Milli Aerokosmik Agentliyin ərazisini KİMLƏR SATIB? - 7 MİLYONLUQ SÖVDƏLƏŞMƏ...
14-11-2023, 09:50
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumudur. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində «Kaspiy» Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə «Kaspiy» Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının «Kaspiy» Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir.
2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, Prezident İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı. 30 iyun 2014-cü ildə agentlik, Airbus ilə əməkdaşlıq edərək Azersky müşahidə peykini buraxdı.
Agentliyin nəzdində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu, Ekologiya İnstitutu, Kosmik Cihazqayırma Təcrübi Zavodu, Cihazqayırma Xüsusi Dizayn Bürosu, Xüsusi Dizayn-Texnoloji Bürosu (Lənkəran şəhərində) fəaliyyət göstərir.
Azərbaycanda aerokosmik tədqiqatların əsasını məhz Tofiq İsmayılov 1978-ci ildən Agentliyin baş direktoru Tofiq İsmayılov təyin edilmişdir. Onun rəhbərliyi dönəmində Agentlik artıq ümumdünya əhəmiyyətli tədqiqatlar aparır, kosmik aparatların uçuşlarını tənzimləyən elmi cihazlarla bərabər, agentlik kosmik fəzadan Yer və su səthinin müşayiət edilməsi, okean və dənizlərin dibinin öyrənilməsi, planetimizin ekoloji durumunun müəyyən edilməsinə imkan verən cihazlar yaradır və istehsal edirdi. Görkəmli tədqiqatçı təbiətin ekoloji monitorinqinin keçirilməsində kosmik tədqiqatların imkanları və əhəmiyyətini uzaqgörənliklə anlayır, bu sahədə tədqiqatları genişləndirirdi. Hələ XX əsrin 70 — 80-ci illərində T.İsmayılov Xəzər dənizi və ətraf ərazilərə təhlükə yarada biləcək amillər barəsində xəbərdarlıq etmiş, onların qarşısının alınması yollarını göstərmişdi.
Bütün yuxarıda qeyd etdiklərimizlə məqsədimiz Azərbaycan Milli Aerokosmik Agentliyinin özünün və tabeliyində olan struktur vahidlərinin strateji əhəmiyyətini xatırlatmaqdır. Bununla belə, vurğulamağa dəyər ki, Agentliyin infrastrukturunu təşkil edən, balansında olan ərazi və obyektlər mühafizə olunmalı, hətta mənəvi cəhətdən köhnəldikdə belə aqibətini dövlət müəyyənləşdirilməli, ayrı-ayrı məmurlar tərəfindən satılıb pulu mınimsənilməməlidir. Ən pis halda Agentliyin müasir dövrün tələblərinə uyğun gəlməyən və daha ehtiyac qalmayan əmlakı ya dövlətin, ya da burada çalışan kollektivin mülkiyyətinə keçməlidir.
Amma müşahidələr başqa mənfi tendensiyanın getdiyini göstərir.
Dəryaz qəzetinin redaksiyasına məlumat verən mənbə bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməsi. Paytaxtın gənc sakinləri bu ünvanda Mərkəzi Seçki Komisssiyasının inzibati binası ilə “Hollivud” otelini yaxşı tanısalar da, onların arasındakı nahiyədə hasarlanmış ərazinin taleyindən bixəbərdirlər. Bura Milli Aerokosmik Agentliyinin elmi-tədqiqat institutunun və cihazqayırma zavodunun ərazisi olub. Hasarın arxasında isə paytaxtda növbəti olacaq “göydələn” yaşayış binasının inşası gedir. Bəli, azərbaycanlı məmurların, iş adamlarının (çox vaxt elə məmur özü biznesmen olur) amerikalı milyarder İlon Maskdan fərqləri odur ki, ev tikib mənzil satmağı peyk uçurmaqdan daha perspektivli sayırlar. Bu tendensiya nə vaxta kimi davam edəcəksə, peyki də ya rusun, ya fransızın hesabına uçuracağıq, İlon Mask da Bakıya qonaq gəlməyi özünə sığışdırmayacaq, tədbirimizə olsa-olsa, on-layn qatılacaq.
Sözügedən ünvanda yaşayan orta və daha yuxarı yaşlı sakinlərlə apardığımız söhbətdən məlum oldu ki, mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun dövründə necə olubsa, ərazi nazirin həyat yoldaşı tərəfindən “özününküləşdirilib” və sonra da 7 (yeddi) milyon manata hazırda bina tikən iş adamına satılıb. Sözsüz ki, bu məsələdə söz sahibi Aerokosmik Agentliyin direktor müavini Əlihüseyn Camalov (Yavəır Camalovun qardaşı) olub. Yan tərəfdə isə “Azərsu” ASC-nin balansında olan idarə yerləşibmiş. Həmin idarənin ərazisi də ASC-nin sabiq sədri, Milli Məclisin sabiq spikeri, hazırki deputat Oqtay Əsədov tərəfindən ələ keçirilib, hazırda qardaşının ixtiyarındadır, bina tikilib. 1985-ci ildən həmin ətrafda yaşayan ahıl yaşlı sakin deyir ki, o vaxt əhalinin maşın qarajları adambaşına 15 min manat ödənilərək alındı, əslində sakinlərə başqa seçim qoymadılar. O zaman ağaclar kəsildiyindən, yaşıllıqlar məhv edildiyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi burada iş görən şəxsləri məhkəməyə də verib, amma xeyri olmayıb.
Araşdırmalarımızı davam etdirmək məqsədilə ərazidə tikinti işləri aparan iş icraçısı ilə telefon əlaqəsi saxladıq. Birinci zəngimizə cavab verən iş icraçısı suallarımız dinlədi, rəhbərliyi məlumatlandıracağını və yenidən əlaqə saxlayacağını vəd etsə də, sonradan ünsiyyətdən yayındı. Əlbəttə, iş icraçısı belə böyük suallara cavab vermək iqtidarında olmayacaq qədər böyük adam deyil. Amma aşkar prosesdir ki, Azərbaycanda məmurlar vəzifəni özlərinin və yaxın adamlarının, varlanması, “yeddi arxa dönənlərinə” yetəcək qədər kapital toplamaq üçün fürsət hesab edirlər. Axı necə olur ki, misal çəkdiyimiz kimi strateji obyektlərin ərazisi hətta doğru-dürüst qərarla da özəlləşdirilməyə çıxarılırsa, məhz onu idarə edən şəxslkərin yaxın adamlarına – həyat yoldaşlarına, övladlarına, qardaş-bacılarına qismət olur? Nəticə çıxır ki, ən azından hərrac şəffaf keçirilməyib. Füersətcilliklə ucuz qiymətə öz əllərinə keçirib, sonra da baha satıblar.
Mövzuya qayıdacağıq.
Mənbə: Deryaz.az
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu