Qoşqar Təhməzli, daha nə olmalıdır ki, Sizdən "səs çıxsın" – “Siz kadrlarınıza döymək, söymək sertifikatımı verirsiniz?
29-08-2023, 00:01
Redaksiyamıza Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə ünvanlanmış növbəti müraciəti daxil olub. Sayqılı oxucularımıza da məlum olduğu kimi Validə xanım bu istiqamətdəki müraciətlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisəyə rəhbərliyin susmasından, heç bir araşdırma aparılıb, müvafiq ölçü götürülməməsindən bəhs edir. Artıqm mövzu ilə bağlı bu beşinci müraciətdir ki, ictimailəşdiririk. Sonuncu yazı “Qoşqar Təhməzlinin eşitmək istəmədiyi ANA HAYQIRTISI!: Bu hadisələr məhz Sizin Agentlikdə baş verir…-TƏFƏRRÜAT” adlanırdı. (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/154671-qo%C5%9Fqar-t%C9%99hm%C9%99zlinin-e%C5%9Fitm%C9%99k-ist%C9%99m%C9%99diyi-ana-hayqirtisi-bu-hadis%C9%99l%C9%99r-m%C9%99hz-sizin-agentlikd%C9%99-ba%C5%9F-verir.html)
Bu arada biz də “Yenixeber.org” olaraq maraqlı reaksiyalarla qarşılaşdıq… Validə xanımın müraciətlərində yer alan iddialarla bağlı adları hallanan tərəfləri, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini öyrənmək istədik. (Zatən ilk müraciətdən buna çalışırdıq. Red.) Bu ayın 10-da qurumun mətbuat xidmətinin təklif etdiyi elektron poçtlara hörmətli Qoşqar Təhməzlinin adına sorğu ünvanladıq. O gün bu gün, bu dövlət qurumundan heç bir cavab gəlmir(?)
Mətbuat xidmətinin rəhbəri bizimlə telefon söhbətində sorğumuzun İnformasiya təminatı və innovativ hallar şöbəsinin müdiri Mansur Piriyev tərəfindən cavablandırılmalı olduğunu bildirdi və onunla əlaqə saxlamağımızı təklif etdi. Hörmətli Mansur müəllimdən də bir söz eşidə bilmədik. Mobil telefonuna dəfələrlə zəng etsək də…
Əslində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin də, ayrı-ayrı məsul şəxslərinin də vətəndaş etirazına, media sorğusuna susması, sayqısızlığı təəccübülü deyil. Bu başqa bir yazımızın mövzusu olsun, hələlik isə Validə xanımın növbəti müraciətini oxuyun:
Ay AQTA-nın rəhbəri cənab Qoşqar Təhməzli,
artıq 8 aydır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi - yəni Siz Agentliyin Quba-Xaçmaz Regional Bölməsində, keçmiş iş yerində iş otağında işçilərin gözü qarşısında sektor müdiri tərəfindən oğlumun təhqir edilməsini və sonunda yumruqla vurulmasını “araşdırıb” nəticəyə gəlib, qərar qəbul edə bilmirsiniz!!!
Məhkəmə qətnaməsi ilə təsdiq olunmuş bu fakta Agentlik nədənsə(?) heç cür inana bilmir ki, bilmir! Agentliyin rəhbərliyi 8 aydır ki, bu neqativ hadisəni araşdırıb, qurtara bilmir. Mən aylardır ki, hətta bu eybəcər hadisənin baş verməsini belə Agentliyə “sübut edə bilmirəm”. Agentliyin rəhbərliyi gözlərini yumub, qulaqlarını qapayıb, mən də aylardır sübut etməyə çalışıram ki, “qatıq ağdır”. Günümüzə, güzəranımıza baxın! Bu cür soyuqqanlı, etinasız, vətəndaşlara biganə kadrlar biz sadə vətəndaşların taleyi və əsəbləri ilə oynayırlar!!!
Maraqlıdır, Agentliyin rəhbərliyi vətəndaşların müraciətlərinin hamısınamı belə etalon, standart və namüəyyən cümlə birləşmələri ilə cavablandırırlar?! Agentliyin bütün işçilərimi bu formada kodlaşdırılıb? Nə olardı ki, işçilərinizi proqramlaşdırarkən bir azacıq da duyarlılıq, ədalətlilik qatqısı da əlavə edərdiniz! Maraqlıdır, siz işçilərinizi rəhbər vəzifələrə təyin edərkən, onlar necə aşınmalara məruz qalırlar ki, bu yerləri mənimsəyən şəxslər vəzifəyə keçən kimi tabeliyindəki işçilərə qənim kəsilirlər, onları təhqir etməkdən zövq alırlar?!
Cənab Qoşqar Təhməzli, siz rəhbər vəzifəyə təyin etdiyiniz kadrlarınıza əlavə olaraq döymək, söymək sertifikatımı verirsiniz? Həmin “sertifikata” əsaslanaraqmı bu kadrlarınız tabeliyindəki işçilərə qəddarlıq edirlər? Bəlkə bizim – sadə vətəndaşların xəbəri yoxdur. Bəlkə doğrudan da kadrlarınıza belə sertifikat verirsiniz? Əksinədirsə, bəs niyə onlar – rəhbər kadrlarınız – Quba – Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev, sektor müdiri, inzibati şöbənin müdiri Elçin Rüstəmov-lar tabeliklərində olan işçilərin alçaldılmasına, təhqir olunmasına adi hal kimi münasibət göstərirlər? Rəhbər işçinin tabeliyindəki işçini təhqir edib, döyməsinə münbit şərait yaradır, döyən sektor müdirini müdafiə edib, döyülənə isə əlavə olaraq mənəvi əzab verməkdən zövq alırlar? Siz niyə hansısa məsələn “Eqometr” şkalası ilə təyin etdiyiniz rəhbər kadrların mənəmlik eqolarını ölçmürsünüz?! Bu kadrların eqolarını ölçən hansısa “Eqometr” cihaz ixtira olmuş olsa, yəqin ki, həmin cihazın şkalası yüklənmədən partlamaq həddinə gəlib çata bilərdi. Bu rəhbər kadrlarda belə fikir formalaşıb: “tabeliyindəki işçiləri təhqir etmək, hətta döymək olar. İşçinin həddi nədir müdirinə cavab qaytarsın, hüquqlarını, şərəfini müdafiə etsin”!
Bu vəzifəli kadrların gözlərini xüsusi linza ilə elə qapayıblar ki, özlərindən olmayan, vəzifəcə aşağıda işləyən işçilərə 2-ci dərəcəli mənsublar kimi baxırlar. Görəsən hansı sehr, qüvvə bu haqsız sahiblərin gözlərindən bu əyri linzaları qoparacaq?! Bəlkə onda “dəmir qapı bilər ki, taxta qapı nə çəkir”!!!
P.S.: Cənab Qoşqar Təhməzli, zəhmət olmasa, oğlumun sizin rəhbərlik etdiyiniz AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində 28.12.2022-ci il tarixində iş vaxtı, iş yerində döyülməsinə cavabdeh şəxslərin cəzalandırılması tələbi ilə əlaqədar göndərdiyim müraciət – şikayətlərə cavab verərkən 8 aydan bəri yazdığınız “araşdırırıq” kəlməsindən istifadə etməyin. Mümkünsə, bundan belə cavab verərkən işçilərinizi əlavə söz ehtiyatı ilə zənginləşdirib, proqramlaşdırın. Belə də cavablarınız Sizin baxış açınızdan daha rəngarəng olar. (Yenixeber.org)
aia.az