MTK-lar satdığı binanı sakinlərə təhvil vermir... - Həbs qorxusu

9-09-2023, 11:03           
MTK-lar satdığı binanı sakinlərə təhvil vermir... - Həbs qorxusu
Ölkədə hündürmərtəbəli binaların idarə olunması ilə bağlı uzun illərdir ki, problemlər qalmaqdadır.

Belə ki, binaların bir çoxunun idarəetməsinə ya nəzarət yoxdur, ya da sakinlər bu idarəetmədən kənar saxlanılır. Mənzil Məcəlləsində çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə məxsus olması, saxlanılması nəzərdə tutulsa da, qanunvericiliyin şərtlərinə MTK-lar tərəfindən əməl edilmir. Belə ki, binaların idarəetməsi şikayətlərə rəğmən, Mənzil Tikinti Korperativlərində qalır.

Ötən ay isə Nazirlər Kabineti “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 1 iyul 2010-cu il tarixli qərarında dəyişiklik edib. Yeni qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı, kirayəçilər də iştirak edə biləcəklər.

Maraqlıdır, binaların tikintisində iştirak edən şirkətlər hansı səbəblərdən dolayı idarəetməni sakinlərə verməkdən boyun qaçırır?

TEREF.AZ-ın məlumatına görə, “Cümhuriyət”ə açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bundan adətən pul qazanırlar:

"Onlar binanı idarəçiliklərində saxlayıb bundan pul qazanırlar. Göstərdikləri xidmətin səviyyəsi də yığdıqları pula uyğun gəlmir. Digər tərəfdən, avtodayanacaqlar əslində binaya, sakinlərə məxsusdur. Amma onlar avtodayanacaqlara görə sakinlərdən də pul yığırlar. Yəni əgər kiminsə avtomobili varsa, avtodayanacaq üçün də əlavə pul ödəməli olur.

Digər maddi qazancı binadakı müəyyən üçüncü şirkətlərin xidmətlərində inhisarın yaradılmasıdır. Onlar özləri binaya hansı provayderin buraxılmasını belə özləri özləri seçir. Həmin kabel televiziyasından da, provayderdən də aylıq rüşvət alır. Sakinlər internetdən narazıdırsa, başqa şirkətdən kabel çəkdirə bilmirlər".

Ə.Həsənov qeyd edib ki, digər səbəb həmin şirkətlərin tikinti işlərindəki qayda pozuntusunun sənədlərdə yer almasından qoxmalarıdır:

"Bundan əlavə, həmin şirkətlərin çoxu qaydaları pozaraq binanı tikirlər. Qorxurlar ki, bina sakinlərin idarəetməsinə keçsə, başqa sənədləri də onlara verməli olacaq. Həmin sənədləri düzgün oxuyan şəxs görəcək ki, şirkət qanun pozuntusu edib, binaya əlavə ziyan da vurub. Bundan sonra isə onlara qarşı məhkəmə işi açıla bilər. Bundan da normal olaraq qorxurlar. Buna görə də sənədləri verməkdən çəkindikləri üçün idarə etməni də sakinlərə tapşırmırlar".

Onun sözlərinə görə, artıq sakinlərin bu məsələ ilə bağlı müraciətləri də artıb:

"Bununla bağlı müxtəlif binalardan sakinlər də, vəkillər də mənə müraciət edirlər. Bir çox sakinlər artıq məhkəməyə müraciət etməyə də başlayıb. Bəzən sakinlərlə görüşüb işi digər vəkillərə verirəm. Əlbəttə, müraciətlərin də sayı çoxalacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.