"Uşaqlar səhər su tapmırlar ki, üzlərini yuyub dərsə getsinlər" - GİLEY

11-11-2023, 00:03           
"Uşaqlar səhər su tapmırlar ki, üzlərini yuyub dərsə getsinlər" - GİLEY
“2 aya yaxın müddətdir ki, susuz qalmışıq. Uşaqlar səhər su tapmırlar ki, üzlərini yuyub dərsə getsinlər”.

Bu şikayətlə “Qafqazinfo”ya Yeni Yasamal Əsəd Əhmədov 43A ünvanında yaşayan sakinlər müraciət ediblər.

“Şərur İnşaat”a məxsus “Şaiq” MTK binasının sakinləri bildirirlər ki, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb: “Aylıq kommunal haqlarını yığırlar, lakin heç bir iş görülmür. Şirkət sakinlərin şikayətlərini nəzərə almır. Zəng edirik, deyirlər ki, “Azərsu”yun problemidir”. “Azərsu”ya müraciət edirik, bildirirlər ki, “Biz suyu veririk, lakin binanın su xəttində problem olduğuna görə təzyiq gəlmir”. Beləcə davam edir, problem həll olmur”.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Onlar xarici dairədir və magistral su kəmərindən qidalanırlar. Ötən həftə həmin kəmərin təxminən 30 metrə yaxın hissəsini dəyişdirdik. Buna görə də müəyyən problemlər yaranmışdı. Artıq yavaş-yavaş rejimə çıxırıq. Bir məsələ də var ki, Şaiq MTK yeni xətt çəkməlidir. Çünki ərazidə iki- Şaiq MTK və Safari MTK bir xətdən qidalanır. Safari MTK aşağıda yerləşdiyi üçün onun anbarı daim dolu olur. Şaiq MTK-da isə vəziyyət belə deyil. Burada yaşayan sakinlər su məsələsində bəzi çətinliklər çəkirlər. Buna görə də biz həmin MTK-ya demişik ki, yeni texniki şərt alsınlar və özlərinin anbarına qədər yeni xətt çəksinlər, digər binadan asılı olmasınlar. Hazırda həmin əraziyə suyun verilişi davam edir, sadəcə bir həftə təmir işləri aparılarkən su dayandırılmışdı. Tək fərq odur ki, 24 saat su olmur. Buna da səbəb anbarın hissə-hissə su ilə dolmasıdır. Davamlı olaraq su gəlməsi üçün həmin xəttin yenilənməsi lazımdır”.

Şikayətlə bağlı “Şərur İnşaat”​a da müraciət etdik. Müraciətimizə cavab olaraq bildirildi ki, su xəttində heç bir problem yoxdur: “Məsələ ilə bağlı sakinlər tərəfindən bizə də müraciət olunub. Lakin burada MTK ilə bağlı heç bir problem yoxdur. Problem “Azərsu”yun problemidir ki, suyu çox zəif verirlər. Buna görə də su kəsildiyi müddətdə deponu doldura bilmir. Bu da sakinlərin su problemi yaşamasına səbəb olur. Bu günə qədər su xəttində heç bir problem yaşanmayıb. Əgər belə bir hal olsaydı, çoxdan ortaya çıxardı. Lakin son bir aydır ki, su problemi yaşanır. Bu, sadəcə suyun təzyiqinin çox aşağı olmasından yaranır”.

Təqdim etdi: Teref: Xocanın Blogu

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.