Xüsusi əməliyyat keçirilən Ekologiya idarəsində gərginlik... - Direktor işçiləri hədələdi
12-09-2023, 13:08
Polisin xüsusi əməliyyat keçirdiyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Nəsimi Nəsibov son baş verənlərdə işçilərini günahlandırır.
AzToday.az-a daxil olan məlumata görə, Bakıdan qayıdan Nəsimi Nəsibov dünən günahkar işçilərin hüquq-mühafizə orqanları vasitəsi ilə müəyyənləşdirib, həbs etdirəcəyini deyib. Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına sifariş verdiyini də deməyi unutmayıb.
Özünü biznesmen, xeyli sayda biznes obyektinin sahibi kimi təqdim edən Nəsimi Nəsibov 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazindəki qanunsuzluqların hamısını imkanları hesabına ört-basdır edəcəyini də sözlərinə əlavə edib. “Yuxarılarda adamı”nın olduğunu və Masallıya təsadüfən direktor gəlmədiyini bildirən Nəsimi Nəsibov yaxın zamanlarda idarədə “təmizlik” işlərinə başlayacağını, yəni xoşuna gəlməyən işçiləri işdən çıxaracağını deyib.
Qeyd edək ki, meşəçiliklə bağlı heç bir ixtisas təhsili olmayan və direktor olana qədər bu sahədə bir gün belə işləməyən Nəsimi Nəsibovun 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəhbər qoyulması Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatlarında ciddi korrupsiya elementlərinin olmasını deməyə əsas verir.
Yeri gəlmişkən onu da bildirək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində meşələrin kütləvi şəkildə qırılması, meşə ərazilərinin satılması və biznes məqsədləri üçün qanunsuz istismarı halları adi hala çevrilib… //AzToday.az//