Regional Təhsil İdarələrinin rəhbərləri nə işlə məşğuldur?

6-09-2023, 00:10           
Regional Təhsil İdarələrinin rəhbərləri nə işlə məşğuldur?
Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu cədvəli açıqlanıb. (BAX: https://edu.gov.az/az/graphic/page)

“AzPolitika.info” xəbər verir ki, vətəndaş qəbulu cədvəlində nazir, nazir müavinləri, aparat rəhbəri, şöbə müdirləri, agentliklərin idarə heyyətinin üzvləri, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Regional Təhsil İdarələrinin qəbul günləri və saatları qeyd olunub.

Qeyd edək ki, sözügedən cədvəldə tabeliyində yüzlərlə ümumtəhsil müəssisəsi olan Regional Təhsil İdarələrinin müdirlərinin vətəndaş qəbulu cədvəli bir xeyli maraq və təəccüb doğurub. Bu cədvəldə 13 regional təhsil idarəsindən yalnız 4-nün (Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi) həftədə iki dəfə vətəndaşları qəbul etdiyi məlum olub.

Digər 9 regional təhsil idarəsində (Abşeron-Xızı Regional Təhsil İdarəsi, Bakı Şəhər üzrə Təhsil İdarəsi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Mərkəzi Aran Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şirvan-Salyan Regional Təhsil İdarəsi) isə vətəndaş qəbulunun həftədə cəmi bir dəfə olmaqla 2- 3 saat müddətində keçirildiyi ortaya çıxıb.

Məlumat üçün qeyd edək ki, Regional Təhsil İdarələri ölkə başçısının müvafiq Sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin əsasında yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib. Adıçəkilən 13 müəssisə rayonda təhsili idarə edən, regional idarələrin tərkib hissəsi kimi fəaliyyət göstərən qurumlar hesab olunurlar. Bu qurumların yaradılmasında əsas məqsədin sözügedən sahədə vahid idarəçilik siteminə keçid edərək, mərkəzləşmiş şəkildə fəaliyyəti təmin etmək olduğu bildirilirdi.

Həmin vaxt Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Regional Təhsil İdarələrinin yaradıldıqdan sonra vətəndaşların müraciətlərinə daha keyfiyyətli şəkildə baxılacaq:”Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada inanıram ki, Regional Təhsil İdarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə keyfiyyətli baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcək”.

Ancaq nazirin qulağa xoş gələn açıqlamaları ilə vətəndaş qəbulu cədvəlindəki məlumatlar arasında ciddi bir qeyri-müəyyənlik var. Çünki ay ərzində təhsil işçilərinə və vətəndaşlara ümumilikdə cəmi 8 saat vaxt ayıran bir qurumun müdiri onların şikayətlərini, üzləşdikləri problemləri hansı səviyyədə həll edə bilər? Burada hansısa “keyfiyyətli” xidmətdən danışmaq mümkündürmü?

Digər tərəfdən, yüzlərlə təhsil müəssisəsinin bir qurumda birləşməsi, təhsil mühitimizin bərbad bir vəziyyətdə olduğu indiki dövrdə saysız-hesabsız vətəndaş müraciəti, şikayəti anlamına gəlir. Belə nəticəyə gəlmək olar ki, həftədə bir dəfə görüş təşkil edən Regional Təhsil İdarələrinin başlıca məqsədi vətəndaşın şikayətini dinləyib, həll etmək yox, sadəcə “yola verib” cari iş həftəsini başa vurmaqdan ibarətdir.

Onu da qeyd edək ki, hazırda 13 Regional Təhsil İdarəsinin tabeliyində ümumilikdə nə az, nə çox düz 4009 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan – Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində ən çox (553) ümumtəhsil müəssisəsi olan qurum olmasına baxmayaraq, həftədə cəmi bir dəfə, 3 saat müdətinə vətəndaş qəbulu keçirir. Ən az ümumtəhsil müəssisəsi isə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindədir (99). Burada da qəbul həftədə bir dəfə olmaqla, 2 saat müddətində aparılır.

Bütün Regional Təhsil İdarələrinin tabeliyindəki təhsil müəssisələrini təqdim edirik:

– Abşeron-Xızı Regional Təhsil İdarəsinin – 99 ümumtəhsil müəssisəsi;

– Bakı Şəhər üzrə Təhsil İdarəsi – 312 ümumtəhsil müəssisəsi;

– Dağlıq Şirvan Regional Təhsil İdarəsi – 205 ümumtəhsil müəssisəsi;

– Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi – 248 ümumtəhsil müəssisəsi;

– Lənkəran-Astara Regional Təhsil İdarəsi – 553 ümumtəhsil müəssisəsi;

– Mərkəzi Aran Regional Təhsil İdarəsi – 337 ümumtəhsil müəssisəsi;

– Mil-Muğan Regional Təhsil İdarəsi – 242 ümumtəhsil müəssisəsi;

– Qarabağ Regional Təhsil İdarəsi – 450 ümumtəhsil müəssisəsi;

– Qazax-Tovuz Regional Təhsil İdarəsi – 323 ümumtəhsil müəssisəsi;

– Quba-Xaçmaz Regional Təhsil İdarəsi – 386 ümumtəhsil müəssisəsi;

– Şəki-Zaqatala Regional Təhsil İdarəsi – 362 ümumtəhsil müəssisəsi;

– Şərqi Zəngəzur Regional Təhsil İdarəsi – 303 ümumtəhsil müəssisəsi;

– Şirvan-Salyan Regional Təhsil İdarəsi – 189 ümumtəhsil müəssisəsi;

Bu anlaşılmaz vəziyyətin səbəbini öyrənmək üçün Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən müraciətimizin qısa zaman ərzində cavablandırlacağı bildirilsə də, yazı hazır olana qədər mövzu ilə bağlı ünvanladığımız suallara cavab gəlmədi.

Bir sıra Regional Təhsil İdarələrinə ünvanladığımız sorğuları isə, ümumiyyətlə, cavablandıracaq şəxs tapılmadı. Belə görünür ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Regional Təhsil İdarələri vətəndaş qəbulu ilə yanaşı, media əlaqələrini də bu cədvəl əsasında qurub və yalnız müəyyən edilmiş zaman aralığında xidmət göstərir…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.