Deputatın 9,4 milyon manat vergi borcu var – Bir ildə cəmi 120 min manat ödəyib...
19-11-2023, 00:04
Son günlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi borcunu vaxtında ödəməyən sahibkarların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəmələrə çoxsaylı müraciətlər edib.
Yeniavaz.com xəbər verir ki, təkcə ötən gün (15 iyul 2022-ci il) Vergi Xidməti tərəfindən sahibkarlara qarşı Bakı Kommersiya Məhkəməsində 20-dən çox iddia qaldırılıb.
Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istənilən sahibkarların bir-çoxunun vergi borcu bəzən 10 min manatdan aşağı olur.
Məsələn, ölkədən çıxışına qadağa qoyulması istənilən iş adamlarından biri “VMR” şirkətlər qurupunun rəhbəri Vüsal Həsənovdur.
Vüsal Həsənovun rəhbərlik etdiyi "VMR Estetik Gəncə” MMC-nin (VÖEN-1404163161) dövlət büdcəsinə 5 min 419,88 manat, "VMR Medical Center” MMC-nin (VÖEN-1403025661) isə 2 min 637,98 manat vergi borcu var.
Yaxud dünən yayılan xəbərlərdən belə görünür ki, 6 min manat vergi borcu olduğu üçün “Planet” şadlıq sarayının rəhbəri Vüqar Şirinovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Lakin maraqlıdır ki, hazırda dövlət büdcəsinə böyük həcmdə vergi borcu olan yüksək vəzifəli şəxslərin sahib olduqları hüquqi şəxslər barəsində analoji addım atılmır.
Məlumat üçün bildirək ki, dövlət büdcəsinə böyük həcmdə vergi borcu olan şəxslərdən biri millət vəkili İqbal Məmmədova məxsus olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsidir (VÖEN- 1600019501).
Bu müəssisənin dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 397 min 776 manat 75 qəpik vergi borcu var. Təxminən bir il əvvəl 2021-ci ilin iyun ayında şirkətin borc 9 milyon 520 min manat olub. Rəqəmlərdən də göründüyü kimi son bir ildə borcun olduqca kiçik (1,3%-i və ya 123 min manat) bir hissəsi ödənilib.
Məlumat üçün bildirək ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16.10.1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 45 000 dollar olan şirkəti 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunub.
Bu ilin yanvar ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə İqbal Məmmədov olub.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.