Kolleçlər rüşvət yuvasına çevrilib - Mikayıl Cabbarov onlarla bacara bilmir

6-06-2015, 07:40           
Kolleçlər rüşvət yuvasına çevrilib - Mikayıl Cabbarov onlarla bacara bilmir
Doğrudan da qəribə nüans yaranıb. Rəhbərlik etdiyi orta ixtisas təhsili müəssisəsinin "qulpunu" illərlə əlindən buraxmayan direktorlar rüşvət əməliyyatlarını artıq yarımleqal müstəviyə köçürüb. Rüşvətxor müəllimləri cəzasız buraxmayacağına dəfələrlə söz vermiş təhsil nazirinin antikorrupsiya siyasəti sanki dalana dirənib.

Baxmayaraq ki, demək olar bütün orta ixtisas təhsili müəssisələrində nəzarət kameraları quraşdırılıb, əksər hallarda bunun görüntü xatirinə edildiyinin şahidi olmaq olar. Digər tərəfdən, tələbəyə imtahan qiymətlərini satan müəllimlər bu məsələdə o qədər icad yaradıcılığına malikdir ki, öz məqsədlərinə istədikləri şəraitdə nail olmağı bacarır. Ona görə də, kolleclərdə rüşvətin kökünün kəsilməsi bir problem kimi, təhsil naziri üçün başağrısına çevrilə bilər. Hörmətli Mikayıl Cabbarov üçün vəziyyətdən çıxış yolunu göstərmək kimi bir məsuliyyətli yükü boynumuza götürmək fikrində deyilik. Sadəcə hamıya gün kimi aydındır ki, onilliklər, bəlkə də daha artıq illər ərzində xirtdəyəcən rüşvət çamuruna batmış heç bir rəhbər belə əməllərdən öz xoşuna əl çəkəsi deyil. Ona görə də, bu məsələdə daha iradəli, daha qəti addımlar atılmalıdır. Yeni dərs ilinə qədər "köhnəlmiş" kollec direktorları gənc və enerjili kadrlarla əvəz edilməlidir. Söylədiklərimizin təsdiqi kimi buyurub öyrəşdiyimiz kollec modelinə nəzər salın. Bu köhnə modelə nə qədər kosmetik dəyişikliklər edilsə də, düzələn deyil. Çünki, zamanını yaşayıb. Rəhbərliyin uzun illəri ərzində direktorun əlində cəmləşdirdiyi kollecdaxili və kollecdənkənar səlahiyyətlərin onun şəxsi ambisiyalarına xidmət etmədiyini düşünmək sadəlövhlük olardı. Belə situasiyalar əksər kolleclərdə hökm sürür. Bu gün kollec direktorunun ciddi rejimli idarəçiliyində yenilik etməyi düşünənlərə meydan verilmir. Neyləyəsən, bizlərdə bəzən elə bilirlər ki, vəzifə adama dədə-babasından miras qalıb. Bu biabırçı nümunənin ən böyük zərbəsi isə gənc kadrlara dəyir. Köhnə direktorun əl quzusuna çevrilmiş kadrları isə əksəriyyəti sözəbaxan və təcrübəsizlərdir. Bizim orta statistik kollec direktorunun təcrübi "məhsulu" olan bəzi hegemonluqların əsas fəaliyyət dairəsinin rüşvətə yox deyən müəllim və tələbələrin şantaj yolu ilə susdurulmasından ibarət olduğunu da düşünürlər. Tələbələrin cibinə girməyi öz şəxsiyyətinə sığışdırmayan müəllimlərə, daha doğrusu həqiqi ziyalılara qarşı təzyiqlər də direktorların "fətvası" ilə gerçəkləşdirilir. Bu gün orta ixtisas təhsili müəssisələrinin mütləq əksəriyyətində tələbələrin rüşvətsiz imtahan verdiyini söyləyənlərə acı-acı gülənlər az deyil. Bu yarıtmazlığa bir sıra spesifik çatışmazlıqları da əlavə etmək olar. Sinif jurnallarının bərbad vəziyyətdə olması, əməkhaqqı ödənişində yaranan müəmmalı fasilələr, tələbələrin dərsə davamiyyətindəki boşluqlar, ödənişli təhsil sektorunda baş alıb gedən pulgirlik halları barədə fikirlərini bizimlə bölüşənlərin bu narahatlığına son qoyulacağına inanmaq istərdik. İnanırıq ki, təhsil naziri də buna çalışır. Hər halda Mikayıl Cabbarov gec-tez kadr islahatına rəvac verməli olacaq. Müxtəlif vasitələrlə yuxarılardan "xeyir dua", yəni səlahiyyətlər almağa müvəffəq olmuş rüşvətxor kollec direktorlarının gələcək aqibəti ilə bağlı əldə etdiyimiz ən son xəbərləri eşitdikdə, bizlərdə belə inam yarandı ki, vəziyyətin düzələcəyinə ümid etmək olar.

Yoxsa, vəzifədə oturuşmuş "kötüklərlə" heç kim bacara bilməyəcək. Hər halda, bir sıra inkişaf etmiş ölkələrdə oxşar vəziyyətdən çıxmaq üçün ya orta ixtisas təhsili müəssisələri özəlləşdirilir, ya da, radikal kadr islahatlarına start verilir. Bu məsələnin hazırda Təhsil Nazirliyində müzakirə edilən prioritet məsələlərdən biri olduğu bildirilir. Odur ki, yaxın bir neçə ayda kolleclərlə bağlı sərt qərarlar qəbul ediləcəyini düşünmək olar.

P.S. Deyirlər Bakıda yerləşən kolleclərdə "sezon” başa çatdı, inanmırsınız Ənvər müəllimdən soruşun. Ənvər müəllimin rüşvətxor qudası və onun həbsdən azad edilməsi üçün etdiyi çabalar haqqında oxuyacaqsınız. \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.