Hərə əlinə bir külüng alıb düşüb Ana Təbiətin üstünə...

28-11-2023, 12:39           
Hərə əlinə bir külüng alıb düşüb Ana Təbiətin üstünə...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 9 saylı Ağcabədi Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (RETSİ) Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Xocavənd, Xankəndi şəhəri, Füzuli, Şuşa şəhəri, Xocalıdan ibarət böyük bir əraziyə nəzarət etməklə vəzifələndirilib. İşğaldan yeni azad olunmuş şəhər və rayonlarımızı hələlik bir yana qoyaq, deyək ki onlara nəzarət mexanizmləri hələ yeni-yeni işə düşür. Amma gəlin görək, nəzarət mexanizmləri işlək vəziyyətdə olan rayonlarımızda vəziyyət qənaətbəxşdirmi? – Əsla yox!
Bu ərəfədə redaksiyamıza daxil olan və foto-video çəkiliş materialları ilə müşayiət olunan məlumatdan aşkar görünür ki, Bərdə dəmiryol vağzalına aid olan ərazidə bəlli hüdudlarda torpaq sahəsi hasarlanıb və içində hələlik təyinatı bilinməyən obyekt tikilməkdədir. Məsələ burasındadır ki, hasarların içərisində ağaclar da “əsir düşüb”. Aqibətləri də qabaqcadan bəllidir: Məhv ediləcəklər!

Heç cür inandırıcı deyil ki, 9 saylı RETSİ-nin rəisi Oqtay Şahmurovun bu boyda faktdan xəbəri olmasın. Xatırladaq ki, Oqtay Şahmurov ETSN-nin 3 saylı Şirvan RETSİ-nin rəis müavini işləyib və onun barəsində yayılan xoşagəlməz informasiyaların fonunda başqa regional idarəyə rəhbər vəzifəyə göndərilməsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmamışdı. Tezlkiklə, bu tərəddüdlər, təəccüblər özünü doğrultdu və Oqtay Şahmurov yeni vəzifəsində qanunsuzluqlara rəvac verməklə nəzarət etməli olduğu ərazilərdə bir neçə süni göllərin yaradılmasına, o cümlədən Tərtərçay məcrasında qanunsuz, dövlətə vergi belə ödəmədən fəaliyyət göstərən karxanaların çınqıl hasil etməsinə, asfalt zavodunun, süd-pendir fabriklərinin atmosferə buraxdıqları tüstüyə, zərərli tullantllara göz yumdu. Redaksiya olaraq vaxtilə bütün bu və digər faktlara aydınlıq gətirilməsi barədəregional idarəyə yazdığımız məktublara cavab verilirdi ki, bəs karxanaların fəaliyyəti barədə şikayətlərə ETSN-nin digər qurumu - Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi baxmalıdır. Agentliyə vurduğumuz zənglərə isə cavab verən yox idi.
Yaxşı bəs, Bərdədə “əsir alınan” bu ağacların taleyinə necə, Oqtay Şahmurov biganə qalacaqmı? Nə etməlidirsə, tez etməlidir, ağaclar məhv edilməmiş. Əlbəttə, əgər obyekt sahibi ilə sövdələşib susmaq öhdəliyi götürməyibsə!



Müəllif: İbrahim Hümbətov - Mənbə: azerinfo.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.