Qafqaz İnkişaf Bankının rəhbərinin dövlətə 7 milyon borcu qalıb - həbs təhlükəsi var
6-06-2015, 06:48
Azərbaycan Beynəlxalq Bankından götürülən, lakin qaytarılmayan kreditlərə görə bir müddət əvvəl baş tutan həbslər ölkə gündəminin əsas mövzusu oldu. Bildiyiniz kimi, "maliyyə xəyanəti"nə görə bir neçə tanınmış iş adamı və sabiq məmur saxlanıldı. Onların arasında Hacı İbrahim Nehrəmli, Nizami Piriyev, İsfəndiyar Axundov kimi biznesmenlərin də adı var idi.
Bir neçə gün əvvəl isə Beynəlxalq Bank işinə görə həbs edilən iş adamları sərbəst buraxıldılar. Əlbəttə ki, onlar bankdan götürdükləri kreditlərin bir hissəsini geri qaytardılar. Qeyd edək ki, Beynəlxalq Bankın zəmanəti ilə digər maliyyə mənbələrindən milyonlarla manat vəsait almış bəzi kommersiya banklarının rəhbərlərinin də istintaqa cəlb olunması haqda xəbərlər yayıldı. Məlumata görə, Qafqaz İnkişaf Bankının Müşahidə Şurasının sədri, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov da həmin ərəfədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaq işi üzrə dindirilib. Onunla bərabər bankın İdarə Heyətinin sədri Zəki Kəngərlinin də dindirildiyinə dair məlumat var. Deyilənə görə, istintaqçılar Beynəlxalq Bankdan girovsuz alınmış 12 milyon manat kreditin taleyinə aydınlıq gətirmək üçün Eldar İsmayılovu və Zəki Kəngərlini sorğu-sual ediblər. Həmçinin Qafqaz İnkişaf Bankındakı akkreditiv hesablarından xarici ölkələrə köçürülmüş Beynəlxalq Bankın vəsaitlərinin də taleyi araşdırılıb. Məsələ ilə bağlı yayılan başqa bir məlumatda isə bank rəhbərinin 24 milyon manat vəsaiti itirdiyinə dair iddialar var idi. Bildirilirdi ki, həmin epizodla bağlı daha 12 nəfər istintaqa cəlb olunub və müxtəlif adlara sənədləşdirməklə külli miqdarda vəsait ələ keçirilib. Təkcə bir epizod üzrə bir ofisiantın adına 7 milyon manat pul yazılaraq mənimsənilib. Barəsində həbs xəbəri yayılan bank rəhbəri isə məsələyə bu cür münasibət bildirdi: "Digər banklar kimi bizim bank da Beynəlxalq Bankdan kredit götürüb. Bu kreditin ödənilməsi müddəti 2017-ci ildə başa çatır. Məni bununla əlaqədar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət etdilər. Orada əsasən onunla maraqlandılar ki, bizim bank götürdüyü krediti necə qaytarmağa hazırlaşır. Mən də orada izahat verdim. Biz razılaşdıq ki, Beynəlxalq Bankdan götürdüyüm krediti vaxtından əvvəl ödəyək. Bizim Beynəlxalq Bankdan götürdüyümüz kreditin məbləği o qədər də böyük deyil. Faizləri nəzərə almasaq, üst-üstə 9 milyon manat kredit borcumuz var. O pulu da bir neçə dəfəyə götürmüşük. Bu gün o borcdan 2 milyon manatı ödədik. Beynəlxalq Bankdan götürdüyümüz pulları artıq kredit şəklində sahibkarlara vermişik. Onlardan həmin pulları geri qaytarmalarını tələb etmək problem yaradar. Ona görə də alternativ mənbələr axtarırıq ki, Beynəlxalq Bankın xahişinə əməl edə bilək. Əgər bank rəhbərliyi öz borcunu tələb edirsə, bütün borcluların bunu başa düşməsi lazımdır. İndi ağır iqtisadi vəziyyət yaranıb. Bu vəziyyətdə içində olduğumuz gəmini yırğalamaq olmaz. Bizim bank o qədər də böyük deyil. Kredit borclarımızı bağlamağa hər cür imkanımız var. Bizim bank bu vəziyyətdən alnıaçıq çıxacaq və digər banklara nümunə olacaq. Təbii ki, bunun bizim işimizə təsiri olacaq. Bu məbləğ bizdən ötrü böyük məbləğdir. Bu da bizim gələcək planlarımıza öz təsirini göstərəcək". Əldə etdiyimiz məlumatlara əsasən hələlik sərbəst buraxılan bankirə Beynəlxalq Banka qalan 7 milyon borcunu ödəməsi üçün vaxt verilib: "Bu ayın sonuna kimi Qafqaz İnkişaf Bankının rəhbəri kredit borcunun yerdə qalan hissəsini qaytarmasa, yenidən istintaqa cəlb oluna bilər. Bankir borcu həmin vaxta qədər qaytaracağı haqda öhdəlik götürüb. Sözünə əməl etməsə, işi cəncələ düşəcək". Qeyd edək ki, Qafqaz İnkişaf Bankı Açıq Səhmdar Cəmiyyəti Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan, Rusiya vətəndaşlarının, təşkilatlarının, banklarının və müəssisələrinin dəstəyi ilə yaradılıb. Bankın rəhbərinin başı üzərində qara buludlar isə 2012-ci ildən dolanmağa başlayıb. Çünki həmin il Mərkəzi Bank bankların nizamnamə kapitalının minimum həddi 10 milyon manatdan 50 milyon manatadək artırılması haqda qərar verib. Adıçəkilən bankın nizamnamə kapitalı 14,4 milyon AZN təşkil etdiyindən bağlanmaq təhlükəsi ilə üzləşib. Yalnız Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun yardımından sonra Eldar İsmayılov fəaliyyətini davam etdirməyi bacarıb. Hazırda bankın nizamnamə kapitalı 60 milyon manat təşkil edir. \\ Gündəlik Bakı" \\