəyə səfərindən 3 ay sonraya təsadüf edir. 2022-ci ildə Əliyev Özbəkistana ən azı iki-üç dəfə səfər edib və sonuncu səfəri noyabrın 10-u “Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü”ndə iştirak etmək məqsədi daşıyıb.
Səmərqənddə İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşü (10 noyabr 2022) – Mənbə: Azərtac
“Siz üçüncü dəfədir ki, Özbəkistana səfər edirsiniz, buna görə Sizə çox təşəkkür edirəm. Əlaqələrimiz sistemli olub və ən başlıcası, konkret nəticələr verir. Bizim komandalar artıq bir-birini tanıyır. Biz Sizin gəlişinizə hazırlaşmışıq, çoxlu ciddi layihələr var, genişproqramlı çoxlu səfərlər olub. Artıq görüşürlər, söhbət edirlər”, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Əliyevlə noyabrda baş tutan görüşündə deyib.
Sənədlər göstərir ki, bu səfərdən sonra, fevral ayında “Push30” MMC, Özbəkistanın paytaxt şəhərində 16 min manatdan çox kapitalla yerli şirkətini qeydiyyatdan keçirib və orada da artıq bir çox şirkətlə müqavilə imzalayıb. Bu fitnes mərkəzlərindən biri isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin elə öz kürəkəninə məxsusluğu ilə bilinən “BeFit Fitness And Wellness”-dir.
Növbə – Vəkillər Kollegiyası
2022-ci ildə fəaliyyəti böyüyən “Push30” elə KOBIA-nın (Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) “Startap şəhadətnaməsi“ni də alıb. Bu şəhadətnamə ilə şirkət innovativ fəaliyyətdən əldə etdikləri gəlir vergisindən 3 il müddətinə azad olunan bir mikro və ya kiçik sahibkarlıq subyekti kimi qeyd olunur.
Bu sertifikat, dövlət tərəfindən şirkətin inkişafını dəstəkləməyə və yeni təcrübələrə imkan verir.
Şirkət koronavirus pandemiyasından zərər çəkdiyini qeyd edərək, muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi də alıb. Vəsaitin nə qədər olduğu isə bəlli deyil.
Azərbaycanda birinci ailəyə məxsus və onlara yaxınlığı ilə tanınan şirkətlər də “Push30”-la əməkdaşlığa yox deməyib.
“Push30″-un müqavilə bağladığı şirkətlər arasında “Unibank”, “McDonald’s”, “Wolt”, “Pasha Holding”, SOCAR, “NEQSOL Holding”, “Azercell”, “Azerconnect”, EY, KPMG, “Kontakt Home” kimi nüfuzlu şirkətlər qeyd edilir.
Lakin bu ilin fevralından əməkdaşlar siyahısına Vəkillər Kollegiyası da qatılıb.
Vəkillər Kollegiyası ilə əməkdaşlıq müqaviləsi imzalayaraq “Push30”, ölkədə yerləşən çoxsaylı idman mərkəzlərinə vəkillərə məhdudiyyətsiz giriş imkanı təmin etməyə başlayıb. Bu müqavilə ilə vəkillər Bakı, Gəncə, Sumqayıt, Xırdalan və digər şəhərlərdə fəaliyyət göstərən çoxsaylı fitnes mərkəzlərində limitsiz giriş imkanından yararlanmaq imkanı əldə edirlər.
Hüquq üzrə ekspert Xalid Bağırov isə deyir ki, Vəkillər Kollegiyası ilə olan müqavilə problemli məsələdir.
“Vəkillər Kollegiyası bu müqaviləni necə bağlayıb? Vəkillər Kollegiyasının büdcəsi necə formalaşır? Əlbəttə ki, vəkillərin verdiyi ödənişlər hesabına formalaşan büdcəsi var. O zaman bu büdcə necə xərclənir? Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu pulları necə xərcləyir? Necə olur ki, vəsaitin harasa xərclənməsi ilə əlaqədar müqavilə bağlayır?”,- deyən ekspert əlavə edir ki, bu şirkətin hansı əsaslarla seçilməsi suallar doğurur.
Hüquqşünas Xalid Bağırov
“Bazarda bu sahədə fəaliyyət göstərən digər şirkətlər var idimi? O şirkətlər arasında müsabiqə keçirildimi? Niyə müsabiqə keçirilmədən müqavilə bağlanılır? Bax bu sualların açıq qalması, bu məqam özü göstərir ki, Vəkillər Kollegiyasının büdcəsinin xərclənməsində şəffaflıq yoxdur”.
Ötən ilin dekabrında yerli mediaya verdiyi müsahibəsində şirkətin uğurlarından danışan Qasımov onu da qeyd edib ki, şirkətin illik dövriyyəsi 5 milyonu keçib.
“Pandemiyadan əvvəl yaratdıq, amma yarımçıq qaldı. Biz bu dövr ərzində komandanı saxladıq və bütün qüvvəmizlə çalışaraq 5000 istifadəçini keçdik. İllik dövriyyəmiz 5 milyonu keçdi. İdeya bizə uğur gətirdi”.
Lakin Qasımovlar ailəsində biznesə maraqlı təkcə Adil deyil. Elə onun həyat yoldaşı Fatimə Əlisoy Qasımova da, Bakı şəhərində “The Anjir” və “The Anjir21” adlı bahalı geyim və bjuteriya mağazalarının həmtəsisçisidir. 2016-cı ildə Adil Qasımovla ailə həyatı quran Fatimə öz “Linkedin” hesabında 2020-ci ilin fevralından bu günə qədər Landau məktəbində proyekt meneceri kimi fəaliyyət göstərdiyini də qeyd edib.
Fatimə Əlisoy Qasımova – Mənbə: Instagram
2020-ci ildə fəaliyyətə başlayan bijuteriya mağazası “The Anjir”, bir il sonra onların hazırladığı 925 gümüş, 18k qızıl suyunda hərf və jasper daşından olan “Leila” bilərziyini Leyla Əliyevanın taxdığı fotonu paylaşıb.
“Gecədən və gözəllikdən ilhamlanmış «Leila» bilərziyi Leyla xanımın biləyində” – mətnini “İnstagram” hesabında paylaşıb.
Müəllif: Həbib Müntəzir
Meydan TV