İmişlidə məmur özbaşınalıqları davam edir
2-09-2016, 13:21
Vilyam Hacıyevin qanunsuz əməllərindən hətta onun bəzi yaxın qohumları da əziyyət çəkirlər
Son vaxtlar bizimdovr.az-a daxil olan çoxsaylı məlumatlardan belə qənaətə gəlmək olur ki, bu gün məmur özbaşınalıqlarının daha çox tüğyan etdiyi bölgələrimizdən biri də məhz İmişli rayonudur. Həmin aldığımız məlumatlar əsasında qəzetimizin ötən saylarında dərc etdiyimiz yazılarda da biz dəfələrlə bu mövzuya toxunaraq bildirmişik ki, İmişli rayonunda yerli sakinlər, xüsusən də müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlar hələ də regional oliqarxlıq ambisiyalarının əsarətində olan Vilyam Hacıyevin təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, bu rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü dərhal rayon rəhbərliyi tərəfindən nəzarətə götürülür. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurlar kimi, İmişlinin icra başçısını da narahat etmir. Məhz bu səbəbdən də redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, bu gün İmişlinin iqtisadiyyatında elə bir sahə tapmaq mümkün deyil ki, oranı Rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyev özünün maraq dairəsinə daxil etməsin. Bu xüsusda rayondan aldığımız məlumatlardan birində deyilir: “Göstərdiyi münasibətdən aydın şəkildə hiss olunur ki, başçı yerli əhalinin sosial rifahının yüksəlməsini istəmir. O, daha çox sahibi olduğu biznesə və yaxın ətrafına vaxt ayırır. Rayonda işsizlik çox yüksək həddə çatıb. Camaat beş-on manat pul qazanmaqdan ötrü min bir məşəqqətlə üzləşir. Ən yaxşı işlərdə Vilyam Hacıyevin yaxın çevrəsindən olan şəxslər çalışır. İmişli camaatı onun əlindən qan ağlayır. Adıçəkilən məmur rayona rəhbər təyin ediləndən sonra hektarlarla otlaq sahələsi məcburi qaydada vətəndaşlardan alınıb. Biznes üçün əlverişli mövqedə yerləşən torpaq sahələrinin hamısı satılıb. Rayonun mərkəzindəki bəzi yaşıllıq sahələri amansızcasına məhv edilib. Lakin bunun hesabını icra başçısından tələb edən yoxdur. Ölkə başçısı bütün regionlarda olduğu kimi, İmişlidə də inkişafın getməsini, rayonun abadlaşmasını istəyir. Bu məqsədlə mütəmadi olaraq dövlət büdcəsindən pul ayırır. Həmin vəsaitlər təyinatı üzrə sərf edilsə, İmişli bölgədə ən gözəl rayonlardan birinə çevrilər. Amma icra başçısının işinə biganəliyi rayonun bərbad hala salınmasının gətirib çıxarıb...”
Eyni zamanda da İmişlidən daxil olan açıqlamalarda mənbələr yerli sakinlərin ölkə mətbuatında Vilyam Hacıyevin yarıtmaz fəaliyyətinə dair dərc olunan tənqidi materiallara da haqq qazandırdıqlarını vurğulayırlar: “Bu gün başçı İmişli sakinlərini yox, ancaq özünü və yaxın qohumlarını fikirləşir. Vilyam Hacıyev hələ Samuxda icra başçısı vəzifəsində çalışan gündən onun fəaliyyəti barədə birmənalı fikirlər səslənməyib, yol verdiyi nöqsanlar daim mətbuatın da gündəmində olub, onun barəsində silsilə tənqidi yazılar dərc edilib. Bu gün də həmin tendensiya davam etməkdədir. Çünki Vilyam Hacıyev ölkə rəhbərliyinin ona tapşırdığı işlərin öhdəsindən gələ bilmir və buna görə də hazırda İmişli camaatı böyük problemlərin məngənəsində çabalayır. Məhz bu səbəbdən ayrı-ayrı mətbuat vasitələri haqlı olaraq, tez-tez icra başçısı haqqında tənqidi yazılar hazırlayır...” Bununla belə, son vaxtlar mətbuata ayaq açmış bəzi məlumatlar belə deməyə əsas verir ki, sən demə Vilyam Hacıyevin əməllərindən hətta onun bir çox yaxın qohum-əqrəbaları da ziyan çəkiblər. Belə məlumatlardan birində deyilir: “İmişli RİH başçısının qanunsuz hərəkətlərinə nəzər salanda, onun hətta öz doğma qardaşına da kələk gəlməsi faktına rast gəlinir.Belə ki, Vilyam Hacıyev hələ Göygöl rayonunda icra başçısı işlədiyi dövrdə “Kapitalbank”ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işləri gördürüb, amma bu günədək pulunu verməyib. Bu barədə E.Hacıyevin özü mətbuata məlumat verib. Deyib ki, qardaşı Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən, ona abadlıq işləri gördürürmüş. Mənbənin iddiasına görə, Eldar Hacıyev verdiyi açıqlamada qardaşının xahişi ilə rayonun mərkəzi parkında və stadionda təmir, tikinti və abadlıq işləri apardığını bildirib. Bu işlər təxminən 32 min manata başa gəlib. Vilyam Hacıyev isə, bu vəsaitlərin rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və abadlaşdırma işləri üçün ölkə prezidenti tərəfindən İmişliyə ayrılacaq pullar hesabına geri ödəniləcəyini söz verib. Eldar Hacıyev də bu vədə güvənərək, borc götürərək, həmin işləri həyata keçirib. Ancaq sonradan borc sahibinə pulu qaytara bilmədiyi üçün, “Kapitalbank”dan kredit götürdüb. Açıqlamada bildirilir ki, Vilyam Hacıyev həmin məbləği hələ də qaytarmayıb...”
Bir qədər bundan əvvəl aldığımız başqa səpgili məlumatlarda isə, Vilyam Hacıyevin son vaxtlar gəlir əldə etmək məqsədilə İmişlidə, daha dəqiq desək rayonun kəndlərində məmur yerdəyişmələri həyata keçirdiyi də bildirilirdi. Bu xüsusda redaksiyamıza daxil olan açıqlamada, deyilənlərə nümunə kimi bəzi “transfer” əməliyyatlarının təfərrüatları da təqdim olunmuşdu.
Bu minvalla “yeni vəzifələrə” təyin olunmuş kadrlar isə, bu işə yatırdıqları “investisiyanı” çıxarmaq, həm də gəlir əldə etmək məqsədilə, tez bir zamanda intensiv fəaliyyətə başlamışdılar. Aldığımız açıqlamalarda məhz “transfer” əməliyyatlarının keçirildiyi qəsəbə və kəndlərdə yol verilən torpaq maxinasiyalarının daha çox yer alması haqda iddialar irəli sürülürdü. Bildirilirdi ki, icra nümayəndələri yerli bələdiyyələrlə əlbir olaraq, bu prossesləri elə bir xüsusi sxem üzrə həyata keçirirlər ki, ilk baxışda qanun pozuntularını müəyyən etmək də çətin olur. Yerli sakinlər isə, hətta onlar üçün dövlət tərəfindən müəyyən olunmuş pay torpaqlarına görə icra nümayəndəliklərinə və bələdiyyə sədrlərinə 3-4 min manat ödədikdən sonra belə müvafiq sənədləri əldə edə bilmirlər. Tək elə bu səbəbdən vətəndaşlar yerli orqanlardan olan şikayətləri ilə artıq bir neçə dəfə İmişli Rayon İcra Hakimiyyətinə üz tutublar. Amma əsil problem də elə bundadır ki, faktiki olaraq rayonun qəsəbə və kəndlərində fəaliyyət göstərən icra
nümayəndəlikləri və bələdiyyələr törətdikləri qanun pozuntularına əslində elə RİH rəhbərliyi tərəfindən təhrik olunurlar. Belə olacağı təqdirdə isə, təbii ki, problemin həllini də başçı Vilyam Hacıyevdən gözləmək heç də məqsədəuyğun deyil.
Ümumiyyətlə redaksiyamıza daxil məlumatlara görə, Vilyam Hacıyevin bu rayona gəlişindən sonra imişlililərin dövlət məmurlarina münasibətləri bir qədər də pisləşib, narazılıqlar artıb. Bu xüsusda aldığımız açıqlamalardan birində rayonda yaranmış vəziyyət belə təsvir olunur: “Vilyam Hacıyev İmişlidə işə başlayan kimi yerli sahibkarlara qanunsuz haqq qoyub, hər ay filan qədər ödəmək tələbi irəli sürüb. O cümlədən, başçı İmişlidə yerli Asfalt zavodunun müdiri ilə də ciddi konfliktə şərait yaradıb. Belə ki, Vilyam Hacıyev Asfalt zavodunun müdirindən tələb edib ki, rayonun bütün yollarını öz hesabına asfaltlasın. Həmçinin icra başçısı İmişlidəki ağaclara da qənim kəsilib. O, İmişli şəhərinin 20 Yanvar küçəsinin kənarında, Heydər Əliyev adına şəhər istirahət parkına bitişik ərazidə ağacların kütləvi şəkildə kəsilməsinə göstəriş verib. Göstərilən ərazilərdə çoxillik küknar ağaclarının bir qisminin kökündən çıxarılması sakinlərin xüsusi hiddətinə səbəb olub. Sonra həmin ağacları doğrayaraq yük maşınları ilə 28 May küçəsində yerləşən taxta-şalban emalatxanasına daşıyıblar. Ağacların kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmadığından, icra başçısının göstərişi ilə bu işi gerçəkləşdirən İmişli Kommunal Təsərrüfatları İstehsalat Birliyi ETSN tərəfindən cərimələnib. Bir müddət əvvəl rayonda salınan Bayraq Meydanına gedən yol üzərində yerləşən meşə zolağı da məhv edilib. Vilyam Hacıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işə qarışdığını gördükdə isə, bütün günahlar rayon bələdiyyəsinin üstünə atılıb. Nəticədə bələdiyyə nə az, nə çox, düz 40 min manat cərimələnib...”
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.