Misaleh Seyidov bir buralara GÖZ ATSIN... - GİLEY
23-11-2023, 09:38
Penitersiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Səmədov Əli Azər oğlunun qardaşı, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, 1-ci qrup hərbi əlil Səmədov Məhəmmədəli Azər oğlu tərəfindən ölkə rəhbərliyin müraciət ünvanlanıb. Müraciətdə deyilir:
"Bildirmək istəyirəm ki, qardaşım 1996-cı il təvəllüdlü Səmədov Əli Azər oğlu Ədliyyə Nazirliyi Penitersiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsindədir. O, irsi xəstəlik səbəbilə 1-ci qrup əlildir. Xəstəliyi ilə əlaqədar müayinə və müalicə olunmalıdır. Lakin, Müalicə Müəssisəsinin rəis müavini Elxan İsgəndərov onun oraya köçürülməsin (etab) mane olur. Çünki, bundan öncə qardaşım Əli yuxarı instansiyalara yazılı ərizələrlə, kütləvi informasiya vasitələri üzərindən Elxan İsgəndərovun Müalicə Müəssisəsində qanunsuz əməllərlə məşğul olduğuna dair şikayətlər ünvanlamışdı. Elə ona görə də xəstə qardaşımla ədavət aparılır. Dəfələrlə Penitersiar Xidmətin qaynar xətt nömrəsinə zəng etmişəm, elektron məktublar göndərmişəm. Hətta vəzifəli şəxslərin qəbulunda da olmuşuq. Hamısı müxtəlif bəhanələr gətirir. Təəssüflər olsun ki, haqlı şikayətim Penitersiar Xidmətin rəisi Mirsaleh Seyidovdan gizlədilir, məsuliyyətsizlik edirlər, telefon zənglərim və məktublarım barədə Ona məlumat verilmir Hesab edirəm ki, cənab rəis böyük kadr dəyişikliyi aparmalıdır.
Xəstə və çarəsiz qardaşım Əli isə ağrılar içərisində qıvrıla-qıvrıla qalıb. O, təcili olaraq Müalicə Müəssisəsinə köçürülməli, oradan da mülki xəstəxanalarda müayinə olunmalıdır. Əks halda vəziyyəti daha da pisləşəcəkdir.
Mən mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Penitersiar Xidmətin rəisi cənab Mirsaleh Seyidovdan xahiş edirəm, qardaşım Əlinin Müalicə Müəssisəsinə köçürülməsinə, oradan da mülki xəstəxanalarda müayinə olunmasına köməklik göstərəsiniz. Öncədən təşəkkürlərimi bildirirəm".
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...