Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
29-11-2023, 12:14
"Laçınlı məcburi köçkünlər üçün tikilən məktəb sürüşmə zonasında olduğundan hər an uça bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Topçubaşov küçəsinin sakini, 159 saylı fərdi evin sakini Zəminə Zahirova deyib.
Şikayətçi iddia edib ki, məktəb direktoru ona hədə-qorxu gələrək 15 ildən çox yaşadığı evi və torpağı əlinən almaqla hədələyir:
"Əvvəllər susurdum, inanmırdım, lakin sonra olanlarla bağlı 102 xidmətinə məlumat verdim. 10 KV 141 dövlət qeydiyyat nömrə nişanlı maşınla adamlar gələrək, Badamdardakı Laçın məktəbinin direktoru Piyalə Xudayarovanın sifarişini icra edərək, özbaşına söküntü işləri aparıblar. Hadisə ilə bağlı bütün faktlar video və foto-şəkildə öz təsdiqini tapıb. Xudayarovanın qanunsuz göstərişi ilə evimə icazəsiz dəmir dərvazanı birləşdirib, mənzilə ciddi təhlükə yaratdılar".
Zəminə Zahirova bildirib ki, dəfələrlə məktəb direktorundan evinə qanunsuz birləşdirilən dərvazanın ayrılmasını xahiş edib:
"Hər dəfə də hədə-qorxu gəliblər. Özbaşına və qanunsuz hərəkətlərinə son qoyulmasına dair tələbimizdən sonra Piyalə Xudayarova qonşuların və müəllimlərin gözü qarşısında bizə hədə-qorxu gəlib. Onun hərəkətləri və böhtanları nəticəsində mənim səhhətim pisləşib, üstümə təcili yardım gəlib. Məktəb direktoru yolumuza və həyətimizə baxan təhlükəsizlik kameralarının sökülməsini və digər əsassız tələblər irəli sürür. Kameralardan niyə qorxmalıdır? Elm və Təhsil Nazirliyinə də bu barədə yazılı narazılığımızı bildirmişik”.
Şikayətçi qeyd edib ki, paytaxtın mərkəzi sayılan Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən bir mərtəbəli orta məktəbin ümumi acınacaqlı vəziyyəti göz önündədir:
"Məktəbin heç kanalizasiya sistemi də yoxdur. Çirkab sular dövlət torpağın üzərinə və sakinlərin həyətinə axıdılır, ətraf üfunət iyi verir, yerimək olmur. Yaranan vəziyyət həm qonşuları, həm digər sakinləri çox narahat edir. Bu dözülməz vəziyyətdən çıxış yolu kimi biz audiyyatı üzrə müraciətlər etdik. Hazırda mərkəzi kanalizasiya sistemininə məcburi qoşulması barədə rəsmi xəbərdarlıq ediblər (foto və sənədlər var). Nəinki paytaxt Bakıda, heç ucqar kənddəki məktəbi də kanalizasiya sistemi olmadan təsəvvür etmək olmur. Məktəb düz uçurumun kənarında yerləşir”.
Şikayətçi xanım ərazinin sürüşmə zonası olduğunu vurğulayıb:
"Bizim evimiz buna görə uçurumdan xeyli arada tikilib. Nəinki zəlzələ, hətta xırda bir torpaq silkələnməsi məktəbi və onun kollektivini, şagirdləri uçuruma aparacaq. Fəlakət baş verəndən sonra kimlərinsə cəza almasının heç bir faydası olmayacaq. Yeri gəlmişkən, məktəb rəhbərliyinə yaxın ərazidə hər cür şəraiti olan bina təklif olunub, amma direktor istəmir. Niyə? Nə marağı var? Niyə şaqirdlər və məktəb kollektivi bu günkü gündə bu acınacaqlı vəziyyətdə olmalıdırlar? Hər zaman təhlükəynən üzləşməlidirlər. Bu niyələrin cavabını yaxşı olar ki, məktəb direktoru versin”.