Direktor Yardımlı meşələrində baş verən yaşıl soyqırımı belə gizlədir - NAZİRİN NƏZƏRİNƏ...
28-11-2023, 15:44
Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi fonunda baş verən ekoloji cinayəti gizlədilməsinə cəhdlər göstərilməsi barədə xəbər vermişdik.
Bildirmişdik ki, 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında meşəni son bir-neçə həftədə talan ediblər.
AzToday.az-ın əldə etdiyi məlumatlar isə göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yayılan görüntülərlə bağlı yoxlamaları yerli ekologiya idarəsinin rəhbərliyinin məsuliyyətini azaltmaq məqsədi ilə keçirilir. Belə ki, yoxlamaya cəlb olunan şəxslərin yerli ekologiya idarələrinin işçisi olması fonunda ağacların kütləvi kəsilməsi və işlik materiallar üçün cavan toğaların kəsilməsi faktları rəsmiləşdirilmir.
Şikayətçilərin birinin redaksiyamıza təqdim etdiyi görüntülər yoxlama aparan ekologiya işçilərinin müdhiş saxtakarlığa əl atdığını göstərir. Belə ki, diametri 1.1 metr olan ağacı ekologiya müfəttişi Rauf ölçü qoyulmamış 52 santimetr göstərir və bu barədə ölçünü götürən şəxsə piçıltı ilə bildirir. Görüntülərdə cinayət faktını əks etdirən səs aydın şəkildə eşidilir.
Bunu etməkdə məqsəd cinayət faktını gizlətməkdir. Çünki mövcud normativ sənədlərdə qanunsuz kəsilmiş ağacın diametri 52 sm və ondan aşağı olduqda cərimə 50 manat yazılır. 52-dən yuxarı hər santimetrə görə isə əlavə 33 manat cərimə hesablanır. Videoda görünən ağacın diametri 110 santimetrdən çox olduğu görünür ki, bunun da cəriməsi ən azı 1954 manat edir. Müfəttişlərin isə sözügedən ağaca 50 manat cərimə yazmaq istədiyi tam şəkildə aydın olur. Onların hansı səbəbdən bu addımı atdığını səbəbini və baş verən ekoloji cinayət faktını hüquq-mühafizə orqanları araşdırmalı və günahkarları layiqli şəkildə cəzalandırmalıdır.
Redaksiyamıza təqdim olunan foto və videolardan isə açıq şəkildə görünür ki, Ləzir meşələrindəekologiya işçilərinin iştirakı ilə baş verən yaşıl soyqırımda yüzlərlə iri diametrli ağaclar kəsilib. Amma 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi baş verən cinayət faktını gizlətməyə çalışır. Belə ki, Mərkəz direktoru Nəsimi Nəsibov bu günlərdə şikayətçilərdən birini meşə gözətçisi təyin etdirməklə cinayət faktını üstünü örtmək niyyətindədir…
Ümid edirik ki, nazir Muxtar Babayev Ləzir meşələrində baş verən yaşıl soyqırımın yenidən yoxlanılması barədə qərar verəcək. Və cinayətə yol verən Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi barədə cinayət işinin başlanılması barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək. Əks təqdirdə Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi tərəfindən meşələrin məhv edilməsi prosesi daha geniş miqyasda davam etdiriləcək.
Mənbə: AzToday.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı