Zığda su "üsyanı"

6-06-2015, 06:17           

İyunun 5-də Zığ qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər. 60 nəfərə yaxın qəsəbə sakini İdris Süleymanov küçəsinə toplaşaraq, əsas yolu bağlayıblar.

Musavat.com-un məlumatına görə, onlar neçə illərdir ki, əraziyə içməli suyun verilməməsindən şikayətləniblər. Aksiya iştirakçıları bu barədə aidiyyatı dövlət orqanlarına dəfələrlə şikayət etsələr də, nəticəsinin olmadığını deyiblər.
Sakinlərin etirazlarına səbəb sadəcə, su problemi deyil. Qəsəbənin yolları, kanalizasiya sistemləri də bərbad haldadır. Yollardakı kiçik asfalt örtükləri sovet dövründən qalıb. Bu illər ərzində qəsəbədə heç bir iş görülməyib. Sadəcə, 800 metrlik su xətti çəkilib ki, o da sona qədər tamamlanmayıb.

Qəsəbə sakinləri yalan vədlərdən bezdiklərini deyirlər: "Şəhərin mərkəzinə ən yaxın qəsəbədə yaşayırıq. 21-ci əsrdir, amma su tapmırıq. Biz qəsəbə olaraq daha gerilərdə qalmışıq. 21-ci əsrə çatmamışıq. Belə şey olar? Bu qədər insanı, neçə illərdir ki, boş vədlərlə aldadırlar. Suraxanı rayonunun icra başçısına, bələdiyyəyə, "Azərsu"ya dəfələrlə şikayət etmişik. Amma faydası olmayıb. Ötən il bir az iş gördülər, sonra saxladılar. 6 aydır ki, iş dayanıb. Nə vaxt şikayət ediriksə, yalandan vədlər verib, yola salırlar".

Aksiya zamanı ərazidə olan icra nümayəndəsi Cəlaləddin Əhmədov aksiyaçılarla görüşüb və problemin tezliklə həll olunacağına söz verib.
Aksiya gedən zaman Suraxanı Rayon Polis İdarəsinin rəisi qəsəbəyə 10 maşın su göndərib. Lakin sakinlər problemlərinin bu yolla həllini istəməyiblər: "5-10 su maşını ilə problem həll olunacaq? Qəsəbədə bir neçə yox, yüzlərlə ailə yaşayır. Bizim evimizə normal su xətti çəkin, suyumuzu verin. Yalançı gözbağlıca şeylərlə bizi aldatmayın. Jurnalistlər çəkiliş apardığı üçün su maşınlarını gətirdilər. Başqa vaxtlarda niyə gətirmirlər?"
Sakinlərin etirazlarından sonra "Azərsu" ASC-nin nümayəndəsi Səid Salayev də sakinlərlə görüşüb.

S.Salayev şikayətçilərə söz verib ki, 1 ay ərzində qəsəbəyə su veriləcək: "Bildiyiniz kimi, Avropa Oyunları yaxınlaşır. Bununla bağlı təmir-tikinti işləri dayandırılıb. Biz də buna görə işlərimizi saxlamışdıq. Bu gün artıq 3 briqadaya tapşırıq vermişəm. Qəsəbənin kənarı ilə düz mərkəzə, məscidin yanına su çəkirik. Yaxın 1 ay ərzində bütün işlər yekunlaşacaq. Su xətti bitdikdən sonra artıq evlərə xətlər çəkiləcək və sayğaclaşma işləri aparılacaq. Bu bir aya müddətində isə hər gün, gündə iki dəfə olmaq şərti ilə qəsəbəyə pulsuz su maşınları gətiriləcək. Əhaliyə su veriləcək".














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.