Bizdə işçi hüququ ƏN ARXA PLANDADIR... - BƏLKƏ DƏ PLANDA BELƏ YOXDUR...
24-11-2023, 10:19
"Şikayətim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlıdır. Bildiyiniz kimi ölkədə Əmək məcəlləsinə görə həftəlik 5 gün olmaqla 40 saatlıq iş həftəsi tətbiq olunur. Ancaq bu günədək bu qanun yalnız kağız üzərindədir. Beləki əmək məcəlləsinin pozulması adi hal alıb. İstər özəl istərsədə dövlət müəssisələrində gündəlik 10-12 saat həftəlik 6 gün iş qrafiki ilə işçilər çalışdırılır. Supermarketlər, geyim mağazalarında isə işçilərin bir neçə işçinin işini bir işçiyə gördürülməsi və az qala bir sutka çalışdırılması heç kimə sirr deyil. Əmək bazarında bu biabırçı vəziyyət köləlik siyasətinin adi hal halması dəfələrlə mediada ictimailəşdirilsədə təssüfki dəyişən heçnə yoxdur. Bildiyiniz kimi ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçirlər. Yəni həftənin yarısını işləyib yarısını istirahət etsələrdə bizdə nəyinki 4 günlük iş rejiminin tətbiqindən söhbət getmir heç 5 günlük həftəlik 40 saatlıq iş həftəsi belə tətbiq edilmir işçilər quldarlıq dövründəymiş kimi həftəlik 60-70 saat çalışdırılır. AFP-yə görə artıq dünyanın 48 ölkəsi 4 günlük iş rejiminə keçib. Qərb ölkələrindən başqa keçmis Sovetlər Birliyi ölkələridə artıq 4 günlük iş rejiminə keçirlər. Bu ilin iyul ayında Qazaxıstan 4 günlük iş rejiminə keçdi. 1 yanvar 2024-cu ildən etibarən Moldovada 4 günlük iş rejiminə keçəcək. Artıq Gürcüstan, Özbəkistan kimi ölkələrdə 4 günlük iş rejiminə keçid etməyi müzakirə edirlər. Bizdə isə Dövlət Əmək Müffətişliyi isə deyirki 5-6 ildir ki, hökümətin qərarı ilə sahibkarlığa dəstək məqsədi ilə dövlət qurumlarının müəssisələrdə yoxlamaları dayandırılıb ona görədə vətəndaş çalışdığı iş yerində istismar edilirsə rəsmi olaraq bizə müraciət etsin bizdə qanunvericiliyə uyğun olaraq həmin işəgötürəni cərimələyək. Yəni ortalama 400-450 manat maaş alan bir işçi öz işini itirməyi gözə alaraq Dövlət Əmək Müffətişliyinə şikayət edəcəkmiş. Dövlət Əmək Müffətişliyi həmin işəgötürəni cərimə edəcək həmin işçi isə ən "yaxşı" halda işdən çıxarılacaq ən pis halda isə maddə ilə yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarılıb və bu maddə ilə heç vaxt heç yerdə işə götürülməyəcək. Təbii ki onsuzda ölkədə iş tapmaq asan deyil və işçilərdə işdən çıxarılmaq qorxusundan Dövlət Əmək Müffətişliyinə şikayət edə bilmir və kölə kimi çalışdırılmağa razı olurlar. Sonucda vətəndaşları işlə təmin etməyə dövlət borclu deyil deyən bir nazirlikdən və nazirdən danışırıq. Ölkədəki quldarlıq rejimi Beynəlxalq Əmək Təşkilatınında hesabatlarında da yer alır. Beləki təşkilatın 2022-ci il hesabatına görə ölkəmiz işçilərin ən çox çalışdırıldığı ölkələr siyahısındadır və təşkilata görə ölkədə 100 mindən çox müasir kölə var. Beynəlxalq Əmək Təşkilatından başqa Amnesty International, Human Rights Watch, kimi İnsan Haqları izləmə təşkilatlarının hesabatlarına görədə ölkəmiz işçilərin ən çox çalışdırıldığı və ən çox işçi ölümlərinin qeydə alındığı körfəz ölkələri BƏƏ, Qətər kimi ölkələrlə eyni siyahıda yer alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəyinki işçiləri kölə kimi şirkətləri cərimə etmir hətta Dövlət Məşğulluq Agentliyi vasitəsi ilə həmin şirkətlərlə əməkdaşlıq edib vətəndaşlara "iş" təklif edir. Halbuki çoxu qida supermarketlər şəbəkəsi olan bu şirkətlərdə işçilər az qala bir sutka çalışdırılmağa dözə bilməyib işdən çıxırlar və bu şirkətlər həmişə işçi axtarışındadır".
Müəllif: İlkin Məmmədkərimov
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...