Ya Azay Quliyev və Aygün Əliyevaya cinayət işi açılmalı, ya da Samir Adıgözəlli böhtana görə məsuliyyət daşımalıdır…

2-09-2023, 19:09           
Ya Azay Quliyev və Aygün Əliyevaya cinayət işi açılmalı, ya da Samir Adıgözəlli böhtana görə məsuliyyət daşımalıdır…
Vasif Talıbov vurulan ərəfədə onun barəsində kim ağlına və ağzına nə gəldi danışırdı. Təbii ki, haqlı tənqidləri bura aid etmirəm. Məhz həmin ərəfədə məni də populyar internet televiziyalarından birinin efirinə dəvət edib, bu barədə fikir mübadiləsi apardılar. Aparıcı belə bir sual verdi: “Deyillər, Vasif Talıbov İrana işləyir, siz bu barədə nə deyə bilərsiniz?”
Cavabım belə oldu:
- Mən Vasif Talıbovun korrupsioner olduğunu, vəzifə səlahiyyətlərini aşdığını inkar etmirəm, amma onun İrana işləməsi ilə bağlı deyilənləri cəfəngiyat sayıram!
Aparıcı bu iddianı səsləndirən bir neçə publik adamın adını çəkdi. Dedim ki, belədirsə, onda Vasif Talıbova vətənə xəyanət maddəsilə cinayət işi açılmalıdır, bu sübut edilməsə, həmin iddianı səsləndirənlər böhtan atma ilə bağlı məsuliyyətə cəlb olunmalıdırlar. Nə Vasif Talıbov , nə də həmin cəfəng iddianı səsləndirənlər məsuliyyətə cəlb edilmədi. Buna təəssüf edirəm. Çünki belə hallar pis presidentlər yaratmış olur. Artıq biri ilə üz-üzəyik.
Bu hadisəni bir paralel aparmaq üçün xatırlatdım. Bir neçə gündür ki, İSBAM sədri Samir Adıgözəlli gündə bir villanın qabağından reportaj edir və dəyərli milyonlarla ölçülən həmin əmlakların QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədri Azay Quliyev və həmin qurumun icraçı direktoru Aygün Əliyeva tərəfindən korrupsiya pulları ilə alındığını iddia edir. Qeyd edim ki, QHT sədri qurum tərəfindən maliyyələşdirilən layihələrdə də korrupsiya amilin olduğuna dair paylaşımlar edir.
Bunlar kifayət qədər ciddi ittihamlardı. Maraqlıdır ki, nə Azay Quliyev, nə də Aygün Əliyeva bu barədə heç bir açıqlama vermir. Qanunvericiliyin tələblərinə görə, KİV-də belə məlumatların işıqlandırılması cinayət təqibinin başlanması üçün ilkin əsas ola bilər. Nədənsə, əlaqədar hüquq-mühafizə orqanları bu istiqamətdə də hərəkətə keçmirlər. Qısası, bu vəziyyətdə ya Azay Quliyev və Aygün Əliyeva ilə bağlı cinayət işi açılmalıdır, ya da Samir Adıgözəlli barəsində böhtan atmaqla bağlı məsuliyyət müəyyənləşməlidir. Bunlardan birini edin ki, bizim də canımız qurtarsın!
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.