Dövlət qurumlarının "cari təmir" xərcləri və qalib gələn naməlum şirkətlər

16-11-2023, 00:13           
Dövlət qurumlarının "cari təmir" xərcləri və qalib gələn naməlum şirkətlər
Ekspert: “Elə olur ki, bu müqavilələr digər məqsədlər üçün də istifadə olunur”

Dövlət satınalmalarının rəsmi portalında tez-tez müxtəlif qurumların az müddətdə bir neçə dəfə “cari təmir işləri” adı ilə müqavilə imzaladığı müşahidə olunur.

Bu cür “cari təmir işləri üzrə” satınalmaları əsasən dövlət orqanlarının əyalətlərdəki struktur bölmələrində görmək olur.

Məsələn, 2022-ci ilin martında Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin inzibati binasında cari təmir işlərinin satınalması ilə bağlı "Uğur Tikinti" MMC ilə dəyəri 27 min 103 manat olan müqavilə imzalayıb. Bundan 6 ay sonra yenə eyni şirkətlə, eyni iş üzrə 17 min 538 manat dəyərində müqavilə bağlanıb. Bundan 1 il sonra isə eyni şirkətlə bu dəfə 18 min 887 manat olan satınalma müqaviləsi imzalanıb.

İki il ərzində idarənin təmirinə toplam 63.528 manat xərclənib.

2022-ci ilin dekabrında Göyçay Rayon İcra Hakimiyyəti inzibati binada cari təmir işləri adı altında "Assa-18" MMC ilə dəyəri 9 min 942 manat olan satınamla müqaviləsi imzalayıb. Bunun üzərindən 1 il keçməsi, yeni “inzibati binada cari təmir işləri” adı altında bu dəfə "Göyçay İnşaat" MMC ilə dəyəri 7 min 694 manat olan satınalma müqaviləsi imzalanıb. İcra Hakimiyyəti iki il ərzində cari təmir işlərinə toplam 17.636 manat xərcləyib.

Maliyyə Nazirliyinin Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi 2020-ci ildə “S.M.K. MMC” MMC ilə cari təmir işlərinin satınalınması üzrə 8 min 357 manat dəyərində müqavilə imzalayıb. Bundan 5 ay sonra isə eyni şirkətlə, eyni iş üzrə 13 min 825 manat dəyərində digər müqavilə imzalanıb. Bundan 1 il sonra isə idarə "Şahin-R" MMC ilə cari təmir işləri üzrə dəyəri 16 min 596 manat olan daha bir müqavilə imzalayıb. İki il ərzində təmirə ümumilikdə 38.778 manat xərclənib.

Açıq mənbələrdə şirkətlərin ixtisaslaşdığı sahələr və resursları ilə bağlı məlumat yoxdur. Əlaqə vasitələri də olmadığı üçün onlarla əlaqə saxlamaq mümkün olmayıb.

Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin məsləhətçisi Elnur Axundov Abzas Media-ya deyir ki, inzibati bina hissə-hissə təmir olunduğu üçün müqavilələr ard-arda olur:

“Bizdə 4 mərtəbəli inzibati binadır. Hər il bir mərtəbəsi təmir olunur. Əsaslı təmir üçün lazım olan vəsait ayrılmır deyə, biz onu hissə-hissə edirik. İlin əvvəlində planlaşdırılır hansı işlər görüləcək və vəsait ayrılır".

Tenderdə qalib gələn "Uğur Tikinti" MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, E. Axundov bildirir ki, şirkət öz resursları ilə bağlı qanunvericilikdə tələb olunan bütün sənədlərini onlara təqdim edib.

"Ona görə bu 3 tender müqaviləsi onlarla imzalanıb. Tenderdə başqa şirkətlər iştirak etsə də, ən səmərəli qiyməti onlar təklif ediblər” – deyə o, bildirib.

Göyçay Rayon İcra Hakimiyyətinin baş mühasibi Musa Salahov deyir ki, icra hakimiyyətinin inzibati binası əsaslı təmir olunmadığına görə tez-tez bu istiqamətdə müqavilələr imzalanır:

“Bina köhnədir, əsaslı təmir olunmayıb. Əsaslı təmirlə cari təmirin fərqi var. Əsaslı təmir olunmayanda, hər il cari təmir işləri ola bilər. Biz bilmirik əsaslı təmir üçün nə vaxt vəsait ayrılacaq, amma əgər dövlət büdcəsindən əsaslı təmir üçün maliyyə ayrılsa və təmir aparılsa, artıq növbəti illərdə cari təmir işlərinə ehtiyac olmayacaq” – deyə o, bildirib.

Məsələ ilə bağlı suallar ünvanlamaq istəsək də, nə Maliyyə Nazirliyindən, nə də Nazirliyin Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsindən zənglərimizə cavab verilməyib.

İqtisadçı Rəşad Həsənov deyir ki, bütün dövlət qurumlarının saxlanma xərcləri olur. Ancaq "cari təmir" adı ilə bağlanan müqavilələr bəzən digər məqsədlər üçün də istifadə edilir:

“Ona görə də, alınan bütün detallar parametrinə, detalına, keyfiyyətinə qədər ictimailəşdirilməlidir. Qalib şirkətin də hansı şərtlərlə qalib olduğu bidirilməlidir. Hətta tenderdə qalib olmayan şirkətlərin təklifləri də tender bitdikdən sonra açıqlanmalıdır. Bu məlumatlar ictimailəşdirilməlidir ki, hər kəs müqayisə aparıb şərtlərin real bazara uyğun olub-olmamasını aydınlaşdıra bilsin. Prosesin ədalətli aparılıb-aparılmaması müzakirə predmetinə çevrilməlidir”,-o bildirir.

Tenderlərə baxdıqda aydın olur ki, qısa müddətdə ard-arda keçirilən tenderlərin qalibləri eyni şirkətlər olur. İqtisadçı hesab edir ki, bu yanlışdır:

“Müxtəlif xarakterli təmir satınalmalarının bir şirkətə ötürülməsi xərcləri daha da böyüdür. Şirkət işi ümumi götürəndə işi subpodratçılara ötürəcəyini düşünüb, özünün komissiyasını da bu xidmətin üzərinə qoyur. Ancaq gələcəkdə bu xidmətin özündə iştirak edəcək o şirkətlər özləri birbaşa tenderdə iştirak etsələr, bu komissiyadan da yayınmaq olar”,- deyə iqtisadçı bildirib.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.