Azərbaycanda turizmin utanc teri : “ŞIX” sanatoriyasında Baş verən biyabrçılılıq
Bu gün, 12:21

Moskvalı turistin “Şıx” sanatoriyasında rastlaşdığı rüsvayçılıqlar ölkəmizdə turizm mədəniyyətinin faciəvi mənzərəsini ortaya qoyur
DogruXeber.az: - Redaksiyamıza müraciət edən Rusiya Federasiyasının Moskva şəhərində nəqliyyat şirkətlərindən birində çalışan, əslən Bakı şəhərindən olan Rusiya vətəndaşı Usmanova Albina Rafailovna bu ilin iyul ayında həyat yoldaşı Sergey ilə birlikdə Azərbaycana istirahət məqsədilə səfər etdiyini və xüsusi olaraq “Şıx” sanatoriyasını seçdiklərini bildirir.
Səbəb isə sadə idi: internetdə sanatoriya haqqında verilmiş məlumatlar: Bakı şəhərinə yaxın ərazidə yerləşən, balneoloji profilli, termal su vannaları, yüksək ixtisaslı tibbi xidmət, milli və Avropa mətbəxi, komfort otaqlar və sanatoriyadan təşkil olunan ekskursiyalar.
Lakin, Albina Rafailovnanın sözlərinə görə, bu vədlərin heç biri gerçəkləşməyib. Onların gözlədiyi istirahət kabusa çevrilib.
Tibbi xidmətin adına ləkə: sistemsizlik, savadsızlıq, saymazlıq
Albina xanım bildirir ki, gündəlik 280 manatlıq ödəniş qarşılığında aldığı tibbi xidmət tamamilə qəbuledilməz olub. Belə ki, 10 gün ərzində ona cəmi 4 dəfə masaj və 2 dəfə fonoforez fizioterapiya, həyat yoldaşına isə yalnız vanna proseduru təyin olunub. Onların müalicə həkimi Tələt adlı şəxs prosedur əlavə olunması ilə bağlı müraciətə qeyri-ciddi yanaşaraq qeydiyyatçıya, qeydiyyatçı isə onları təkrar həkimə yönləndirib. Bir sözlə, pasiyenti bürokratik labirintə salmaqla məsələ ört-basdır edilib.
“Şved stolu” adı altında biabırçılıq: məhkumlara norma ilə verilən yemək kimi
Qidalanma isə başqa bir faciə. Yeməklərin dadı yox idi, keyfiyyətsiz, sanki, köhnəlmiş məhsullardan və kimyəvi qatqılardan hazırlandığı hiss olunurdu. “Şved stolu” adı altında isə insanlara sayla, porsiya ilə yemək verilir, xəstə bir az artıq istəyəndə isə sanatoriyanın işçiləri "normanızdan artıq götürə bilməzsiniz" deyə az qala danlayırdılar. Bu davranış turistlərə qarşı hörmətsizlik deyil, açıq-aşkar alçaltmadır.
Ən böyük şok: Vannalarda termal su əvəzinə neft quyularından gələn plast suyu
Lakin ən qorxunc mənzərə, Albina xanımın dediyinə görə, gecə saatlarında sanatoriyanın həyətində şahidi olduqları olub. Onlar görürlər ki, köhnə, sınıq-salxaq, pastlanmış çənli bir su maşını sanatoriya həyətinə daxil olur və mazut və kanalizasiya iyi verən qaranlıq mənşəli suyu həyət hovuzuna boşaldır.
Bu su, səhəri gün vannalarda “termal su” adı ilə pasiyentlərə təqdim edilir! Sanatoriyanın ərazidəki işçiləri və sürücü utanmadan etiraf edirlər ki, bu su “yaxınlıqdakı neft buruqlarından gətirilən plast suyudur.”
Belə çıxır ki, pasiyentlərə, o cümlədən yaşlı və ürək-damar problemi olan turistlərə qatı tərkibli, zərərli, ağır metallar, fenollar, radionuklidlərlə zəngin, bir sözlə insan sağlamlığı üçün ciddi təhlükə daşıyan və müalicəvi və ya məişət məqsədilə istifadə olunması qəti qadağan olunan
lay suları ilə vanna təyin edilir. Bu isə artıq təkcə etik və sanitar pozuntu deyil, bu cinayət və beynəlxalq səviyyədə AZƏRBAYCANIN İMİCİNƏ ZƏRBƏDİR.
Təmizlik yoxdur, ekskursiya yoxdur, xidmət sıfır
Albina xanım qeyd edir ki, 9 gün ərzində qaldıqları otaq yalnız 2 dəfə, o da dəfələrlə tələb etdikdən sonra təmizlənib. Ətrafdakı kafe və restoranlardan gələn tüstü və pis qoxular səbəbilə pəncərə açmaq mümkün olmayıb, təmiz hava əvəzinə nəfəs almaq da əzaba çevrilib.
Saytda qeyd olunan ekskursiyalar da təşkil olunmayıb, təkcə bir prosedurdan digərinə göndərilən turistlərin bədənləri yox, əsəbləri müalicə olunub.
Pulun geri qaytarılması? Yox, bu mümkünsüzdür
Sanatoriyada qalmaq planlaşdırılan 10 günün sonuna yaxın – 8-ci gün onlar vannalara verilən suyun zərərli və mənşəyi bilinməyən olduğunu öyrəndikdən sonra vaxtından əvvəl ayrılmaq qərarına gəlirlər. Amma qaytarılmayan bir günlük ödənişin geri verilməsi tələbi də rədd edilir. Üstəlik, onlara təqdim olunan qayda sənədi yalnız Azərbaycan dilində təqdim olunur, rus və ya ingilis dilində versiyası isə yoxdur.
Təkcə onlar yox – başqa ölkələrdən gələn turistlər də şikayətçidir
Albina xanım bildirir ki, sanatoriyada Qazaxıstan, Özbəkistan, Türkiyədən gəlmiş digər turistlər də şikayət edir, narazılıqlarını bildirirlər. Özləri ilə eyni vaxtda orada olan özbək əsilli, Türkiyədə yaşayan turistlərdən biri də narazılıq edib.
Nəticə: Şok, məyusluq, xəcalət
Albina Rafailovna sonda bildirir:
“Mən bu ölkənin vətəndaşı olmuşam. 30 ildən sonra ilk dəfə vətənimə gəlirdim. Məni burada gözləyənlər təhqirə bərabər münasibət, fırıldaqla termal adı ilə təqdim olunan neft quyusundan çıxarılan plast suyu, keyfiyyətsiz yemək və alçaldıcı münasibət oldu. Hər kəs bilsin: bu cür “sanatoriyalar” Azərbaycan turizmini yox, xalqını utandırır.”
Azərbaycan Respublikasında turizmin inkişafına dövlət səviyyəsində milyonlarla vəsait ayrıldığı halda, belə “sanatoriyalar” həm ölkənin imicinə zərbə vurur, həm də vətəndaşların sağlamlığı ilə oynayır. Məsul qurumları – AHİK, "Kurort" QSC, Səhiyyə Nazirliyi və Prokurorluğu – təcili tədbir görməyə çağırırıq.
Bu məsələ redaksiyamız tərəfindən diqqətdə saxlanılır.//neqativ.com