Məhkəmə hakim(lər)i savadsızdır, yoxsa sifarişlə qərəz sərgiləyir(lər)?
8-09-2023, 11:54
Nə birinci, nə də yuxarı instansiya MPM- i düzgün tətbiq edir
Səbail məhkəməsinin hakimi İlkin Rüstəmli AMEA üzrə yeganə 1-ci dərəcəli Qarabağ əlilinin AMEA əməkdaşlarına “Şərifzadə küçəsində tikilən evin bölgüsünün qanunsuz sayılması və dəyən- maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə İşlər İdarəsinə qarşı qaldırdığı iddianı 21.06.2023 tarixli qətnamə ilə təmin etməyib. Qətnamədən verilən apellyasiya şikayəti isə ikinci aydır Bakı Apellyasiya Məhkəməsinə göndərilmir. Hakim şikayəti MPM-ə əlavə olunan “Əlavə 2”-yə uyğun tərtib edilmədiyi “əsas”ında 361-ci maddənin tələbinə əməl edilmədiyi qənaətinə gəlib və Məcəllənin 363.1.1 maddəsini tətbiq edərək şikayəti geri qaytarıb. Halbuki, MPM-in 361-ci maddəsində , ümumiyyətlə, “Əlavə 2”-nin adı çəkilmir və MPM-in 363.1.1 maddəsi “e-məhkəmə” sisteminin tətbiq olunmadığı məhkəmələrə aiddir. “E-məhkəmə” sisteminin tətbiq olunduğu Bakının məhkəmələrində və apellyasiya instansiyasında 363.1.5 maddəsinə əsasən, MPM-in 10-1.3 maddəsinin tələbinə uyğun olmadıqda şikayətin geri qaytarılması qanuniləşdirilib. MPM-in 10-1.5 maddəsində yazılıb ki, MPM-in 10-1.3 maddəsində nəzərdə tutulmuş qaydada verilən sənədlərin başqa qaydada verilməsi TƏLƏB OLUNA BİLMƏZ.” Bəs niyə Səbail məhkəməsinin hakimi İlkin Rüstəmli iddiaçı Qarabağ əlilindən şikayətin başqa qaydada-“Əlavə 2”-yə uyğun verilməsini , özü də əməl edildiyi halda, TƏLƏB EDİR?
Səbail məhkəməsinin 27.07.2023 tarixli qərardadından şikayətə 04.09.2023-cü ildə baxılacağını sədrlik edən Fuad Talışinskinin bildirişi ilə bilən 1-ci dərəcəli Qarabağ əlili MPM-67-1.2 maddəsinə əsasən dövlət hesabına vəkillə təmin olunmasına ərizə verib. Birinci instansiyada ( İlkin Rüstəmli) olduğu kimi, apellyasiya instansiyası ( Fuad Talışinski, Azad İmanov və Məmməd Məmmədov) da ərizəyə baxmayıb. Və “e-məhkəmə” sistemində yerləşdirdiyi məlumatla aşağı instansiyanın qərardadını dəyişdirmədən qüvvədə saxladığını bildirib. Ümumiyyətlə, hər 2 instansiya konkret 361-ci maddənin hansı tələbinə əməl edilmədiyini açıqlamır, eləcə “Əlavə 2”-yə uyğun tərtib edilmədiyi bildirilir. Halbuki şikayət MPM-in tələbinə uyğun verilib. Onu da vurğulayaq ki, “e-məhkəmə” sistemi elə qurulub ki, ərizə, şikayət Məcəlləyə uyğun verilmədikdə qəbul edilmir, hər qrafada konkret suala uyğun cavablandırma tələb olunur. Sistemdən verilən şikayətin “Əlavə 2”-yə uyğun olmadığını qət etmək, ən azı, savadsızlıq, ən çoxu, sifarişli qərəzdir.
İndi iddiaçı 1-ci dərəcəli Qarabağ əlili apellyasiya instansiyasının qərardadından kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatına ərizə verib. Görək, yenə də vəkil ayrılmasından HÜQUQ VƏ AZADLIQ adına imtina ediləcək?
Məğrur Bədəlsoy
Teref.az