Xidmət rəisi meşələrin qəniminə çevrilən mafiyanı niyə müdafiə edir?

29-11-2023, 10:27           
Xidmət rəisi meşələrin qəniminə çevrilən mafiyanı niyə müdafiə edir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov mediaya geniş müsahibə verib. Müsahibədə xidmət rəisi son günlər Yardımlı meşələrində baş verən yaşıl soyqırıma da münasibət bildirərək qeyd edib ki, şikayət edən sakinlər yoxlamalardan razı qalıblar. Şikayətçilərin necə razı salındığına keçməzdən əvvəl Cabbar Qəribovun müsahibəsindəki həmin hissəni olduğu kimi təqdim edirik:

– Son günlərdə Yardımlıda qanunsuz ağackəsmə ilə əlaqədar sosial şəbəkələrdə məlumatlar paylaşılır. Bununla bağlı nə deyə bilərsiniz?

– Yardımlı rayonunun Ləzir kəndinə yaxın meşə sahəsində qanunsuz qırıntıların baş verməsi barədə daxil olan şikayət əsasında, şikayətçinin iştirakı ilə əraziyə baxış keçirilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Meşələrin İnkişafı Xidməti əməkdaşlarının apardıqları araşdırma zamanı qanunsuz ağac kəsintisi faktı təsdiqini tapıb. Qanunsuz kəsilmiş ağacların hamısı qeydiyyata alınıb. Faktda cinayət əməli olduğundan toplanan materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib. Ən əsası, şikayətçi araşdırmadan razı qalıb, sosial şəbəkələrdə yoxlamanın düzgün aparıldığını, ağacların diametrinə uyğun olaraq təbiətə dəyən ziyanın məbləğinin düzgün hesablandığını qeyd edib. Yada salım ki, ətraf mühitdə ən önəmli komponentlərdən biri də bizim meşələrimizdir və onları qorumaq hamımızın borcudur. Bu baxımdan, şikayət edən şəxsə sayıqlığına və təbiətimizə qayğısına görə təşəkkür bildiririk.

Cabbar Qəribovun niyə belə danışdığının səbəbini bilmirik. Amma şikayət edən sakinlərin redaksiyamıza və sosial şəbəkələrə ötürdüyü görüntülər xidmət rəisinin yalan danışdığını ortaya qoyur. Belə ki, yoxlama aparan ekologiya işçilərinin ağacların diametrini azı iki dəfə azaltdığı video görüntülərdə əksini tapıb. Və bunu qəsdən etdikləri də açıq aydındır. Sözügedən görüntülərdən sonra Cabbar Qəribovun belə müsahibə verməsi onun da bu işdə maraqlı tərəf olduğunu deməyə əsas yaradır. Əks halda xidmət rəisi yoxlamaların obyektiv keçirilməsi barədə fikir bildirməzdi.


İkinci bir tərəfdən Ləzir meşələrində bütün qırıntıların araşdırıldığını deyən xidmət rəisi növbəti yalanını danışıb. Sakinlər bildirir ki, ekologiya işçiləri kiçik ərazidə yoxlama aparıb. 56 iri diametrli ağacı kəsilməsini müəyyənləşdirsələrdə, sənəddə 50 ağacı qeyd ediblər. Başqa qırıntı sahələri və ətrafdakı dolaylar yoxlanılmayıb.

Şikayətçilərin necə razı salınmasına gəlincə təkcə onu bildirmək istəyirik ki, Ləzir meşələrini qanunsuz ağac kəsintisi faktlarını ictimailəşdirən və mediaya açıqlama verənlərdən biri həmin meşə dolayına gözətçi təyin olunub. Görünür, Cabbar Qəribov əsl günahkarları cəzalandırmaq əvəzinə şikayətçiləri ələ almaqla işini bitmiş sayır…

Son zamanlar hüquq-mühafizə orqanlarının Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarına qarşı keçirdiyi əməliyyatlardan sonra Cabbar Qəribovun meşələrin qəniminə çevrilən ekologiya işçilərinin müdafiəsinə qalxması ilginc məqamlardan xəbər verir…
/aztoday.az/
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.