YASAMAL İCRA HAKIMIYYƏTINDƏ VƏ FHN-DƏ ÖTÜR ÖTÜR-OYUNU FHN-nin əməkdaşları təkcə redaksiyamızı deyil, həm də Kəmaləddin Heydərovu aldatmış olurlar –FOTO/FAKTLAR
27-10-2023, 07:23
Neçə illərdir ki, istər paytaxt Bakı şəhərində, istərsə də digər şəhər və rayonlarda yaşayan sakinlər, bu gün də ayrı-ayrı vəzifə sahibi olan şəxslərin düzüb-qoşduqları “oyun qaydaları”nın, fırıldaq əməllərinin, minbir saxtakarlıqlarının və s. qurbanı olurlar. Yəni, hal-hazırda elə sakinlər var ki, onlar pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmə qapılarında sürünürlər, getgələ salınırlar, bir sözlə həmin şəxslər olmazın həngamələrlə üzüzə qalırlar. Faktdır ki, sakinlər məhkəmələrdə haqq-ədalət axtarışında olsalar da, vəzifə sahibi olan elə şəxslər var ki, bu gün də onlar düzüb-qoşduqları iyrənc əməllərdən əl çəkmirlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin vəzifə sahibi olan şəxslərə qarşı əsas tələblərindən biri, bəlkə də birincisi vətəndaş-məmur münasibətlərində vəzifə sahibi olan hər kəsin siyasi mədəniyyət nümayiş etdirməsi, insanlara qarşı hörmətlə yanaşma ortaya qoymalarını tələb etməsidir. Yəni, ölkə rəhbəri əksər çıxışlarında qeyd edib ki, “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”. Bundan əlavə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində qeyd olunub ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur. Belə bir tələblərin olmasına baxmayaraq, hal-hazırda elə vəzifə sahibləri var ki, onlar üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmək əvəzinə, bir növ “sabotaj”lıqla məşğul olur. Məsələn, bir müddət bundan öncə deryaz.az saytının redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi-6C və Əli bəy Hüseynzadə küçəsinin kəsişməsində yerləşən obyektin sahibi Teymurov Fəxrəddin İbrahim oğlu adlı şəxs tərəfindən video-müraciət daxil olmuşdu. Fəxrəddin Teymurov təqdim etdiyi video-müraciətində bildirirdi ki, “Qeyd olunan ünvanda yerləşən obyektimizin zirzəmisində başqa bir şəxsə məxsus obyekt də fəaliyyət göstərir. Həmin obyektin sahibi xeyli vaxtdır ki, bizim obyektə məxsus giriş qapısının təqribən 2 metr hissəsini zəbt etmiş və orada özü üçün metal konstruksiyadan ibarət çətir quraşdırmışdır. Belə bir qanunsuzluq işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Prokurorluğuna, Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Prokurorluğuna və aidiyyatı üzrə digər dövlət qurumlarına həm yazılı, həm də şifahi formada şikayətlərimi çatdırsam da, təəssüflər olsun ki, hələ də lazımi nəticə yoxdur. Qeyd edim ki, zirzəmidə fəaliyyət göstərən obyekt sahibinin atdığı addımların varlığı səbəbindən obyektimizin giriş qapısı bağlanmış, ümumi görünüşü məhdudlaşmış və binanın ön hissəsinin görüntüsü bağlanmışdır.
Qeyd edim ki, zirzəmidə fəaliyyət göstərən obyektin giriş qapısının olması layihə planında nəzərdə tutulmayıb və bu yöndə görülən işlərə dair heç bir rəsmi sənəd də yoxdur. Yəni, görülən işlər qeyri-qanuni işlərdir. Şikayətimlə əlaqədar bir neçə gün bundan öncə ərazidə olan Yasamal RİH Aparatının əməkdaşı da, görülən işlərin qeyri-qanuni işlər olduğunu bildirdi. Qeyd edim ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı da, görülən işlərin qeyri-qanuni olduğunu və bu haqda Yasamal RİH Aparatı tərəfindən lazımi tədbirlərin görəcəyini vurğuladı”.
Fəxrəddin Teymurovun deryaz.az redaksiyasına ünvanladığı video-müraciəti əsasında, qeyd olunan problemin aradan qaldırılması məqsədilə bu ilin sentyabr ayında bir çox rəsmi dövlət qurumlarına, o cümlədən Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun da ünvanına rəsmi qaydada məktubla müraciət etdik. Təəssüflər olsun ki, ünvanladığımız məktuba 29 sentyabr 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyi rəisinin müavini Zenfira Rzayevanın imzası ilə təsdiq olunmuş cavab məktubu verildi və həmin məktubda “Aidiyyəti qurumlarla görülmüş tədbirlər nəticəsində metal konstruksiyadan quraşdırılmış çətir sökülmüşdür” deyə qeyd olunsa da, əslində bu heç də belə olmamışdır. Çünki, cavab məktubundan sonra redaksiya əməkdaşlarımız qeyd olunan obyektə bir daha baxış keçirmiş və metal konstruksiyadan quraşdırılmış çətirin sökülmədiyi bəlli olmuşdur.
Belə bir aldadıcı cavab məktubunun verilməsi isə onu söyləməyə əsas verir ki, deməli Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin əməkdaşları metal konstruksiyadan çətir inşa edən obyektin sahibi ilə görüşüb anlaşmış və hansısa formada maddi maraqlarının təmin olunmasını da həyata keçirmişlər. Əslində, bu cür addımın atılması təkcə redaksiya əməkdaşlarına qarşı deyil, aidiyyatı dövlət qurumlarına, ələlxüsus cənab nazir Kəmaləddin Heydərova qarşı ortaya qoyulan yanaşmadır, göstərilən hörmətsizlikdir. O halda sual oluna bilər ki, görəsən FHN-i Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin əməkdaşlarını nə vadar edir ki, onlar ünvanladığımız məktuba aldadıcı cavab verirlər və ortaya belə bir mövqelərini də qoyurlar? Belə bir cavab məktubunun verilməsi onu ehtimal etməyə əsas verir ki, deməli heç bir rəsmi sənəd olmadan metal konstruksiyadan quraşdırılmış çətirin sökülməsi Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin əməkdaşlarının maraqlarına uyğun deyil. Niyə, nə səbəbə? Bəli, bütün bunların hər biri ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
Deryaz.az