Bakı təhsilində vətəndaş "məmnunluğu", yoxsa süründərməçilik?
29-08-2023, 00:04
Dəyərli oxucularımıza məlumdur ki, bir müddət öncə Bakı şəhərindəki 164 nömrəli tam orta məktəbdəki neqativ hallar barədə yazı dərc etmişdik. Yazının dərcindən sonra redaksiyamıza çoxsaylı müraciətlər olundu. Həm 164 nömrəli məktəbdən, həm də digər məktəblərlə bağlı şikayətlərin çoxluğunu nəzərə alaraq ETN-ə və BŞTİ-yə sorğu göndərdik. Sorğuda 164 nömrəli məktəbin rus bölməsinin I sinfinə 2022-2023-cü dərs ilində şagird qəbulu,cari dərs ilində həmin sinfə nəzərdə tutulan yer sayı haqqında məlumat verilməsi xahiş olunurdu. Qeyd edək ki, həmin məktəbin Azərbaycan bölməsində 3, rus bölməsində də 3 sinif proqnozlaşdırılıb. Biz də həmin siniflərdə olan yer sayı haqqında məlumat verilməsini istəmişdik. Lakin BŞTİ-dən sorğumuza verilən qaneedici olmadı. Həmişə konkret fakt tələb edən, şikayətləri “anonimdir” deyib cavablandırmaqdan imtina edən BŞTİ rəhbərliyi, onun müdiri Mehriban Vəliyeva nədənsə konkret rəqəmlər verməkdən yayınmağı üstün tutdu. Çünki konkret rəqəmlərin dalında duran qaranlıq məqamlar aydın ola bilərdi. Həm də 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirovanın xətrinə dəyər. BŞTİ rəhbərliyi onu yəqin ki, həyat yoldaşı Fərzəli Qədirova görə hələ də əzizləməkdə davam edir. Çünki Fərzəli Qədirov ETN Aparat rəhbərinin müavinidir.
BŞTİ-nin sorğumuza verdiyi cavabda konkretlik olmaması ilə yanaşı, vətəndaşların müraciəti ilə uyğunsuzluğu görüb məsələ ilə yerində tanış olmaq qərarına gəldik və BŞTİ-yə yollandıq. Öncə BŞTİ-nin sorğumuza verdiyi cavabda göstərilən “Uşaqların I sinfə qeydiyyatı elektron sistem vasitəsilə aparılır. Elektron sistem vasitəsilə qəbul məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti yaratmaqla yanaşı, həm də şəfafflığın təmin olunmasına, vətəndaş məmnuniyyətinə zəmin yaradır, sosial ədalət prinsipinə əsaslanır, məktəbləri və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirir.”
Gəlin görək bizim görüb eşitdiklərimizlə BŞTİ-nin cavabında uyğunluq hansı dərəcədədir?
Saat 10-dur. BŞTİ-nin qəbul otağının qarşısında adamların böyük bir növbəsi var. Qəbul otağı da təbiidir ki, ağzına kimi doludur. Çöldə, avqustun bu isti havasında bişənlər içəridəkilərə həsəd aparırlar ki, orada heç olmasa kondisioner var, içəridən çıxanlar isə narazı halda deyinə-deyinə, bəzən qışqıra-qışqıra ərazini tərk edirlər. Müşahidələrimizdən belə məlum oldu ki, şikayətçilər əsasən I və X siniflərə qəbuldan narazılıq edirlər. Valideynlər uşaqlarının təhsil alması üçün məktəb tapmırlar. “Məmnuniyyət” o qədər çoxdur ki, durub bu yay günündə BŞTi-yə gəliblər.
Şəkildə gördüyünüz uşaqlar valideynləri ilə birlikdə Lökbatandan gəliblər. Saat 8-dən gəlmələrinə baxmayaraq hələ də qəbula düşə bilməyiblər. Valideyn Nizamova Sevinc bildirir ki, övladı bu il dərsə gedə bilməyəcək. Çünki uşağın məktəbə qəbulunu məktəb BŞTİ-nin, BŞTİ isə məktəbin boynuna atmaqla yaxlarını məsuliyyətdən kənara çəkirlər.
Mehriban xanım, bu uşaqların günahı nədir?[i]
Lökbatandan gələn digər valideyn isə bildirir ki, övladı 166 nömrəli məktəb-liseytin 9-cu sinfini bitirib. Lakin məktəbin direktoru Zeynəb Vəliyeva deyir ki, 10-cu sinifdə yalnız mən dediyim uşaqlar oxuya bilər. Onun dediyi uşaq olmaq üçün də valideyni zəhmətə qatlaşmalıdır. Zeynəb Vəliyevanın kriteriyalarını da bilmirik ki, ona uyğunlaşaq. Bu idarəyə də zəng etmək mümkün deyildir. 599-12-22 nömrəli telefon daim “məşğul” göstərir, yaxud da daxili nömrə istəyir. Biz də onu bilmirik. Odur ki durub gəlmişik bura. Görək burda nə deyəcəklər? Belə olduğu halda Zeynəb Vəliyeva “Təhsil Qanunu”nun “5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir” tələblərini pozmaq cəsarətini haradan və kimdən alır?
Bu körpə bala haradan bilsin ki, vətəndaş məmnunluğu belə olurmuş...
Digər şikayətçi Xətayi rayonundakı məktəblərdən birində 38 ildən artıq işləyən Gülnarə Abbasova məktəb rəhbərliyinin qərəzli münasibətindən gileylənir. Bildirir ki, bu il 4-cü siniflərə dərs deyəcək. Ümumi qaydaya görə cari dərs ilində 4-cü sinfə dərs deyən müəllim, eyni zamanda hazırlıq sinfinə də dərs deməlidir. Lakin ona münasibətdə bu qayda pozulub. Səbəbi isə naməlum olaraq qalır.
15 nəfər valideynin şikayəti isə bizə çox qəribə gəldi. Bu qəribə və əndrabadi məsələ ilə siz də tanış olun. Validetynlər bildirir ki, onların övladları Binəqədi rayonundakı 335 nömrəli məktəbdə oxuyurlar. 2 il bundan əvvəl açılışında cənab Prezident İlham Əliyevin iştirak etdiyi bu məktəb sözün əsil mənasında yiyəsizdir. Belə ki, açılışından bu yana məktəbin nə direktoru, nə də direktor müavini yoxdur.Necə deyərlər, məktəb Allah ümidinə idarə olunur. Daha doğrusu idarə olunmur. Valideynlər deyir ki, 335 nömrəli məktəbi yaxınlıqda yerləşən 205 nömrəli məktəbin direktoru “idarə edir”. Ona görə də 500 nəfərdən çox şagirdi olan bu məktəbi hamı “205nömrəli məktəbin filialı” adlandırır. Əsas şikayətləri isə odur ki, biz övladlarımıza ETN-nin müəyyən etdiyi məktəbli forması almışıq. Lakin bu günlərdə 205 nömrəli məktəbin direktoru Xoşqədəm Bağırova valideynlərə səs ataraq onun müəyyən etdiyi məktəbli formasını almağı tələb edir, əks təqdirdə övladlarının məktəbə buraxılmayacağını bildirir. 3 məktəbli övladının olduğunu bilidirən ana da soruşur ki, bu necə idarəçilikdir? Bizə vaxtında deyilsəydi təbii ki həmin formanı almazdıq. İndi maddi vəziyyətimizin bu halında yenidən məktəbli formasını necə alaq? Onlara qaneedici cavab verən olmadığından əlləri ətəklərindən uzun, qanları qara və BŞTİ-nin sorğumuzda qeyd etdiyi kimi hədsiz dərəcədə “məmnun” geri-evlərinə qayıtdılar.
İndi isə gəlin bu “vətəndaş məmnunluğu”, “sosial ədalət”, “şəffaflıq” anlayışlarının həqiqi mənzərəsinə nəzər salaq. Təxminən 7-8 il bundan əvvələ qədər valideyn məktəbə müraciət edir, bir arayış alıb digər məktəbə verməklə övladının oxuduğu məktəbi dəyişdirirdi. Bu zaman o, məktəbə 2 dəfə gəlmək məcbiriyyətində idi. İndi, elektron sistem vasitəsilə yerdəyişmə etmək üçün valuiideyn azı 5 dəfə hər iki məktəbə, ən azından iki-üç dəfə də BŞTİ-yə gedib-gəlmək məcburiyyətindədir. Yenə də həmin arayış, yenə də həmin kağızlar. Üstəlik, vətəndaşın “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda nəzərdə tutulan “22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək” hüququ kobud şəkildə pozulur. Sizcə bunun harası məmnunluqdur? Məktəbyaşlı uşaqları çöllərə salıb yayın istisində, qışın şaxtasında növbələrdə gözlədənlər hansı sosial ədalətdən, vətəndaş məmnunluğundan danışırlar? Əgər elektron sistem ədalətli və şəffaf idarə edilsə təbii ki bu problemlər meydana çıxmaz. O da ki, yoxdur. Buradan da belə nəticə çıxır ki, elektron sistemin tətbiqi vətəndaşdan çox, onu yaradan və idarə edənlərin məmnuniyyətinə xidmət edir. Belə olmasaydı BŞTİ-də rus böləmsəinə şagird qəbuluinda yol verilmiş ciddi nöqsanlar haqqında son günlərdə dolaşan söz-söhbət də olmazdı.
Hər halda bu mövzuda kifayət qədər mübahisə doğuracaq məqamlar vardır. Növbəti yazılarımızda həmin məsələlərə diqqət ayıracağıq.
P.S. Höprmətli oxucular! Təhsil sahəısində baş verən neqativ halları araşdırmaq üçün yeni-“Təhsildə Bermud üçbucağı” adlı rubrikamız fəaliyyətə başlayır. Bu mövzuda analitik təhlilləri və yazıları həftədə bir dəfə AİA.az-dan oxuya bilərsiniz. Xatırladırıq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, ETN Aparatının müdir müavini Fərzəli Qədirov, 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirovadır. //aia.az//