Bakı Apellyasiya Məhkəməsinin fikri qətidir: 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya şikayəti hüququna qadağa – hüquq və azadlıqdır!

31-08-2023, 11:13           
Bakı Apellyasiya Məhkəməsinin fikri qətidir:
QARABAĞ QAZİSİ HƏM 1-Cİ, HƏM DƏ 2-Cİ DƏRƏCƏLİ ƏLİLLİYƏ GÖRƏ DƏ PENSİYA ALIR !(?)

Məhkəmə hakimiyyətinin gerçəkdə hakimiyyətin məhkəməsi olması mülki işlərdə də üzə çıxır. Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən məhkəmə təminatı hüququna MPM-in 67-ci – vəkilin prosesdə məcburi iştirakı maddəsi ilə qadağa qoyulub. Bu qadağanı aşmaq üçün Konstitusiyanın 61-ci maddəsi- hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ; bu hüquqdan qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz , dövlət hesabına istifadə etmək hüququ- də yardıma çatmır. Məhkəmə hakimiyyəti dövlət hesabına , hətta kassasiya instansiyasında vəkillə təminatdan imtinanı əsas insan və vətəndaş hüququ sayır!(?)
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ( Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifov) 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından imtinanın əsas insan və vətəndaş hüquqlarından olması haqqında 05.07.2023 tarixli qərardadı artıq hüquq presedenti kimi tətbiq olunur. Mülki kollegiyanın FUAD ABDIYEV, ANAR TANRIVERDİYEV , FƏRRUX QASIMOVdan ibarət heyəti 24.08.2023 tarixli qərardadla 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından imtina bir yana, bu “əsas hüquq və azadlıq” aktından şikayət vermək hüququna qadağanı da Konstitusiya ilə təminat verilən hüquq sayıb. Bəs 09.06.2023 tarixli MPM-ə əlavə edilən 67-1 maddəsi nəyi dəyişib? 67-1.4.1 maddəsinə görə, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin ( l-ll dərəcəli əlillərin-M.B.) vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin dövlət büdcəsinin hesabına həyata keçirilməsi və ya bundan imtina edilməsi haqqında məhkəmə ƏSASLANDIRILMIŞ qərardad qəbul edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “ƏSASI” 1-ci dərəcəli Qarabağ əlilinin Prezident təqaüdünün, pensiyasının vəkilin xidmətini ödəməyə kifayət etdiyi barədə qanunsuz əldə etdiyi məlumat olub. Hələ göstərilməyən xidmətə görə xidmət haqqını 1-ci dərəcəli əlilin haqqı ilə hesablamaq və dövlət hesabına qarşılanmasından imtina etmək barədə qərardaddan şikayət vermək də olmaz!(?) Halbuki MPM-in 67-1.5 maddəsində qərardaddan şikayət vermək hüququ doğrulanıb.
Yəqin məhkəmə heyətinin başı 1-ci dərəcəli Qarabağ əlilinin gəlirlərini hesablamağa qarışıb, ona görə qanunu oxuyub, nəticə çıxara bilməyiblər. MPM-in 67-1.1 maddəsində yazılıb ki, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda ... məhkəmə DÖVLƏT HESABINA VƏKİLİN PROSESDƏ İŞTİRAKINI TƏMİN EDİR. Bəs niyə Bakı Apellyasiya Məhkəməsi bu təminatdan imtina edib, vəkil ayırmadan onun göstər(mə)diyi hüquqi yardımın haqqını bəri başdan 1-ci dərəcəli əlilin boynuna düşdüyünü “ƏSASLANDIRIB”?
Apellyasiya instansiyasının “əsaslandırması”na baxın: “ Elektron informasiya sisteminin “Əmək Müqavilələri Bildirişləri” altsistemindən ƏLDƏ EDİLMİŞ MƏLUMATA (?- bunu kim əldə edib, məhkəmə bəyəm mülki işdə sübut toplayır?-M.B.) əsasən B.M.A. AMEA-nın böyük elmi işçisi kimi 70 (konfidiensial məlumatı məhkəmə açıqlaya bilməz-M.B) manat məbləğində, digər iş yeri üzrə fiziki şəxsdən 150 manat ( bəyəm minimum əmək haqqı 150 manatdır?-məlumatln saxtalığı elə burdan üzə çıxır-M.B.) əmək haqqı alır. Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar – 1-ci qrup əlilliyə görə 50 manat, ƏG- 2-ci qrup əlil olaraq isə (ondan çox) 97 manat pensiya alır. Bu da öz növbəsində onun vəkilin xidmətlərini ödəməyə vəsaitinin olması qənaətinə gəlməyə əsas verir”. Əndrabadi əsaslandırma göz önündədir: QARABAĞ QAZİSİ 1-Cİ DƏRƏCƏLİ ƏLİLLİYƏ GÖRƏ 50 manat, 2-Cİ DƏRƏCƏLİ ƏLİLLİYƏ GÖRƏ 97 MANAT PENSİYA ALIR!(?)
Məhkəmənin qərəzi, nifrəti elə “fışqırıb” ki, anlamaq istəmir, Qarabağ əlilinə verilən pensiya, müavinət itirilmiş orqanizm funksiyasının bərpası, kompensasiyadır. Bu məbləğ , ümumiyyətlə gəlir sayılmır, əlilin ixtisasına uyğun işlə təminatı isə reabilitasiya amacı daşıyır. Məhkəmənin qənaətinə görə isə, 1-ci dərəcəli əlil pensiyasını vəkil xidmətinə, hüquqi yardıma ödəməlidir. Bəs əlilin xərclərini məhkəmə niyə hesablamayıb? Öz hesabına xaricdə müalicəyə getməyə yol xərci belə ödənilməyən , sosial infrastrukturla da öz hesabına təmin olunan əlilin vəkilin göstər(mə)diyi hüquqi yardıma yaşamaq haqqını ödəməlidir? Budur hakimlərin işlərə qərəzsiz, tərəflərin hüquq bərabərliyi, faktlar əsasında baxmaq prinsipi? Bunun adı vicdansız davranış və özbaşınalıqdan özgə bir şey deyil.
... İşin predmetini və əsasını isə əlilin sosial infrastrukturla pulsuz təminatı təşkil edir. Kommunal xidmət qurumları pulsuz xidmətdən imtina edir, məhkəmə isə əlilin yetərincə vəsaiti olduğuna qərar verir. Görünür, yetərincə vicdana, ədalətə, humanizmə yiyələnməyiblər.
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.